Yenə bir Ramazan və böhranların həlli üçün çırpınan Türkiyə

Dünyanın gedərək idarəedilməz bir prosesə girdiyi, terrorla, daxili münaqişə və müharibələrlə səbatsızlıqlara yuvarlandığı bir vaxtda rəhmət və məğfirət ayı Ramazanı yenə dünyanın qan sızan yarası olan Qəzzadan gələn şəhid xəbərləri ilə qarşıladıq.

Yenə bir Ramazan və böhranların həlli üçün çırpınan Türkiyə

Dünyanın gedərək idarəedilməz bir prosesə girdiyi, terrorla, daxili münaqişə və müharibələrlə səbatsızlıqlara yuvarlandığı bir vaxtda rəhmət və məğfirət ayı Ramazanı yenə dünyanın qan sızan yarası olan Qəzzadan gələn şəhid xəbərləri ilə qarşıladıq.

 İsrailin yaradılmasının, təxminən 750 min fələstinlinin isə çox əzablı bir şəkildə vətənlərindən sürgün edilməsinin, öz torpaqlarında qaçqın vəziyyətinə düşməsinin ildönümündə zülmləri ilə sülhü diktə etməyə çalışanlar yenə iş başındaydılar.

Qüdsün Statusu

Əsrlərdir bütün İbrahimi dinlər üçün müqəddəs olan Qüdsə boş yerə xüsusi status verilməyib. Dünyanın bütün dövlətlərinin Qüdsü heç bir dövlətin paytaxtı olaraq qəbul etməməsinin və Qüdsdə heç bir dövlətin səfirliyinin olmamasının bir səbəbi vardır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 1947-ci il tarixli 181 saylı qərarında  Qüds üçün  BMT idarəsində beynəlxalq bir rejim nəzərdə tutulurdu. 1948-ci ildə yaradılan İsrail əvvəl Qərbi Qüdsü, 1967-ci ildəki 6 Gün Müharibəsində isə Şərqi Qüdsü işğal etdi. BMT Təhlükəsizlik Şurası Orta Şərqdə ədalətli və davamlı bir sülhün təmin olunması üçün zəruri bildiyi prinsipləri ortaya qoyduğu 242 saylı qərarında İsraili 1967-ci il müharibəsi zamanı işğal etdiyi əraziləri tərk etməyə çağırsa da, o tarixdən bu günədək İsrail Qüdsü parlamentinin və nazirliklərinin yerləşdiyi faktiki paytaxtı olaraq görür.

İsrail 1980-ci ildə çıxardığı Qüds Qanunu ilə Qüdsü bölünməz paytaxt olaraq elan etdiyində bu qərar BMT TŞ-nin 478 saylı qərarı ilə qınandı, Qüdsdə diplomatik nümayəndəliyi olan ölkələrdən nümayəndəliklərini Tel-Əvivə köçürmələri tələb olundu. Şuranın daimi üzvü ABŞ səsvermədə iştirak etmədi, lakin qərara veto qoya bilmədi. O gündən etibarən Qüdsdə səfirlikləri yerləşən Boliviya, Dominikan Respublikası, Ekvador, Qvatemala, Haiti, Hollandiya, Kolumbiya, Panama, Çili, Uruqvay və Venesuela diplomatik nümayəndəliklərini Tel-Əvivə köçürməyə başladılar. 2006-cı ildə El Salvador və Kosta Rikanın da səfirliklərini Qüdsdən Tel-Əvivə geri köçürməsi ilə şəhərdə heç bir səfirlik binası qalmadı.

ABŞ Nə Etməyə Çalışır?

 1995-ci ildə ABŞ Konqresi BMT TŞ-nin 478 saylı qərarına zidd olaraq Qüdsü İsrailin paytaxtı olaraq elan edən və İsraildəki  səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini nəzərdə tutan Qüds Səfirlik Qanununu (Jerusalem Embassy Act of 1995) çıxartdı. Qanunda Qüdsdəki  səfirliyin 1999-cu ilin may ayına qədər qurulmasının vacibliyi qeyd olunurdu, lakin köçürülmə bu günə qədər bütün prezidentlər tərəfindən məsələnin həssaslığı və Orta Şərq məsələsində yol açacağı mənfi nəticələr nəzərə alınaraq mütəmadi şəkildə təxirə salınırdı.

 6 dekabr 2017-ci ildə, Osmanlı ərazilərində yəhudilərin milli dövlətlərinin qurulmasını vəd edən Balfur Bəyannaməsindən düz 100 il sonra ABŞ-ın 45-ci prezidenti Donald Trump Tel-Əvivdəki ABŞ səfirliyinin köçürülməsi barədə qərar qəbul etdiyini açıqladı. Bu açıqlama Orta Şərq sülh prosesinə və bölgənin ehtiyacı olan sabitlik mühitinə verəcəyi zərərlər baxımından tarixi, və bir o qədər də uğursuz bir bəyanat idi. Bu köçürülmə sadə bir yer dəyişikliyi deyil, işğala beynəlxalq legitimlik qazandırma cəhdinin bir hissəsi idi.

