Dünya musiqisinə yeni formalar gətirmiş dahi

18 sentyabr Azərbaycan Milli Musiqi Günü - ilk dəfə Şərq və Qərb musiqisi arasında sintez yaratmış və dünya musiqisinə yeni formalar gətirmiş XX əsr Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum tarixidir.

Dünya musiqisinə yeni formalar gətirmiş dahi

Türk Avazı 17/2917

   Sənət incilərilə dahilik zirvəsinə ucalan, doğum tarixi Milli Musiqi Günü kimi Azərbaycan tarixində yer alan Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq dünyası. Bu dünyanı dahi şəxsiyyət özü yaradıb, zəngin tərcümeyi-halı,  ziddiyyətli yollardan keçən ömür yolu, parlaq şəxsiyyəti, ölümsüz yaradıcılığı ilə. Bu əlvan və geniş dünyanın hadisələrini - tarixləri, faktları, Üzeyir bəyin ömrünə, musiqi əsərlərinə, publisistikasına aid hər bir məlumatı təkrar-təkrar xatırlamaq və zaman-zaman söyləmək bizim üçün şərəfdir.

    1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlmiş Üzeyirin uşaqlığı qədim Qarabağımızın tacı olan Şuşada keçib. Onun sənət qaynaqlarını bilmədən musiqisinin möcüzəsini, sirrini duymaq çətindir. Bu dühanın qaynaqları başı qarlı dağların, dərin dərələrin, yamyaşil meşələrin dövrələdiyi, bulaqları bal dadan Şuşadır. Gözəl Şuşamız, yaralı Şuşamız! Bir çox məhşur musiqi xadimlərinin vətəni olan bu şəhəri “Qafqazın konservatoriyası” adılandırıblar. Xalqımızın əsrlərdən bəri yaratdıgı nəğmələri Üzeyir ilk dəfə burada eşidib və ömrünün sonuna qədər onlara sadiq qalıb.

   1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Qəlbinə, ruhuna xalq havaları hakim kəsilmiş gənc Üzeyir buraya həm də böyük niyyətlərlə dolu bir ürək gətirmişdi. Onun  arzusu, amalı xalqına xidmət etmək, onun maariflənməsi yolunda işlər görmək, dərsliklər yazmaq, lüğətlər tərtib etmək, tərcümələr etmək idi. Hələ 1897-1898-ci illərdə 13 yaşlı uşaq ikən Şuşada gördüyü bir musiqili səhnəcik Üzeyirin xəyalından heç vaxt çıxmırdı. Görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsüylə məhşur xanəndə Cabbar Qaryağdıoğlunun ifasında göstərilən ”Məcnunun Leylinin məzarı üstündə” səhnəciyi  balaca Üzeyiri çox həyəcanlandırır və illər sonra Şərqin ilk operası olan “Leyli və Məcnun” operası yaranır. Bu yalnız Üzeyir ömrünün faktı deyil, milli mədəniyyət tariximizin əhəmiyyətli hadisəsidir. 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tagıyev Teatrının binasında ilk Azərbaycan operasının ilk nümayişi oldu. Qoca Şərqin opera tarixi bu gündən başlayır. Bu şərəfli salnamədə ilk ad isə 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin adıdır.

   Dünya sənətkarlığının parlaq nümunələrindən olan “Koroğlu” operası ilə Üzeyir Hacıbəyli bir sərkərdə kimi öz millətini mədəni inqilaba, tarixi qələbəyə aparıb. “Koroğlu” opera ənənəsini davam etdirən şah əsərlərdən biridir.

   XX əsrin sonunda başı min bir bəlalar çəkmiş Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxarkən bu hərəkatın çağırış sədası da Üzeyir musiqisi oldu. Qeyret, qəhrəmanlıq, cəngavərlik himni kimi səslənən “Koroğlu” operasının üvertürası xalqımızı meydanlara topladı, düyünlənmiş, havaya qalxmış yumruqları birləşdirdi və xalqı müstəqilliyinə qovuşdurdu.

   Üzeyir bəyin səhnə əsərləri neçə-neçə məhşur teatr ustadının yetişdiyi məktəbdir. Hüseynqulu Sarabskinin Məcnunu, Bülbülun Koroğlusu, Rəşid Behbudovun Əsgəri, Mirzağa Əliyevin Məşədi İbadi, Rübabə Muradovanın Leylisi, Möhsün Sənaninin Qoçu Əsgəri, Ağasadiq Gəraybəylinin Rüstəm bəyi sənət tariximizin qizil səlnaməsidir və neçə-neçə adlarını çəkə bilmədiyimiz artistin, xanəndənin, dirijorun, rejissorun Üzeyir əsərlərində parlayan istedadı var.

