Qlobal perspektiv_5

Qlobal aktyorlarla regional böhranlar niyə həll edilə bilməz? Ankara Yıldırım Bəyazit Universitetinin Siyasi İnformasiya fakültəsinin dekanı, professor Kudret Bülbülün analiz-yazısını təqdim edirik.

Qlobal perspektiv_5

Qlobal perspektiv_05 (31.01.2018)

  Yaxın tarixdə qlobal aktyorlar və ya onların rəhbərliyi altında yaradılan beynəlxalq koalisiyaların müdaxilə etdiyi heç bir ölkəyə sabitlik gəlməyib. Əksinə, qlobal aktyorların müdaxiləsinə məruz qalan ərazilərdə qeyri-sabitlik daimi vəziyyətə çevrilir. Bu ölkələr daha çox ölüm, göz yaşı, böyük köçlər və iqtisadi böhranlarla üzləşib, yaşanmaz hala gəlib.

  Qlobal güclərin aktiv olaraq içində yer aldığı böhranlara ədalət baxışı bu acı həqiqəti ortaya qoyur.

  SSRİ-nin işğalı ilə başlayan Əfqanıstan böhranında hələ də ağrı-acılar davam edir.

  İraqın keçmiş rəhbəri Səddam Hüseyn. Bəli, o bir diktator idi. Onun rəhbərliyi altında çox ədalətsizliklər baş verdi. Amma qlobal aktyorların İraqa müdaxiləsindən, ölkəyə girməsindən, dövlətin başına gələnlərdən sonra iraqlılar bu gün, görəsən, hansı İraqı istəyərdi: dünənki, yoxsa bugünkü?

  Qlobal aktyorların müdaxiləsi ilə parçalanmış, talan edilmiş bir Liviyanın gələcəyi də müəmallıdır. Liviyalılar sabaha ümidlə baxa bilirmi?

  Bəs Suriya? Ölkədə əhalisinin əksəriyyəti yerindən-yurdundan edilib, yüz minlərlə insan öldürülüb, mədəniyyət beşiyi Dəməşq və Hələb kimi şəhərlər tanınmaz hala düşüb. Suriyada böyük güclərin müdaxiləsi hansı gələcəyə aparır?

  Əfqanıstanda on illərlə davam edən müharibənin ən böyük bədəlini Pakistan ödəyir. Pakistana ABŞ-ın təhdidləri il ildən artır və ölkə böhrana sürüklənir.

  Bəşəriyyətin ən fəzilətli liderlərindən olan Aliya İzzetbekoviçin təhdid, şantaj və yerinə yetirilməyən vədlərlə imzalamağa məcbur edildiyi Dayton müqaviləsi Bosniya müsəlmanlarının başına nələr gətirdi? Bosniyalı müsəlmanları kütləvi məzarlıqlarda basdıran Serbiya qatilləri Beynəlxalq Müharibə Cinayətləri Məhkəməsi tərəfindən məhkum edilsə də, Bosniya-Herseqovina, Serbiya, Xorvat və Boşniya illərdir bu acının ağrısını yaşayır.

  Myanmanın evlərini atəşə verərək, öldürərək didərgin saldığı Arakan (Rohingya) müsəlmanlarının faciəli dramı bu günlərdə baş verdi. Banqladeşə sığınan bu didərginlər beynəlxalq cəmiyyətin və qlobal aktyorların diqqətini çəkmir. Çəksə belə, onların ədalətli həll yol tapacaqları sual altındadır.

  Son bir əsrlik prosesdə böyük güclərin müdaxiləsi ilə Fələstinin gəldiyi nöqtə də ortadadır. İsrailin işğalı sayəsində Fələstinin torpaqları get-gedə azalır, fələstinlilər yarı açıq həbsxana şəraitində yaşayan insanlara dönür.

  Bu nümunələrin sayı, təəssüf ki, çoxdur və göründüyü kimi, bu  böhranların hamısı müsəlman məkanlarına yönəlib. (Bu vəziyyət açıqlanmağa möhtacdır.)

  Qlobal aktyorların müdaxiləsi problemləri qalıcı vəziyyətə gətirir. Bunun bəlkə də ən əsas səbəbi onların sahib olduğu zehniyyətdir. Böyük güclər beynəlxalq siyasətə ədalət, haqq, dəyər və prinsip deyil, maraq indeksi ilə baxır.

