Türkiyə-Avropa İttifaqı Əlaqələrinin Enerji Tərəfi

Avropada fəaliyyət göstərən think tank təşkilatı "Bruegel"in "Avropa İttifaqı-Türkiyə Enerji ƏməkdaşlığınınYeni Strategiyası" adlı hesabatlnda Türkiyə-Aİ münasibətlərinə yeni bir format qazandıracaq məqamlara vurğu edilir.

Türkiyə-Avropa İttifaqı Əlaqələrinin Enerji Tərəfi

Avropada fəaliyyət göstərən think tank təşkilatı "Bruegel" "Avropa İttifaqı-Türkiyə Enerji ƏməkdaşlığınınYeni Strategiyası" adlı hesabat yaydı. Hesabatda Türkiyə-Aİ münasibətlərinə yeni bir format qazandıracaq və əhəmiyyətli əməkdaşlıqlara qapı açacaq məqamlara vurğu edilir. Türkiyənin dünyanın ən mühüm təbii qaz ehtiyatlarının yerləşdiyi Orta Şərq və Xəzər Regionu arasında strateji mövqeyinin müəyyən olunduğu hesabatda Aİ-nin enerji təhlükəsizliyini təmin etmək məsələsində Türkiyənin açar ölkə mövqeyinə da diqqət çəkilir.

 Məlum olduğu kimi, Türkiyə coğrafi mövqeyi etibarı ilə onsuz da bölgəsində strateji əhəmiyyətə malik bir ölkədir. Dünyanın ən böyük enerji tələbatı bazarlarından biri olan Avropaya olan yaxınlığı da Türkiyəni təbii qaz ticarətinin daha mühüm bir komponentinə çevirir. Son illərdə ev sahibliyi etməyə hazırlaşdığı TANAP və "Türk Axını" layihələrinin isə buradakı payı olduqca böyükdür. Bu layihələr Avropaya bir tərəfdən Türkiyə vasitəsilə qaz idxalını həyata keçirmək imkanı təqdim edir, digər tərəfdən də Türkiyə kimi sabit inkişaf edən, etibarlı bir ölkə ilə əməkdaşlıq qurmağa fürsət yaradır.

 Şərq-Qərb istiqamətli qaz axınını təmin edəcək  TANAP və "Türk Axını" layihələri Türkiyə üzərindən Avropaya çatdırılan qazın həcmində müəyyən artım yaradacaqdır. Hesabatda hazırda Türkiyə üzərindən Avropa İttifaqına nəql olunan təbii qazın Aİ-nin ümumi qaz tələbatının 0,15 faizini ödədiyi göstərilir. TANAP və "Türk Axını" layihələri fəaliyyətə başladıqda isə bu həcmin 2,4 faizə yüksələcəyi bildirilir. Bu vəziyyətdə Türkiyə regionda qaz axınına istiqamət verən ölkə olaraq nəql olunan təbii qazın həcminin  artması ilə strateji mövqeyini gücləndirəcək.

Hesabatda gözə çarpan digər bir məsələ isə  Türkiyə və Aİ-nin yenilənə bilən enerji və enerji səmərəliliyi sahəsindəki əməkdaşlıqlarının təbii qaz və elektrik enerjisi sektorlarındakı qədər inkişaf etməməsidir. İkitərəfli münasibətlərdə qurulacaq  yeni əməkdaşlıq sahələrindən birinin yenilənə bilən enerji olmaması üçün mövcud vəziyyətdə heç bir səbəb yoxdur. Əksinə, hesabatda da qeyd edildiyi kimi, Avropa İnvestisiya Bankı, Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumların Türkiyədəki yenilənə bilən enerji və enerji səmərəliliyi layihələrini maliyyə dəstəyi ilə təmin etmək imkanları olduqca böyükdür.

Su, geotermal, külək və günəş enerjisi potensialları baxımından Aİ ölkələri ilə müqayisədə son dərəcə əlverişli mövqeyi olan Türkiyə yenilənə bilən enerji siyasətləri çərçivəsində müəyyənləşdirdiyi Yenilənə Bilən Enerji Mənbəyi Sahəsi –YEKA strategiyası ilə dünyada bu sahədəki təcrübələrin ən uğurlularından birini həyata keçirməyə hazırlaşır. Yüksək yenilənə bilən  enerji potensialından istifadə etmək məsələsində olduqca qətiyyətli olan Türkiyədə YEKA çərçivəsində mart ayında ölkənin ən böyük Günəş Enerjisi Stansiyası üçün ilk tender keçirildi, avqust ayında isə iknci tender Külək Enerjisi Stansiyası üçün keçirildi.

Türkiyədəki yenilənə bilən enerji sərmayələrinə təkan verəcək bu iki layihəni həm yerli, həm də xarici sərmayəçilər maraqla qarşıladılar. Xüsusilə, avropalı investorlar Türkiyənin yenilənə bilən enerjidəki yüksək potensialını müsbət dəyərləndirirlər.  Külək Elektrik Stansiyası layihəsinə aid tenderi  Almaniya tərəfdaşlığındakı konsorsiumun udması buna bariz nümunədir Bu baxımdan YEKA strategiyası Aİ-nin və Türkiyənin yenilənə bilən enerji sahəsində təmas qurmaları üçün zəmindir.

Hesabatda toxunulan məsələlərdən birini də  Aİ-nin  atom enerjisi məsələsində Türkiyəyə töhfə verməsidir. Türkiyədə gələn ildən etibarən inşa olunacaq Akkuyu Atom Elektrik Stansiyası layihəsi və Sinopda qurulması planlaşdırılan atom elektrik stansiyaları  bu sahədə atılan real addımlardır. Hal-hazırda həyata keçirilən plan və layihələri nəzərə alsaq, bu məsələnin Türkiyə ilə Aİ arasında enerji dialoqunu yeni əməkdaşlıqlar istiqamətində genişləndirəcək və zənginləşdirəcək bir xarakterdə olduğuni deyə bilərik.

 Beləliklə, mövcud mövqeyi sayəsində regionun ən əhəmiyyətli ölkələrindən biri olan Türkiyə ilə dünyanın ən böyük enerji tələbatı bazarlarından biri olan Aİ ölkələri arasında enerji sahəsində atılacaq hər bir addım həm qarşılıqlı əməkdaşlığı gücləndirəcək, həm də Türkiyəni enerjidə mərkəz ölkə olma hədəfinə daha da yaxınlaşdıracaq.



Әlaqәli Xәbәrlәr