Bütün bunlardan sonra İranda nələr gözlənilir?

İrandakı son vəziyyətlə bağlı Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SEDA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik. (Gündəm analizi_01, 4 yanvar 2017)

Bütün bunlardan sonra İranda nələr gözlənilir?

Qlobal Perspektiv (2018-01)

   İranda yoxsulluq və işsizliyə etiraz məqsədilə Məhşəddə başlayan mitinqlər Nişabur, Şahrud, Kirmanşah, Qum, Rəşt, Yəzd, Qəzvin, Zahidan, Əhvaz və digər şəhərlərə yayılıb.

  Hökuməti tənqidlə başlayan mitinqlər İslam İnqilabı rəhbərlərindən olan Xamneyi olmaqla digər siyasi nüfuzlu adamlar və rejimi hədəfə alan şüarlarla davam edir.

  İranın dini mərkəzi Qum şəhərində belə "Rədd olsun Xamneyi”, “Rədd olsun Hizbullah" şüarları atılıb.

  Mitinqlər və baş verən hadisələrdə yüzlərlə adam həbs edilib, çox sayda insan isə həyatını itirib.

  Sual yaranır: bütün bunlardan sonra İranda nələr gözlənilir? Mitinqlər yayılaraq davam edəcəkmi, yoxsa tezliklə sona çatacaq?

  İrandakı son vəziyyətlə bağlı Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SEDA-nın araşdırmaçı yazarı Can Acunun fikirlərini təqdim edirik.

  İranın daxili balansında iki mühüm məsələ diqqəti çəkir: getdikcə pisləşən iqtisadiyyat və daxili siyasi çəkişmələr.

  Həsən Ruhani hökuməti ilə Vilayəti Fəqih, yəni Xamneyi və tərəfdarları arasında gedən mübarizə seçkilərdən sonra da davam edirdi. Ruhaninin yaxın ətrafı və İran İnqilab Qvardiyasının bir-birinə qarşılıqlı korrupsiya ittihamları hər iki tərəfə xalqın etimadının azalmasına səbəb oldu.

  Digər tərəfdən, İrana qarşı tətbiq edilən embarqolar, zəif idarəçilik və korrupsiya ölkə iqtisadiyyatını geri saldı. Neft və təbii qaz ehtiyatları olmasına baxmayaraq, İranın milli gəliri 500 milyard dollardan 350-yə endi. Ölkədə ciddi inflyasiya və işsizlik problemi hökm sürür. İnfrastruktur yerində sayır, hava çirkliliyi və quraqlıq artmaqdadır.

  İran xarici siyasətində işğalçılıq siyasətini yeritməyə davam edir: Livan, Yəmən, Suriya və İraqda böyük iqtisadi itkiləri olsa da, mühüm nailiyyətlər də əldə edib. Ancaq bu geosiyasi proseslər xalq üçün əhəmiyyətli deyil. "Pullarınızı Suriya, Qəzza və Livanda xərcləməyin", "Xalq dilənçi vəziyyətinə düşdü", "Suriyanı burax, halımıza bax", "Qəzza da, Livan da canım İrana fəda olsun", "Rədd olsun Hizbullah" kimi şüarlar nümayişçilərin İran dövlətinin Yaxın Şərqdəki işğalçılıq siyasətindən də narahat olduğunu göstərir.

  İranda diqqət çəkən məqamlardan biri də mitinqlərin get-gedə etnik yön almasıdır. Əhvazdakı ərəblər, İranın şərqindəki beluçlar, qərbindəki kürdlər və türk bölgələrinin bəzi qrup və nümayişçilərinin şüarları onların İran rejiminə qarşı çıxmalarının bir səbəbinin də etnik zəmində ayrı-seçkilik olduğunu göstərir.

