Türkiyənin Afrika Siyasəti

Türkiyənin "çoxistiqamətli xarici siyasət" anlayışı Türkiyənin Afrika qitəsinə yenidən yönəlməsinə səbəb oldu.

Türkiyənin Afrika Siyasəti

Türkiyənin Afrika Siyasəti

     Türkiyənin "çoxistiqamətli xarici siyasət" anlayışı Türkiyənin Afrika qitəsinə yenidən yönəlməsinə səbəb oldu. Türkiyə Afrika siyasəti çərçivəsində bir sıra mühüm humanitar yardım fəaliyyətləri həyata keçirib, diplomatik münasibətlərini inkişaf etdirib və Afrikada strateji nailiyyətlər əldə edib. Türkiyənin "müstəmləkəçi" anlayışı ilə hərəkət etməməsi və Afrika ölkələri ilə ortaq mənfəətlər əsasında əlaqələr qurması, Türkiyənin uğurunun əsas səbəblərini təşkil edir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Əlcəzair, Mavritaniya, Seneqal və Maliyə olan səfərləri  Türkiyə ilə Afrika ölkələri arasında iqtisadi və strateji əməkdaşlığı genişləndirmək yolunda mühüm bir addımdır.

     Türkiyənin Afrika ilə ticarət dövriyyəsi 15 ildə 6 dəfə artaraq, 17,5 milyard dollara çatıb. Türkiyənin Afrikaya  birbaşa investisiyaları 2003-cü ildə 100 milyon dollar idi. Bu rəqəm 2017-ci ildə 6,5 milyard dollara yaxınlaşdı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın son Afrika səfərləri çərçivəsində bir sıra  iqtisadi əməkdaşlıq sazişi imzalandı. Eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin inkişaf etdirilməsinin yeni hədəfləri müəyyən olundu. Məsələn, Seneqal ilə Türkiyə arasındakı ticarət həcmi 250 milyon dollara qədər yüksəlib, lakin 400 milyon dollar məbləğində yeni bir hədəf müəyyənləşdirilib.

     Türkiyənin Afrika siyasəti Qərbin müstəmləkəçi münasibətinin əksinə, "qarşılıqlı faydalanma" prinsipi əsasında formalaşır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Əlcəzair səfəri zamanı Əlcəzair jurnalistinin Osmanlını nəzərdə tutaraq ona yönləndirdiyi: "Türkiyə Əlcəzairi müstəmləkə kimi görürdü?" sualına Ərdoğanın: "Elə olsaydı, bu sualı mənə fransız dilində deyil, Türk dilində verərdiniz" cavabı Türkiyənin Afrika siyasətinin Qərbin müstəmləkəçi anlayışından necə fərqləndiyinin bariz nümunəsidir.

     Türkiyənin Afrika siyasətində uğurunu təmin edən digər ən böyük amil humanitar yardım diplomatiyasıdır. Türkiyənin milli gəlirə nisbətən dünyada ən çox humanitar yardım edən ölkə olması, ölkənin humanist xarici siyasətə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir. Aclıq, quraqlıq və yoxsulluq ilə mübarizədə fəal rol oynayan Türkiyə müharibə qurbanlarına və xəstələrə də yardım edir.

     Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Türkiyənin humanist siyasəti barəsində bunları söyləyir: "Quraqlıq Afrikanın taleyi ola bilər. Amma aclıqdan ölmək tale məsələsi deyil. Kütləvi ölümlər tale məsələsi deyil. Afrikanın siyasi sabitliyi üçün beynəlxalq qurumları hərəkətə gətirdiyimiz qədər də, Afrika xalqlarına özünəinam aşılayırıq"

    Türkiyənin Afrika siyasətinin əhəmiyyətli müsbət amillərindən biri də Türkiyə Silahlı Qüvvələrinin  Baş Qərargahı, İqtisadiyyat Nazirliyi, İnkişaf Nazirliyi, Milli Təhsil Nazirliyi, Xəzinə Katibliyi, Mənzil Tikintisi İdarəsi, AFAD, Ali Təhsil Kredit və Yataqxanalar Qurumu, Türk Qızılayı, Xaricdə Yaşayan Türklər Birliyi və Yunus Əmrə Vəqfi kimi təşkilatların aktiv fəaliyyətləridir. Afrikada bir çox layihəyə imza atan Türkiyə qurum və təşkilatlarıı ilə  yanaşı ictimai təşkilatların da əhəmiyyətli layihələri var. Türkiyə ilə Afrika ölkələrinin xalqları arasında əlaqələr daha da inkişaf edir.

     Digər tərəfdən, Türkiyə Afrikada iqtisadi sahənin xüsusilə, tikinti sektorunun önəmli bir aktyoruna çevrilib. Türk şirkətləri bir çox Afrika ölkəsində tikinti işləri həyata keçirir. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan Afrikaya səfəri zamanı Türk şirkətlərinin inşaat sahələrinə də baş çəkib.

     Türkiyənin Afrika siyasətində digər mühüm bir məsələ isə, FETÖ məktəbləri və təşkilatlarıdır. Türkiyənin Afrika ölkələri ilə inkişaf etdirdiyi əlaqələr nəticəsində FETÖ məktəblərinin bağlanaraq Maarif Fonduna təhvil verilməsi təmin olunur. Maarif Fondu Tunis, Tanzaniya, Sudan, Somali, Syerra Leone, Sao Tome və Principi, Seneqal, Nigeriya, Mavritaniya, Mali, Konqo Respublikası, Qvineya, Qambiya, Çad və Cibutidə 88 məktəbdə təhsil verir.

    Hörmətli dinləyicilər, “Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu”nun əməkdaşı, tədqiqatçı Can Acunun " Türkiyənin Afrika Siyasəti” məqaləsini təqdim etdik.

 



Әlaqәli Xәbәrlәr