  Avropa İiifaqının Türkiyə üzrə məruzəçisi Kati Piri bu günlərdə etdiyi çıxışında 40 min insanın qatili olan terror təşkilatı PKK-nın özləri üçün bir təhlükə olmadığını söylədi. Bu düşüncə tərzi, bu dünyagörüşü özünə hücum etmədikcə terrora qarşı sakit davranış, qayğısızlıq və insanlıqdan kənar münasibət deməkdir. Amma bu yanaşma bizim mədəniyyətimizə ziddir. Biz heç bir problemə imperialist gözü ilə baxa bilmərik. Öz mənfəəti üçün heç bir prinsip tanımayan, məqsədinə çatmaq üçün hər alçaq yoldan keçən, manipulyasiyalar edənləri də qəbul edə bilmirik. Bizim mədəniyyətimizdə müharibənin də öz qanunları vardır. Müharibəni də hüquqi çərçivədə vurğulayan, yalnız o çərçivədə müharibəni hüquqi görən bir baxışa sahibik. Dəyər, ədalət bilməyən, məqsədə çatmaq üçün heç bir sərhəd tanımayan, maraq indeksli xarici siyasət yürüdən qlobal aktyorların yaratdığı, bir az əvvəl söylədiyimiz problem və regionumuzdakı böhranlara münasibətinə də baxışımız bu cür. Buna görə qəti şəkildə deyirik: “Böyük güclər regional böhranların birbaşa mənbəyi, daşıyıcısı və müdafiəçisidir.” Onlar region ölkələrini, insanlarını imperialist məqsədləri istiqamətində və başqalarına zərər vermək üçün bir alət (koçbaş) kimi istifadə edirlər.

  Qlobal aktyorlar özləri çıxarmasa da, mövcud olan böhranları qaşıyıb-qanadır, uzanmasını istəyir, bu istiqamətdə siyasətlərini inkişaf etdirirlər. ABŞ-ın Suriyadakı mövqeyi bu vəziyyətin konkret ifadəsidir.

  Böyük qüvvələr etdikləri külli miqdarlarda silah satışlarına görə regional böhranları özləri üçün bir kommersiya fürsəti görür. Buna görə regional böhranlardan ortaya çıxan ədalətsizliklər onlara təsir etmir, maraqlandırmır. Çünki böhranların bütün ağır bədəlini region ölkələri xalqları canları, malları bahasına ödəyir.

  Qlobal aktyorlar bilirlər ki, bölgədə daimi deyillər. Ona görə region xalqlarının içinə bu gün atdıqları nifaq toxumları gələcəkdə də onlara təsir etməyəcək.

  Bütün bu səbəblərə görə regional böhranlar qarşısında həll üçün, ilk növbədə, beynəlxalq deyil, regional koalisiyalar axtarılmalıdır.

  Problemlər təkcə qlobal aktyorlardanmı qaynaqlanır? Xeyr. Böhranların qaynağı və qlobal aktorların müdaxilələrinin səbəblərinin başında region ölkələrinin mövqeləri durur. Region ölkələrinin səhvləri artıq ayrı mövzudur. Bu gün biz böhranların həlli üçün götürülməli yol və üsuldan bəhs etmək istədik.  Nəticə budur ki, həll regional səviyyədə axtarılmadığı təqdirdə qlobal aktyorların acımasız, rəhmsiz müdaxilələrindən regional ölkələr zərər çəkməkdə olacaq. Beləliklə, qlobal aktyorlarla regional böhranlar həll oluna bilməz.

  Bunu da qeyd etməliyik ki, böhranların içində qonşu ölkələrin işğalçılıq, məzhəbçi və irqçi siyasətləri də müəyyən qədər yer alır. Region ölkələrinin bu siyasəti üzündən çözümarama səyləri çətinləşir. Amma bunu belə həll etmək mümkündür, əgər regional məsələlərə qlobal aktyorlar müdaxilə etməzsə və böhranları daha da dərinləşdirməzsə. Böhranlar bölgə ölkələrini beynəlxalq müdaxilələrə açıq etdiyi zaman minlərlə illərdir birlikdə yaşayan eyni coğrafiyanın insanları bir-birinin üzərinə salınır, yaşadıqları doğma torpaqlardan ayrı düşməyə məhkum olurlar. Bütün bu səbəblərə görə, regional böhranlar, nəyin bahasına olursa-olsun, region ölkələrində həll edilməlidir.

(Qlobal perspektiv_05 (31 yanvar 2018)



Әlaqәli Xәbәrlәr