Türkiyənin 32-ci parlament və ilk prezident seçkisi

Türkiyədə seçkilərlə ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik.

Türkiyənin 32-ci parlament və ilk prezident seçkisi

Qlobal perspektiv_17 (25.04.2018)

  Türkiyə 24 ıyun 2018-ci ildə tarixinin 32-ci parlament və ilk prezident seçkisinə gedir.

  Türkiyə ilk Milli Məclis seçkisini Osmanlı dövləti dövründə 1876-cı ildə həyata keçirib. Ondan sonra 6 dəfə seçki olub, 1878, 1908, 1912, 1914 və 1919-cu illərdə.

  Cümhuriyyət dövründə isə 6 dəfə təkpartiyalı olmaqla 25 dəfə Milli Məclis seçkisi keçirilib, 1923, 1927, 1931, 1935, 1939, 1943-cü illərdə. Çoxpartiyalı siyasi sistemin başladığı 1946-cı ildən bu günə qədər isə 19 dəfə Parlament seçkisi olub, 20-cisi 24 iyun 2018-ci ildə keçiriləcək. Bu həm də Türkiyədə 1876-cı ildən 142 il ərzində, bütün seçkilər daxil olmaqla, 32-ci seçki sayılır. Çevrilişlər zamanı seçkilərin olmaması isə ayrı mövzudur.

  Türkiyədə seçkilərlə ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

Türkiyədə müxtəlif seçki dövrləri.

  Şübhəsiz ki, hər bir seçki dövrünün özünəməxsus xüsusiyyətləri var. Osmanlı zamanı keçirilən seçkilərdə padşahlıq, xilafət və şeyhülislamlıq ön düşüncələr idi. Türkiyə demokratiyaya xilafət və şeyhülislamlıq qurumlarının mövcud olduğu bir dövrdə keçdiyi üçün ölkədə İslam və demokratiyanın bir-birinə uyğun olub-olmaması çox da müzakirə edilməyib.

  1923-1943-cü illər arasında keçirilən seçkilər tək partiyalıdır. Osmanlı dövründə müxalifət partiyalarına icazə verilməsə də, seçki ənənəsinin başlaması belə əhəmiyyətli idi.

  Türkiyə çoxpartiyalı siyasi sistemə əsasən 1946-cı ildən keçib. Ona görə 1876-1943-cü illər arasında olan seçkilər ikinci, 1946-cı ildən bu günə qədər olanlar isə birinci (tək) dərəcəli seçkilər sayılır. İkinci dərəcəli sistem bu gün ABŞ-dakına bənzər bir sistemdir. Bu sistemdə seçicilər ikinci seçiciləri, ikinci seçicilər də deputatlarını seçirlər. İkinci dərəcəli sistem, əslində, ümumi səsverməyə etimadsızlığın bir ifadəsidir.

  24 iyun 2018-ci ildə Türkiyə parlament seçkilərilə yanaşı tarixində ilk dəfə olaraq prezidentini də seçəcək. Yəni 142 il ərzində ilk dəfə olaraq Məclisə millət vəkilləri, hökumətə prezident eyni gündə ayrı-ayrı seçiləcəkdir. (Türkiyədə prezident hökumət sisteminin labüdlüyü ilə bağlı 2017 referendumundan əvvəl yazdığım "Fəal, sabit və güclü bir Türkiyə üçün prezident sistemi" (“Etkin, İstikrarlı ve Güçlü Bir Türkiye İçin Cumhurbaşkanlığı Sistemi”) kitabıma baxa bilərsiniz.)   

Seçkilərin mənası nədir?

  Demokratiya gücünü əsasən daşıdığı üsuldan deyil, yaratdığı məşrutiyyətdən (legitimlik) alır. Keçmiş dövrlərdə siyasi sistemlər üçün müxtəlif üsullar var idi. Gələcəkdə də başqa üsullar ola bilər. Amma müasir dövrdə demokratiya siyasi sistemlərə ictimai legitimlik qazandıran bəlkə də yeganə üsuldur. Bu səbəbdən seçkilər vasitəsilə bir siyasi sistemin idarə edilənlər tərəfindən qanuni hesab olunması dövlət-millət birliyi baxımından çox əhəmiyyətlidir. Seçkilər vasitəsi ilə xalqından güc alan siyasi sistemlər həm ölkə içində, həm də beynəlxalq arenada daha güclüdürlər. İctimai legitimliyi olmayan siyasi sistemlərdə isə vəziyyət əksinədir. Bu cür rejimlər içəridə daha çox təzyiq, insan haqları və azadlıq pozuntuları ilə ayaqüstündə durur, öz cəmiyyətlərindən güc almadıqları üçün beynəlxalq aləmdə sözükeçməz vəziyyətə düşür, bu səbəbdən öz cəmiyyətlərinə deyil, qlobal güclərin təzyiqinə dözmək məcburiyyətində qalır.

  Demokratiya-inkişaf əlaqəsinə nəzər salaq. Siyasi sistemlərin öz cəmiyyətləri tərəfindən qanuni qəbul edilib-edilməməsi çox vacib faktordur.

  Bu gün dünyanın ən inkişaf etmiş, firavan ölkələri demokratik dövlətlərdir. Ən çətin və problemli ölkələr isə anti-demokratik olanlardır. Demək, bir ölkədə sülh, əmin-amanlıq və sabitliyin mənbəyi onun iqtisadi inkişaf səviyyəsi deyil, demokratiya, plüralizm, azadlıq dəyərlərinə malik olub-olmamasıdır. İqtisadi inkişaf yalnız bu dəyərlərlə mümkün ola bilər. Yəni sülh və əmin-amanlığın olmadığı yerdə inkişafdan danışmağa dəyməz.

  Demokratiya, azadlıq, plüralizm və iqtisadi inkişaf əlaqəsinə dair konkret nümunələr Türkiyənin 2000-ci illərdən sonra həyata keçirdiyi siyasətdir. 28 Fevral çevrilişi və sonra tətbiq edilən anti-demokratik və mürtəce siyasət Türkiyədə adambaşına gəliri 2000 dollara salmışdı. 2000-ci illərdən sonra isə daha azadlıqsevər, demokratik və plüralist siyasətlərin tətbiqi Türkiyədə adambaşına gəliri 10.000 dollardan yuxarı etdi.

  Bəli, Türkiyədə ilk seçki 1876-cı ildə keçirilib. Bu, Türkiyənin demokratiya tarixinin bir çox ölkədən daha qədim olduğunu göstərir.  142 ildir müxtəlif hakimiyyət sisteminə malik olsa da, Türkiyə hər zaman demokratiya səyini davam etdirib, anti-demokratik rejimlərdə yaranan Almaniya nasizmi və ya İtaliya faşizmi kimi diktatorluq dövrləri yaşamayıb, 2000-ci illərdən üzü bəri isə demokratiya və azadlıqlar lövhəsi genişlənərək qəyyumluq axtarışlarını geridə qoyub. Hələ də Almaniya, Avstriya və Hollandiya kimi ölkələrdə türkiyəli seçicilərin səsvermə, toplantı azadlığı, siyasi haqlara qadağalar olduğu halda Türkiyənin gəldiyi yol və demokratiya təcrübəsi bir çox ölkəyə nümunə sayıla bilər. Bununçün sadəcə dünyanın ən etibarlı seçkilərinin keçirildiyi Türkiyə seçkilərini yaxından izləyəmək lazımdır.



Әlaqәli Xәbәrlәr