• Video Qalereya

Qlobal Qüvvələrin Suriyada Mübarizəsi

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun əməkdaşı Can Açunun analitik yazısı

Qlobal Qüvvələrin Suriyada Mübarizəsi

Hazırda regional və qlobal qüvvələrin Suriyadakı mübarizəsi ölkədəki vətəndaş müharibəsinin qarşısına keçib. Əsəd rejiminin 2011-ci ildə cəmiyyətin  tələblərini rədd edərək, ölkəni demokratikləşdirmək əvəzinə müharibəyə sürükləməsi Suriya məkanının bir sıra regional və qlobal aktyorlar üçün mübarizə meydanına çevrilməsinə səbəb oldu. Döyüş meydanına dönən Suriya bir tərəfdən toqquşan daxili məsələlər və terror problemi ilə boğuşur. Digər tərəfdən regionda ölkələr arasında proksi müharibələr davam edir. Rusiya, ABŞ, Böyük Britaniya və Fransa kimi qlobal aktyorlarla yanaşı, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər, İsrail kimi regional aktyorlar da Suriyada fəaldırlar.

Qlobal və regional aktyorlar Suriyadakı məqsədlərinə çatmaq üçün bir çox proksi faktorlardan istifadə edirlər. Rusiya Əsəd rejiminə İranla birgə havadan və qurudan dəstək verir, diplomatik və maddi dəstəyi də əsirgəmir. Bunlara əlavə olaraq, bir çox rus muzdlu hərbçisi də Suriyada xidmət edir. İran isə maddi və hərbi dəstək verməklə yanaşı, Suriya ərazisinə həm suriyalı, həm də əcnəbi mənşəli milisləri yerləşdirir.  Bunların arasında livanlı Hizbullahı, əfqan Fatimiyyun hərbi briqadasını, iraqlı Nuceba Hərəkatını və pakistanlı Zeynebiyyun hərbi briqadasının adları çəkilə bilər.  İran Suriyada yalnız proksi  faktorlardan deyil, eyni zamanda,  özünün İnqilabi Qvardiyasının qüvvələrindən də istifadə edir. Rusiya və İranın Suriyanın bir çox yerində hərbi bazaları və istifadə etdikləri hava limanları mövcuddur.

 Başqa bir cəbhəni isə ABŞ, Fransa və İngiltərə yaradır. Qərb Blokunun yaratdığı cəbhə DAEŞ ilə mübarizə adı altında YPG terror təşkilatına sərmayə qoyur. Bu blok YPG-nin rəhbərliyi altında yaradılan Suriya Demokratik Qüvvələri ilə şimal-qərbi Suriyadakı Münbicdən cənub-şərqdəki Əbu Kamala qədər uzanan bir xəttə nəzarət edir. ABŞ və Fransanın bu sahədə 25-ə qədər hərbi bazası mövcuddur. Bu bazaların arasında 2 hava meydanı da Qərb Bloku tərəfindən istifadə edilir. Həmçinin İngiltərə və ABŞ-ın Suriyanın cənubundakı Tenef bölgəsində 2 bazası var. Bu regionda isə Magavir əl Savra adlı bir təşkilatlanma ilə hərəkət edirlər. Səudiyyə Ərəbistanı Suriyada uzun müddət Suriya müxalifətini dəstəklədi, son dövrdə YPG-nin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrini dəstəkləməyə başlayıb. Bundan başqa, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı Ərəb ölkələrinin Suriya Demokratik Qüvvələri tərəfindən nəzarət edilən bölgələrə hərbçilər yerləşdirdikləri barəsində söhbətlər gedir.

Digər bir cəbhəni isə Türkiyə yaradır. Türkiyə İdlib bölgəsindəki deeskalasiya zonasına nəzarət etmək üçün 9 müşahidə məntəqəsi yaradıb. Bu məntəqələrin sayının 12-yə çatdırılması nəzərdə tutulur. Türkiyə, eyni zamanda, "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatları  ilə DAEŞ və YPG terror təşkilatlarından azad olunan ərazilərdə hərbi varlığını davam etdirir. Artıq Suriya xalqı üçün təhlükəsiz bölgə olan Afrin, Azez, Əl-Bab və Cerablus bölgələrində Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin təlim keçdiyi  Suriya Polis Təşkilatı asayişi təmin edir. Suriya Polis Təşkilatı Suriya müxalifətinin qurduğu və beynəlxalq aləmdə qəbul olunan Suriya Müvəqqəti Hökumətinə tabedir. Yaradılan Milli Ordu da Suriya Müvəqqəti Hökumətinin tabeçiliyindədir. Qətər isə "Qətər Böhranı"ndan əvvəl Suriya müxalifətini yaxından dəstəkləyirdi, lakin mühasirədən sonra Qətərin Suriyadakı təsir dairəsi azalıb.

 Aktyorlardan biri də İsraildir. İsrail 1967-ci ildə beynəlxalq hüquqa zidd olaraq ilhaq etdiyi Holan təpələri ilə Suriyanın ərazisini qəsb etmişdi. 2011-ci ildə başlayan müharibədən sonra isə İsrail Holan təpələrindəki hakimiyyətini daha da möhkəmləndirdi. İranın proksi faktorlarının Suriyada artması və Hizbullahın Suriya sahəsində güclənməsinə görə narahat olduğunu bildirən İsrail zaman- zaman Suriya daxilində İran və Hizbullah hədəflərinə qarşı hava hücumları həyata keçirir.

 Əsəd rejiminin 2011-ci ildə xalqın tələblərini qəbul etməyib, ölkəni müharibəyə sürükləməsindən sonra Suriya qlobal və regional qüvvələrin mübarizə meydanına çevrildi. Milli suverenliyini itirən Suriyanın bir neçə fərqli təsir sahələrinə bölündüyünü söyləmək mümkündür. Lakin Suriya sahəsində cərəyan edən müharibəni qlobal və regional qüvvələrin mübarizəsi səviyyəsinə endirmək də düzgün deyil. Suriyada hələ də davam edən vətəndaş müharibəsinin olduğu unudulmamalıdır.



Әlaqәli Xәbәrlәr