  XX əsrin əvvəllərində ziyalilarımız arasında Azərbaycan musiqisi, opera sənətilə bağlı mübahisələr, fikir ayrılıqları var idi. Yalnız tardan, kamançadan, muğamatdan yapışıb qalmaq olmazdı. Azərbaycan musiqisi dünya musiqisinə yaxınlaşmalı, opera, balet, xor, simfonik, kamera, vokal janrları yaranmalı və inkişaf etməli idi. Bu aydın bir həqiqətdir. Yalnız bu yolla irəliləmək üçün muğamatı qurban etmək, tarı susdurmaq mütləq idimi? O dövrdə bir qrup ziyalı “Oxuma tar, səni istəmir proletar!” deyərək bu fikri dəstəkləyir, xalqı öz soy-kökündən ayırmağa cəhd edirdilər. Bu gün bir əsr öndə baş vermiş hadisələrə qiymət vermək, fikir söyləmək çətin deyil. Çətin olan bu illərdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hüseyn Cavid olub Üzeyirliyində, Müslümlüyündə, Cavidliyində qalmaq idi. Bu gün bizim üşün Tarix olanlar o vaxt onlar üçün Tale məsələsi idi.

  Hələ ötən əsrin 20-ci illərində Azərbaycan ziyalılarının, düşünən beyinlərinin kökünü kəsməyi qarşılarına məqsəd qoymuş üzü bolşevik, içi daşnak olan müstəntiqlər Üzeyir Hacıbəylinin tutulub güllələnməsi haqqında sənədlər hazırlamışdılar. Böyük milli faciə ola biləcək bu cinayətin qarşısını Nəriman Nərimanov almışdı. Diktator Stalinin “Koroğlu“ operasını çox bəyənməsi, onunla bağlı xoş sözləri onu təhlükələrdən qorudu. Beləliklə, Üzeyir bəyin dahiliyi mədəniyyətimizi silib-süpürən repressiya firtınalarından onu xilas edib.

   XX əsr bəstəkarı Üzeyir Hacıbəyli ilk dəfə Şərq və Qərb musiqisi arasında sintez yaratmış dahidir. Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdir. Lakin bu janrın özünü yaratmaq beş qat hünərdir. Üzeyir Hacıbəyli musiqimizə yeni formalar gətirdi. Muğam operası ”Leyli və Məcnun”, orijinal musiqili komediyalar “Arşın mal alan”, “Ər və arvad”, “O olmasın bu olsun”, musiqili qəzəl janrının örnəkləri “Sevgili canan”, “Sənsiz” buna parlaq misaldir.

  Üzeyir musiqisi günəşlə, işıqla, sevgilə dopdoludur. Bu musiqi dünyası gənclik eşqi və məhəbbətindən yoğrulub. Bu dünyada müəllif və xalqının ruhu birləşir. Musiqilərinin hər sədası oyanışa, gələcək xoş günlərə qəti əmin olan bir xalqın qəlbindən qopub gəlir.

  Üzeyir Hacıbəyli XX əsr Azərbaycan musiqisinin ilk böyük yaradıcısı olmaqla bərabər həm də bu musiqinin araşdırıcısı, tədqiqatçısı idi. ”Azərbaycan xalq musiqisinin əsasları” adlı  tədqiqat əsəri uzun illərdən bəri çalışmalarının ən sanballı bəhrəsi idi.

  Üzeyir bəy, eyni zamanda, yazıçı, dramaturq, publsist kimi “Molla Nəsrəddin” ədəbi məktəbinin yetirməsidir. Üzeyir Hacıbəyli Musavat partiyasının üzvü, Azərbaycan Demokratik Respublikasının rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaktoru idi. Dövrün elə bir ictimai-siyasi hadisəsi yox idi ki, alovlu Üzeyir publisistikasında öz əksini tapmasın.

   Üzeyir bəy Azərbaycan Demokratik Cümhuriyyətinin milli marşının - bu günkü müstəqil Azərbaycanımızın dövlət himninin müəllifi, qardaş Türkiyəmizdə  dillər əsbəri olan “Çırpınırdı Qara dəniz” mahnısının da bəstəkarıdır.

  Bütöv bir millətin yenilməzliyini, varlığını, şərəfini ifadə edən ölməz əsərlərindədir Üzeyir ucalığı, Üzeyir ruhu. Bu dühanın böyüklüyü haqqında ən dəqiq sözləri bəstəkarın gənclik məsləkdaşı, onun ölum xəbərini vətəndən uzaqlarda eşidən Məhəmməd Əmin Rəsulzadə deyib: ”Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropasayağı mənasıyla millətini hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu mənfəətləri üçün istismar etmişdir. Fəqət, beyhuda, dəmir pərdənin arxasında ona süni marşlar yazdırılsa da, Moskvada çiyni diktatorun əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə əlaqəsi olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan mədəniyyətindən və Azərbaycan-türk tarixindən kimsə ayıra bilməz! O, milli Azərbaycan varlığının dayaqları arasında qalacaq ayrılmaz bir dəyərdir!”

       

  Üzeyir dühası haqqında bildiklərini ipə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr