"Mülayim Qərb" ehtiyacı

Mövzuyla bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_09 (07.03.2018)

"Mülayim Qərb" ehtiyacı

Qlobal perspektiv_10 (07.03.2018)

  Tarix elmindən ibrət götürülürsə, demək, tarix bəşəriyyəti maarifləndiricidir. Amma təəssüf ki, çoxu ibrət götürmür. Keçmişdə baş verənlər - ağrılar, ölümlər, zülmlər tez unudulur.

Vəhşi Qərbdən mülayim Qərbə doğru.

  Ötən əsrdə, başqa heç bir şey deyil, sadəcə daha çox istismar etmək məqsədilə Qərb tarixdə baş vermiş bütün savaşlardan bəlkə də ən çox ölüm, qan və göz yaşı gətirən iki böyük müharibəyə səbəb oldu. Amma sonra səbəb olduğu Birinci və İkinci Dünya müharibələri vəhşiliyindən dərslər çıxararaq, xüsusən, Avropada dəyərlər əsaslı siyasət mərhələsinə girdi. Avropa İttifaqında formalaşan Qərb ölkələrilə əməkdaşlıq, paylaşma, azadlıq, insan haqları və demokratiyanı önə çəkmə siyasəti bölgəyə bir rahatlıq gətirdi.

Mülayim Qərbdən vəhşi Qərbə doğru.

  Bu gün təkrar təhdid dolu bir dünya yaranıb. ABŞ, Şimali Koreya və Rusiya tərəfindən verilən son bəyanatlar və sanki qarşı tərəfi yox edəcək kimyəvi və nüvə bombalara sahib olduğunu gözün içinə dirəmək kimin tez düyməyə basacağı yarışına çevrilib.

  Qərbdə insan haqları, azadlıq, plüralizm, inanclar, fərqli həyat tərzi formalarına hörmət gün-gündən azalır, İslam və qaçqınlara qarşı ziddiyyətli münasibət artır. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildə müsəlmanlara qarşı Almaniyada 950 hücum olub (http://www.spiegel.de). Bəli, bir ildə 950 hücum! Təsəvvür edin, bir Şərq, Latın və ya müsəlman ölkəsində bu sayın yüzdə biri (9-10 hücum) qədər belə xristian və ya da yəhudilərə hücum edilsə, dünyanın reaksiyası necə olardı?

  Əlbəttə ki, Qərbdəki daralma və hücumlar digər ölkələrə heç bir şəkildə nümunə olmamalıdır. Qərbdə müsəlmanlara qarşı hücumlar, təəssüf ki, yalnız Almaniyada deyil, Avropanın başqa ölkələrində də var. Amma Qərb sakitcə üstündən keçir, açıb-ağartmaq istəmir. Avropa və ABŞ fərqli həyat tərzlərinə malik insanlara qarşı artıq təhdid yaratmağa başlayıb.

  Bir çox Qərb ölkəsi məzlumlara, ümidsiz insanlara, qaçqınlara ağır şərtlərlə sığınacaq verir, amma FETÖ, PKK, DHKPC kimi hər cür cinayət işləmiş, insanlıq qatili olan terror təşkilatı üzvlərinə isə onlara pənah aparmaları üçün dəvət edir. Qərbdən başqa dünyada terrorçulara bu qədər qucaq açan başqa ölkə varmı?

  Artıq Qərbdəki azadlıqsevər, plüralist, demokratik təbəqələrin səsləri getdikcə azalır, irqçi, faşişt və nazist partiyaların səsləri yüksəlir və onlar səsvermədən qalib çıxaraq hakimiyyəti bölüşürlər. Beləliklə, Qərbdə az ağıllı, cəmiyyəti içindəki müxtəlifliyi, qonşuları, regionu və digər ölkələri təhdid edən başçılar önə keçir, söz sahibi olur və qərarlar verirlər.

Vəhşi Qərb və ya tarixin sonu.

  Təsəvvür edək ki, bəşəriyyətin sonunu gətirəcək nüvə silahları, kimyəvi bombalar bu ifrat cərəyanların rəhbərliyinə və nəzarətinə keçsə, nə olar? Bu silahlar sülh, əməkdaşlıq, bərabərlik, ədalət, azadlıq, insan haqları kimi anlayışlar deyil, nifrət, kənarlaşdırma, ayrı-seçkilik, yoxetmə kimi düşüncə tərzli qərbli fanatik liderlərin əlində nəyə yönələr? Bunu düşünmək belə dəhşətlidir və insanı incidir. Birinci və İkinci Dünya müharibələri zamanı bu qədər qorxunc silah olmadığı halda, yaratdığı qorxu hələ də ortadadır. Bunlar indidən "Tanrının əlindən qiyaməti almağa" və ya "tanrını qiyamətə məcbur etməyə" başlayıblar.

“Mülayim” Qərbə ehtiyac var.

  Avropadakı gedişatın təhdidi yaxın ikən "mülayim Qərb" deyil, "mülayim İslam" mübahisələri gündəmə çıxarılır. Halbuki radikallıq Avropa və Amerikadadır və bu, hamını narahat edir. İfratlar sadəcə müəyyən ölkələri deyil, bütün dünyanı təhdidlə qarşı-qarşıya qoyur. Bu mənada Avropada azadlıqsevər, plüralist və demokratik partiyaların səs itirməsi, aydın təbəqələrin getdikcə azaldılması təkcə Avropanın gələcəyi üçün qayğıverici deyil. Radikal cərəyanlara təslim olmuş Avropanın bir zaman nə tufanlar qopardığını bir əsrdə iki dəfə gördük. Buna görə Yer kürəsinin azadlıq və sülhsevər təbəqələri dünya sülhü adına mülayim Qərb üçün birlikdə çalışmalıdır.



Әlaqәli Xәbәrlәr