Türkiyə - Qazaxıstan əlaqələri bu gün

Türkiyə ilə Qazaxıstan arasında siyasi əlaqələrin çatdığı səviyyə Qazaxıstan və Türkiyəni Avrasiyadakı ən əhəmiyyətli siyasi və iqtisadi ortaq halına gətirib.

Türkiyə - Qazaxıstan əlaqələri bu gün

Türkiyə və Avrasiya Gündəmi 38/2017

  Yaxınlarda Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qazaxıstana rəsmi səfər etdi. Bu səfər və bu gün Qazaxıstan-Türkiyə əlaqələrilə bağlı danışacağıq “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Türkiyə respublikasının başçısı Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də İslam Əməkdaşlıq Təşkilatı I Elm və Texnologiya Sammitində iştirak etmək üçün Qazaxıstana getdi. Toplantıdan əvvəl Ərdoğan qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdü. İki lider FETÖ, DAEŞ və digər terror təşkilatlarına qarşı birlikdə mübarizə, iqtisadi əməkdaşlıq və investisiyaların artırılmasıyla bağlı fikir mübadiləsi apardılar.

  Türkiyə ilə Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir. Türkiyə Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkədir. Türkiyə ilə Qazaxıstan arasında siyasi əlaqələrin çatdığı səviyyə Qazaxıstan və Türkiyəni Avrasiyadakı ən əhəmiyyətli siyasi və iqtisadi ortaq halına gətirib. İki ölkə arasındakı status N.Nazarbayevin 2009-cu ildə Türkiyə səfəri zamanı imzaladığı Strateji Tərəfdaşlıq Müqaviləsiylə təyin edildi. Bu razılaşma ilə iki ölkə arasındakı əlaqələr qardaşlıqla yanaşı həm də strateji tərəfdaşlıq səviyyəsinə çıxmış oldu.

  Son zamanlar Qazaxıstan və Türkiyə əlaqələrində xüsusi fəallıq  nəzərə çarpır. Bunda Qazaxıstanın aktiv xarici siyasəti və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi üzərinə götürdüyü əhəmiyyətli vəzifələrin də rolu var.

  Mərkəzi İstanbulda olan Türk Şurası, mərkəzi Azərbaycanda olan Türkilli Ölkələrin Parlament Assambleyası, mərkəzi Qazaxıstanda olan Beynəlxalq Türk Akademiyası və mərkəzi Türkiyədə olan TÜRKSOY beynəlxalq təşkilatları da üzv ölkələr arasında mədəni, iqtisadi və siyasi əlaqələrin inkişafını öz növbəsində möhkəmləndirir.

  Qazaxıstan və Türkiyə arasında güclü hərbi əlaqə və müdafiə texnologiyaları əməkdaşlığı var. Türkiyə Qazaxıstan Silahlı Qüvvələri zabitlərinin təliminə böyük köməklik göstərir. Türkiyənin müdafiə sənayesinin qabaqcıl şirkətləri Qazaxıstan müdafiə sənayesinə yardım edir. Bir neçə il əvvəl Qazaxıstan - Aselsan zavodunun açılışı ilə iki ölkə arasında hərbi sahədə əhəmiyyətli addım atılmış oldu.  

  Türkiyə ilə Qazaxıstan arasında ticarət əlaqələri də inkişaf etməkdədir. Bir neçə milyon dollarla başlayan ticarət əlaqələri bu gün 4 milyard dollar səviyyəsindədir. Əlbəttə bu kafi deyil, hədəf 10 milyard dollara çıxmaqdır. Amma əsas maneə Qazaxıstan və Türkiyə arasında birbaşa quru yollarının olmamasıdır. Bu problemin öhdəsindən gəlmək üçün planlaşdırılan alternativ yollar məqsədə çatmağa və ticarət əlaqələrinin inkişafına xidmət edəcək.

  Ərdoğan Qazaxıstana səfəri zamanı iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək üçün "Ortaq Tədbirlər Proqramı", "Yeni Sinerji - Ortaq İqtisadi Proqram", "2017-2020-ci illər üçün Dövrü Fəaliyyət Planı", "Türkiyə-Qazaxıstan Qarışıq İqtisadi Komissiyası X Dövr Yığıncağı" müqavilələri imzalandı. Bundan başqa, Türkiyə və Qazaxıstan firmaları arasında təxminən 600 milyon dollarlıq müqavilələrə imza atıldı.

  8 sentyabrda keçirilən görüşlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev nəqliyyat sektorunun əhəmiyyəti və inkişaf etdirilməsinin vacibliyinə toxunaraq dedi: "Ölkələrimiz bu gün də şərq və qərb arasındakı körpü vəzifəsini davam etdirir. Türkiyənin infrastrukturu inkişaf etmiş və böyük əhəmiyyət kəsb edən tranzit bir ölkə olduğu hər kəsə məlum bir həqiqətdir. Bunu nəzərə alaraq Türkiyə tərəfinə Qazaxıstanın nəqliyyat potensialını birlikdə inkişaf etdirmək təklifi etdim".

  Türkiyə şərqin qərbində, qərbin şərqindədir. Buna görə, Asiya və Avropaya birbaşa açılan qapı rolunu oynayır. Qazaxıstan isə Avrasiya İqtisadi Birliyinin üzvü, Rusiya və Çin kimi iki güclü dövlətlə ortaq sərhədləri olan bir ölkədir. Qazaxıstan Türkiyəyə fərqli bazarlara daha rahat giriş imkanı təmin edə bilər. Bu səbəbdən Qazaxıstan və Türkiyə arasında nəqliyyat dəhlizlərinin açılması həm ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, həm də regional əməkdaşlığın dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.

  Qazaxıstan və Türkiyə iki ayrı dövlətdir, amma bir millətdir. Ərdoğan və Nazarbayev iki ölkənin, amma bir türk dünyasının liderləridir. Bu xüsusiyyətlər hər iki liderdə türk dünyasının onlara olan ehtiyac və gözlədiklərini şərh edir və effektiv həllərə ümid verir. Gücünü ümumi tarixi və mədəni köklərdən alan Türkiyə - Qazaxıstan dostluq əlaqələri hər iki ölkənin qarşılıqlı fayda və hörməti əsasında qurulub və bu münasibətlər gün-gündən daha da güclənməkdədir.



Әlaqәli Xәbәrlәr