 ABŞ regionda gərginliyi artıracağını, münaqişələrə səbəb olacağını bilə-bilə beynəlxalq cəmiyyətin bir səslə "yox" dediyinə "hə" deyərək, dünyanın gözü qarşısında beynəlxalq hüquqa açıq şəkildə zidd qərarını həyata keçirdi, İsraildəki Səfirliyini Qüdsə köçürdü.

Bu qərar fələstinlilər üçün ayırma hasarı və mühasirə ilə eyni mahiyyət daşıyan bir hadisə oldu.  Beynəlxalq ictimaiyyətin sərt reaksiyasına baxmayaraq, geri addım atmayan ABŞ-ın bu həmləsi təbii olaraq fələstinlilər tərəfində ədalətsiz davranış kimi qəbul edildi və bu, onların qəzəbinə səbəb oldu. Nəticədə mülki itaətsizlik və passiv müqavimət yolları ilə haqq və ədalət çağırışı edən minlərlə vətəndaşa qarşı yenə güc tətbiq olundu, zülm edildi, qanlar axıdıldı və göz yaşları selə döndü. Fələstinlilər beynəlxalq ictimaiyyət və medianın gözü qarşısında İsrail polisi tərəfindən  şəhid edildilər, minlərlə insan da yaralandı. İsrail dövlətinin yaranmasından sonra qətliama məruz qalan, ev-eşiyindən və torpaqlarından zorla və hiylə ilə didərgin salınan, öz torpaqlarında qaçqın, hətta vətənsiz hala gələn fələstinlilər üçün "böyük fəlakət" mənasına gələn "Nekbe"dən 70 il keçir. Lakin "Nekbe"nin  bütün ağırlığı ilə hələ də davam etdiyi bir daha bütün çılpaqlığı ilə gözlər önünə sərildi.

Ora Şərqdəki Yanğına Su Daşıyan Türkiyə

 İslam Əməkdaşlıq Təşkilatının dönəm sədri kimi cənab prezidentimizin dəvəti ilə 18 may 2018-ci il tarixində toplanan Qüds Sammiti bu ağlasığmaz və qeyri-hüquqi hərəkətlərə  "dayan" deyilməsi baxımından olduqca vacib idi. Bütün dünyada əks-səda yaradan sammit bir çox regional və beynəlxalq təşkilatın edə bilmədiyini etdi. Türkiyənin həssaslığı və humanitar məsələlərdə liderliyi sayəsində Qüdsün statusunun şüursuz və qeyri-hüququ  xarakterli  davranışlarla dəyişdirilməyəcəyi bir daha ortaya qoyuldu.

 Türkiyə atılan bu addımların ilk növbədə, İsrailin zərərinə olduğunu, BMT-nin qurulduğu gündən etibarən açılmayan Fələstin düyününün həllinə xidmət etməyəcəyini, əksinə, problemi daha da nizamsız hala gətirəcəyini və bölgəni yenə atəş ocağına çevirəcəyini hər zaman olduğu kimi yenə dilə gətirdi. Bölgədə sülhün tam şəkildə bərqərar olması, münaqişələrin və böhranların qarşısının alınması üçün ən böyük səy sərf edən və fədakarlıq göstərən ölkə Türkiyə idi. Təəssüf ki, bu səylər layiqincə təqdir edilmədi və sülh ümidləri boşa çıxarılmağa davam etdirildi.

Məzlumların ağrı-acısını unutdurmaq üçün göndərilən “Mavi Mərmərə” gəmisində günahsız və silahsız insanlar qətlə yetirildilər. Baş verənlərin ağrı-acısı keçmədən sırf fələstinlilərə qarşı təzyiqin azaldılması üçün Türkiyə  İsrailə təzminat və üzrlə böhranı həll etmək fürsətini təqdim etdi. Lakin bu dəfə də  böhtanlarla, qara təbliğatlarla yardımların qarşısı alınmağa çalışıldı. Müharibədən əziyyət çəkən insanlara bombaların altında isti yemək çatdırılarkən: "Yeməklər ehtiyacı olanlara deyil, terrorçulara çatdırılır" şəklində böhtanlar atıldı.

 Sağlam ailələrin qurulduğu, insanların radikallaşmadığı nizamlı bir cəmiyyətdə asayişin, əmin-amanlığın və sülhün bərqərar edilməsi üçün çalışan və 4000 gəncin yuva qurmasını təmin edən TİKA terrorçulara dəstək olmaqda günahlandırıldı.