  Bunlar İrandakı vəziyyətin daxili səbəbləri olsa da, problemlərin beynəlxalq ölçüləri də var. İran dövlət orqanları aksiyalarda öldürülən insanların qatillərinin xarici ölkələrin agentləri olduğunu iddia edir. ABŞ prezidenti Donald Trampın “twitter” üzərindən İrandakı aksiyaları dəstəkləyən bəyanatları dövlət aparatının xarici müdaxilə iddialarını əsaslandırmağa şərait yaradır. İsrail prezidenti Benyamin Netenyahu da İrandakı aksiyalardan məmnunluğunu dilə gətirib.

  Türkiyə Xarici İşlər Nazirliyi isə verdiyi bəyanatda dost və qardaş İranın ictimai əmin-amanlıq və sabitliyinin qorunmasına böyük əhəmiyyət verdiyini qeyd edib. Bəyanatda deyilir: "İran prezidenti Həsən Ruhaninin də bildirdiyi kimi, xalqın dinc nümayiş keçirməyə haqqı var, amma qanunların tapdalanması və dövlət malına zərər vurmaq, zorakılığa yol vermək olmaz. Türkiyə tezliklə İranda sakitliyin bərqərar olması, hadisələrin qarşısının hirs deyil, ağıl və təmkinlə alınmasını arzu edir".

  İrana qarşı olan Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn və İsrail ölkədəki aksiyaları böyük diqqətlə təqib edir.

  İran prezidentinin birinci müavini İshaq Cahangiri etdiyi çıxışında deyib: "İqtisadi problemlər digər məsələlər üçün bəhanə olub. Arxa planda isə başqa ssenarilər var."

  Rəsmi yayım orqanı olan “İran” qəzeti də birinci səhifəsində dərc etdiyi bir məqalədə "Bəziləri əməllərinə çatmaq üçün xalqı oyuncaq yerinə qoymaq istəyir" sözlərini vurğulayıb.

 Ayətullah Xameneyi bu mövzuda "Düşmənlərimiz ölkəni qarışdırmaq üçün pul, silah və agentlərdən istifadə edir" deyib.

  Bütün bu deyilənlər İran xalqının mitinqlərə qalxma səbəbi kiçildilə bilməz. Bu qədər təbii sərvətlərinə baxmayaraq, xalqı getdikcə yoxsullaşan bir İran var qarşımızda. Bura qədər iqtisadi problemlərə görə camaat kiçik miqyaslı aksiyalar keçirirdi. Son vaxtlar bir çox kapital sahibləri və maliyyə şirkətlərinin iflası, milyonlarla insanın işsiz qalması aksiyalara təkan verən əsas qüvvə oldu.

  İran bir tərəfdən iqtisadi problemlərlə boğuşur, digər tərəfdən Yaxın Şərqdə işğalçılıq siyasəti yürüdür. İranın Suriyada döyüşənlərə ayırdığı maliyyə öz ölkəsinin bir çox vətəndaşının əmək haqqından artıqdır.

  Həmçinin "İslam respublikasını istəmirik", "İstiqlal, azadlıq və İran respublikası" kimi şüarlar nümayişçilərin İrandakı despotik rejimdən də narahat olduğunu göstərir. Aksiyalarda İranın keçmiş lideri Rza Şah Pəhləviyə dua edilməsi də bu baxımdan bir ironiyadır.

  Göründüyü kimi, İrandakı aksiyalara təkan verən bir çox amil var. Bir tərəfdə xalqın azadlıq və iqtisadi rifah axtarışı, digər tərəfdə isə İranı nişan taxtasına qoyan ölkələrin xaos yaratma istəyi var. Türkiyənin İrandakı proseslərə münasibəti isə hər iki həqiqəti görən bir tarazlıq sisteminin ortaya qoyulması istəyidir.

  Siz Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SEDA-nın üzvü Can Acunun İrandakı son vəziyyətlə bağlı fikirlərini oxudunuz və dinlədiniz. Mətni oxudu Sevda Mirzə.



Әlaqәli Xәbәrlәr