Yenilənə Bilən Enerjidə Külək Həmləsi

Yenilənə bilən enerji potensialı yüksək olan Türkiyədə bu sahəyə qoyulan yatırımların sayı hər gün artır.

Yenilənə Bilən Enerjidə Külək Həmləsi

Yenilənə bilən enerji potensialı yüksək olan Türkiyədə bu sahəyə qoyulan yatırımların sayı hər gün artır. Keçən aylarda  Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan Milli Enerji və Mədən Siyasəti bu istiqamətdə atılan ən konstruktiv addımlardan biridir. Türkiyənin yenilənə bilən enerji sahəsində hədəflərinə çatması üçün müəyyən edilən strategiyalarla yol xəritəsini təqdim edən bu siyasətin ana xətlərindən birini yerliləşdirmə strategiyası təşkil edir.

Yerliləşdirmə strategiyası Türkiyədə yenilənə bilən enerji sektorunun inkişaf etdirilməsi və enerjidə xaricdən asılılığın azaldılması məqsədini güdür. Bərpa olunan enerjidən istifadənin genişləndirilməsi üçün isə yerli mənbələrdən elektrik və texnologiya istehsalını hədəfləyən Yenilənə bilən Mənbə Sahələri - YEKA mexanizmi yaradıldı. Bərpa olunan enerji sahəsində dünyanın aparıcı sərmayəçilərini bir araya gətirən YEKA layihələri Türkiyədə yeni investisiya imkanlarını aşkar etdi. Bu strategiya çərçivəsində mart ayında ilk dəfə YEKA günəş enerjisi stansiyası layihəsi üçün tender keçirilmişdi. Ötən həftə isə 12 şəhərdə bütövlükdə 1000 megavatlık külək enerjisi stansiyası qurmağı hədəfləyən YEKA tenderi keçirildi.

 YEKA külək tenderini 3,48 cent/kwh ilə aralarında alman firması “Siemens”in  də olduğu konsorsium uddu. Bu konsorsiumun məqsədi ən azı 2.3 MW gücündə külək turbini istehsal edəcək zavod inşa etmək və 450 külək turbini ilə külək enerjisi stansiyaları yaratmaqdır.

 Türkiyənin mövcud külək enerjisi  gücü 2016-cı ilin sonundan etibarən 6 min 161 MW-dır. 1000 MW- lıq külək enerjisi stansiyası layihəsi  ciddi bir güc artımına səbəb olacaq. 2017-ci ilin iyun ayından etibarən külək enerjisinin ümumi elektrik  gücü daxilindəki payı 7,7 faizdir. Növbəti 21 ay ərzində fəaliyyətə başlayacaq YEKA külək enerjisi stansiyası layihəsi ilə bu nisbətin 8 faizdən çox olacağı təxmin edilir.

3000-dən artıq insanı iş imkanı ilə təmin edəcək  layihənin ən mühüm detallarından birini 65 faiz yerlilik şərti təşkil edir. Bu vəziyyət yerliləşdirmə  strategiyasının ən mühüm hədəflərindən biri olan yerli avadanlıq istehsalına böyük miqyasda dəstək verəcək. Eyni zamanda, layihə çərçivəsində yerli mühəndislərlə keçiriləcək “Elmi Tədqiqat və İnkişaf “fəaliyyətləri texnologiya transferinə  birbaşa yardım göstərəcək.

 YEKA külək enerjisi stansiyası tenderinə aralarında Almaniya, Çin və ABŞ şirkətlərinin də olduğu dünyanın ən böyük 10 külək turbini istehsalçısı maraq göstərdi. Bu vəziyyət xarici sərmayəçinin Türkiyə iqtisadiyyatına olan etimadının və investisiya qoymaq üçün olduqca maraqlı olduğunun  göstəricisidir. Bu baxımdan, YEKA layihələri çərçivəsində həyata keçiriləcək hər tenderin xarici sərmayəçinin diqqət mərkəzində olmağa davam edəcəyi fikrini yürütmək olar.

 Hətta qarşıdakı dövrdə Türkiyədəki Yenilənə Bilən Mənbə Sahələrinin sürətlə çoxalması Türkiyəyə bərpa olunan enerji investisiyalarında lider olan Böyük Britaniya, Fransa və Almaniya ilə rəqabət edə biləcək bir mövqe qazandıracaq.

Yenilənə bilən enerji sahəsinə aid yatırımlarda baş verən bu artım zamanla idxal enerji istehlakının azalmasına səbəb olacaq. Hazırda yüksək cari kəsir rəqəmlərini ortaya qoyan amillərdən birini idxal enerji hesabları təşkil edir. Bu halda cari kəsir rəqəmlərinin azaldılması üçün əvvəlcə müəyyən miqdarda idxal enerji istehlakının yerinə yenilənə bilən enerji mənbələrinin keçməsi zəruridir. Bu nöqtədə yerli istehsal nəticəsində əldə ediləcək olan külək turbinləri və günəş panelləri dövrəyə girəcək.

 Qarşıdakı dövrdə yerli külək turbini və günəş paneli istehsalına başlanması ilə Türkiyənin külək və günəş enerjisi sahələrinin malik olduğu potensial bir daha ortaya çıxacaq.

Beləliklə, Türkiyə alternativ enerjidə 2023-cü il hədəflərinə mövcud layihə və yatırımların müşayiəti ilə  əmin addımlarla irəliləyir. Bu irəliləyiş Türkiyənin külək və günəş enerjisi başda olmaqla, yenilənə bilən enerji sahəsindəki məqsədlərinə çatmasına olduqca yaxın olduğunu göstərir.

 

 



Әlaqәli Xәbәrlәr