 Sağlam düşüncə ilə yanaşılsa, Türkiyənin yardımlarının əslində, təzyiqin və böhranların mənfi təsirlərini azaltdığı görünər. Türkiyə bütün bunlara baxmayaraq, bölgədə əmin-amanlığın və sülhün bərpası üçün motivasiyasını itirmədən fəaliyyətini davam etdirir. Bu Ramazan ayında da yaralılara evlərində  səhiyyə xidməti göstəriləcək, Qəzzaya dərman və tibbi ləvazimatlar çatdırılacaq, Ramazan ayı boyunca hər gün 1000 ailəyə,  təxminən 200 min insana isti yemək paylanacaq və 12 min ehtiyacı olan ailəyə qida yardımları veriləcək. Təcili humanitar yardımlarla Qəzzada getdikcə pisləşən humanitar vəziyyətin bir az da yaxşılaşdırılması məqsədi güdülür, uzun müddətə hesablanmış inkişaf yardımları isə Fələstin xalqının rifahının artırılmasına töhfə verəcək.

Türkiyənin bu səyləri ədalət və sülh üzərində qurulacaq iki dövlətli bir çözümü dəstəkləyərək əslində, müəyyən mənada, həm İsrailin bölgədəki mövcudluğuna dair legitimlik axtarışlarına cavab verir, həm də İsrail xalqına dəstək olur. İsrail ayıran divarlarla, mühakiməsiz edamlarla, silah və bombalarla fələstinliləri yox etməyə çalışaraq deyil, dövləti ədalətlə, mərhəmətlə idarə edərək legitimliyi təmin edəcəyini artıq görməlidir.

Böhranlara son qoyulması üçün çırpınan bir Türkiyə

  Ədalət və mərhəmət dəyərlərini qorumağı tarixi missiya və dövlət ənənəsi olaraq mənimsəmiş Türkiyə din, dil və irqi ayırmadan həmişə zülmün qarşısında, məzlumun yanında yer alıb. Bunun saysız nümunəsini tarixdə görmək mümkündür.

  1492-ci ildə 200 minə yaxın yəhudi İspaniyada təzyiq və zülmdən qaçaraq Osmanlıya sığınmış, rahatlıq və etibarı bu torpaqlarda tapmışlar. Üstəlik Osmanlı imperiyasında yəhudilər cəmiyyət və dövlətdə əhəmiyyətli vəzifələrdə çalışıblar. Bənzər nümunələri respublika tarixində də görmək mümkündür. Türkiyə yəhudilərin İkinci Dünya Müharibəsi zamanı faşist zülmündən qorunması üçün əlindən gələn cəhdi göstərmişdir. Dövrün Marsel konsulu Necdet Kent faşist işğalı altındakı Fransada yaşayan və Almaniyanın toplama düşərgələrinə göndərilməyə hazırlanan bir çox yəhudiyə, öz həyatını təhlükəyə ataraq, Türkiyə pasportu çıxarmış və onları ölümdən xilas etmişdir. Yenə eyni dövrdə Türkiyənin Rodosdakı baş konsulu vəzifəsini icra edən və “Türk Schindler”i adlandırılan Selahattin Ülkümen Almaniya ilə Türkiyə arasında böhran çıxmasını gözə alaraq Rodos adasından toplama düşərgələrinə aparılan Türkiyə yəhudilərini alman generala təslim etməyib. Tarixdəki bu nümunələrə baxarkən Türkiyənin bugünkü səyi daha yaxşı başa düşülməlidir.

  Olduğu məkanda ayrılmaz bir parça olan Türkiyənin sülh və sabitliyi təmin etmək səylərinin qiyməti düzgün dəyərləndirilməlidir. Bu gün bir qarşıdurma və qeyri-sabitlik mərkəzi hesab edilən bölgə 400 il ədalətlə idarə edən və fərqli din və etnik mənsubiyyətli insanların sülh və əmin-amanlıq içərisində yaşamasını təmin etmiş Osmanlı imperatorluğu ərazisi olub. O irsin daşıyıcısı olan bugünkü Türkiyə dövləti həqiqətən regionun bu gün içində olduğu qarşıdurma və qeyri-sabitlik probleminin həllinə çox mühüm töhfələr verəcəkdir.

