​​​​​​​Türkiyə və Əfqanıstan münasibətləri

Əfqanıstan İnkişaf Proqramı Türkiyənin ən böyük xarici yardım proqramlarından biridir.

​​​​​​​Türkiyə və Əfqanıstan münasibətləri

Türkiyə və Avrasiya gündəmi_36 / 2017

   “Türkiyə və Avrasiya gündəmi” verilişinin bugünkü buraxılışında biz Əfqanıstan və Türkiyə-Əfqanıstan münasibətlərindən bəhs edəcəyik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  1919-cu ilin 19 avqustunda müstəqilliyini elan edən Əfqanıstan ilk gündən bir çox problemlərlə, xüsusilə də terrorizmlə mübarizə aparır. Ölkənin coğrafi mövqeyi mərkəzi hakimiyyət qurma prosesini çətinləşdirir. Buna görə Əfqanıstan beynəlxalq cinayət təşkilatları və terror fəaliyyətləri üçü münbit sahəyə çevrilib. NATO ölkələrinin terrorizmlə mübarizə səylərinin 2001-ci ildən etibarən uğursuz olduğu Əfqanıstanda terror təhlükəsi səngimir. Ölkədə terror hücumları, intiharları və münaqişələr davam edir. 15 ildir ölkədə təhlükəsizlik qüvvələri və Taliban terrorçuları arasında ağır döyüşlər gedir.

  Əfqanıstanda artan yoxsulluq təhsil və işsizlik qarşısında duran böyük ciddi maneə olub. 2015-ci ildən bəri Əfqanıstan əhalisinin 35 faizi işsizdir. 2016-cı ilədək bu rəqəm 40 faizə çatdı. İşsizlik nisbətinin ən yüksək olduğu şəhərlər isə Kabil, Herat, Nanqarhar, Qəndəhar və Məzari-Şərifdir. İşsizlərin əksəriyyəti gənclərdir. Təxminən 35 milyon əhalisi olan Əfqanıstanda orta hesabla 20 milyon adam gündəlik tələbatına yalnız 1,5 dollar xərcləyə bilir.

  Əfqanıstan dünyada ən çox narkotik istehsal edilən ölkədir. Hökumət 2001-ci il ABŞ-ın işğalından bəri narkotiklə mübarizəyə külli miqdarda pul xərcləyib, amma istehsalı azalmır. Əfqanıstan Narkotiklərlə Mübarizə Nazirliyinin məlumatına görə, “2016-cı ildə 201 min hektardan çox əkin sahəsində əkilən xaşxaş bitkisindən 4,8 min ton narkotik maddə istehsal edilib. Bu rəqəm iki dəfə arta bilər. Əfqanıstanda 3 milyondan çox insan narkotik asılısıdır. Narkotik maddə qəbul edənlərin təxminən 40 faizi qadın və uşaqlardır. Bu hesabla Əfqanıstan dünyada ən çox narkotik istifadə edən ölkədir.

  Siyasi və iqtisadi qeyri-sabitliklərin arasında Əfqanıstanın qonşu Pakistanla olan sərhəd problemi də var. Bu, iki ölkə arasında 19-cu əsrdə ingilislər tərəfindən çəkilən Əfqanıstan-Pakistan sərhəd xəttidir. Amma Türkiyənin bu ölkələrin ikisi ilə də münasibəti yaxşıdır və buna görə onların arasında tarazlıq və dostluq yaranmasına səy göstərir.

  Türkiyə ilə Əfqanıstan arasında ilk diplomatik əlaqələr 1921-ci ildə quruldu. Türkiyə 1920-1960-cı illər arasında Əfqanıstanın modernləşmə səylərini dəstəklədi. Ölkədə idarəetmə, hərbi, mədəni, təhsil və səhiyyə kimi əsas dövlət qurumlarının yaranması və inkişafında mühüm rol oynadı. 1932-1960-cı illər ərzində Türkiyə Əfqanıstana 212 müəllim, həkim, zabit və digər mütəxəssis göndərdi. Əfqanıstanın Sovet İttifaqı tərəfindən təsirlənməsinə qədər bu yaxın dostluq və əməkdaşlıq münasibətləri davam etdi. 1989-cu ildə sovet işğalı başa çatdıqdan sonra da Türkiyə Əfqanıstandakı proseslərə laqeyd qalmadı. İstər xarici aktyorlar, istərsə də ölkədəki bütün qruplarla əlaqə yaradan Türkiyə Əfqanıstanda sabitlik və sülh üçün səy göstərdi və bu gün buna davam edir.

  Türkiyənin Əfqanıstandakı siyasəti dörd əsasa dayanır. Bunlar 1) Əfqanıstanın birlik və bütövlüyünün qorunması, 2) təhlükəsizlik və sabitliyinin təmin edilməsi, 3) ölkədə xalq dəstəyi və iştirakını ön planda tutan siyasi quruluşun dəstəklənməsi, 4) Əfqanıstan və xalqının terror və xarici axınlardan təmizlənərək dinclik və rifaha qovuşmasıdır. Bu istəklərə uyğun olaraq Türkiyə həm ikitərəfli səviyyədə, həm də BMT və NATO səylərini dəstəkləyərək Əfqanıstana əlindən gələn köməyi edir.

  Əfqanıstanın qonşuları ilə əlaqələrin inkişafı da Türkiyənin bu ölkəyə olan yanaşmasının əsas elementlərindən biridir. Bu məqsədlə 2007-ci ildə Türkiyə-Əfqanıstan-Pakistan Üçlü Zirvə Toplantısı və 2011-ci ildə Asiyanın əsas ölkələrinin iştirakı ilə İstanbul Prosesi başlanıb.

  Türkiyənin Əfqanıstanda 2004-cü ildən etibarən apardığı inkişaf proqramı təxminən 1 milyard dollar dəyərindədir və 850-dən çox layihəni əhatə edir. Əfqanıstan İnkişaf Proqramı Türkiyənin ən böyük xarici yardım proqramlarından biridir.

  2016-cı ildə Brüsseldə keçirilən Əfqanıstan Konfransında da Türkiyə 2018-2020-ci illər üçün inkişaf yardımına 150 milyon dollar ayırdı. Həmin il Varşavada təşkil olunan NATO Sammitində isə 2018-2020-ci illər üçün Əfqanıstan ordusuna Türkiyə 60 milyon dollar verdi.



Әlaqәli Xәbәrlәr