  Türkiyənin məqsədi heç bir zaman başqa ölkələr üzərində hökmranlıq qurub onları saxlamaq və öz eqoist maraqlarını reallaşdırmaq olmamış, əksinə, öz milli sərhədləri xaricindəki insanlar üçün də dünyanın ədalətli və yaşamalı yer olmasını təmin etməkdir. Beləliklə, Türkiyə 80 milyonu ilə deyil, 7 milyard yarımı maraqlandıran qlobal bir hədəfə ünvanlamışdır. Bu mövzudakı səmimiyyətini yaxınlarda Myanma və Banqladeşdə göstərmişdir. Arakanda qətliama məruz qalan və Banqladeşə sığınan yüz minlərlə məzluma Türkiyə minlərlə kilometr uzaqdan qucaq açdı. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan böhranın yarandığı ilk gündən etibarən intensiv diplomatiya yolu ilə dünyanın diqqətini yaşanan bu insan zülmünə çəkməyə çalışdı, regiona öz ailəsini göndərərək Türkiyənin yardımlarını çatdırdı. Banqladeşə sığınaraq düşərgələrdə yaşamağa başlayan yüz minlərlə qaçqına TİKA-nın isti yemək yardımları hər gün verilməyə davam edir. Türkiyənin 5.500 kilometr kənardan bu yardımları etməklə öz mənfəətini həyata keçirməyə çalışdığını kim deyə bilər? Türkiyənin səyi öz maraqları uğrunda dünya getdikcə idarəolunmaz hala gətirənlərə “dur” deməkdən başqa bir şey deyil.

Türkiyə-İsrail münasibətləri

  Türkiyə Cümhuriyyəti İsraillə olan diplomatik əlaqələrini bölgə sülhünə və sabitliyinə töhfə verəcək səylərin mühüm bir parçası olaraq görür. İsrailin bölgə ölkələrilə yaşadığı müharibələr və gərginlikləri düşündükdə əlaqələrinin sağlam davam etdirilməsi İsrailin bölgədə yalnızlaşmasının da qarşısını alır.

  Fələstində baş verən hər böhranlı hadisədən sonra Türkiyə-İsrail münasibəti gərginləşir. Türkiyənin həssaslığı və humanitar davranışı İsrail hökumətinin xoşuna gəlmir və bu vəziyyət iki ölkə arasındakı diplomatik əlaqələrə də təsir edir. Qəzzada baş verən axırıncı böhrandan sonra da səfirlərin bir müddət ölkələrinə qayıtması diplomatik əlaqələrin səviyyəsinin necə olacağını sual altına qoymuşdur. Səfirlərin qarşılıqlı olaraq bir müddət geri çəkilməsi bəlkə doğru addımdır, ancaq diplomatik münasibətlərin qoparılması baş verən hadisələrdən əziyyət çəkən fələstinlilərə yeni sanksiya anlamına da gəlir. Mavi Mərmərə hücumundan sonra yaranan 6 illik gərginlik qarşılıqlı səfirlərin təyin olunmasını təmin edən müqavilə sayəsində yumşaldı: yeni başlayan diplomatik əlaqələr, hər şeyə rəğmən, Türkiyənin Fələstin məsələsinə töhfə verməsi və yardımlarını ehtiyac sahiblərinə çatdırmasını asanlaşdırdı.

  Məlumdur ki, Qüds işğal, Qəzza blokada, Qərbi İordaniya isə mühasirə altındadır. Fələstinə çıxış yolları, ümumi hüquqi bir şəkildə də olsa, İsrailin nəzarətindədir. Bu məqamda hissdən uzaq durulmalı, məntiqli şəkildə hərəkət edərək problemləri dərinləşdirəcək addımlardan çəkinilməlidir. Hər iki ölkənin qurumları da bununla əlaqədar koordinasiya içində hərəkət etməli, diplomatik missiyalarını yerinə yetirib meydanda fəallıq göstərməlidir. Bu baxımdan TİKA ofisi məşvərət rolunu oynaya bilər.

  İsrail rəhbərliyi, bu günə qədər heç etməsə də, artıq beynəlxalq cəmiyyətin səsinə qulaq verməli və fələstinlilərə tətbiq etdiyi bu zülmü dayandırmalıdır. Tarixdə ən çox sürgünə uğramış yəhudi millətinin nümayəndələri keçmişdə yaşadıqları ağrıların eynisini bu gün başqalarına yaşatmamalıdır. Bununla İsrail böhranı dərinləşdirən, insanları təhrik edən və regionu qeyri-sabitliyə sürükləyən bir ölkə olaraq "vasitəçi" rolu oynaya bilməyəcəyini də göz önünə qoyur. 100 ildir sülhə həsrət qalan Qüdsdə keçmişdə olduğu kimi yenə müxtəlif inanclara məxsus insanlar sülh və əmin-amanlıq içində yaşamalıdır.

  Şübhəsiz, insanların azad və təhlükəsiz hərəkət etməsi, ticarətin canlanması üçün bir gün hər bölgəyə sülh gələcək. TİKA-nın missiyası da getdiyi yerlərdə mövcud iqtisadi inkişaf bazasını gücləndirərək sülh və əmin-amanlıq mühitini qorumaq, pozulan yerlərdə isə rejimin yenidən təsisi üçün çalışmaqdır.

 



Әlaqәli Xәbәrlәr