Bu səs sükuta dalmış göyü də dilləndirir...

Səsi ilə insan daxilini təmizləyən, paklaşdıran bu alətimizi elə Azərbaycan milli musiqisinin təmiz nəfəsi, ağ ciyəri adılandıra bilərik.

Bu səs sükuta dalmış göyü də dilləndirir...

Türk Avazı 14/2017

        Müğənni, tək bircə gecə də çal tar,

        Məni bu dar yolda əzabdan qurtar.

        Bəlkə genişlənsin, açılsın yolum,

        Keçim bu daşlıqdan, asudə olum.

  Bunları dahi Azərbaycan şairi Nizami Gəncəvi deyir.

  Könül dünyamızın sarı simi, ecazkar səsilə ruhumuza qida verən, şad günümüzdə bizi sevindirən, dar günümüzdə qəlbimizi ovunduran tardan söhbət açırıq bu gün.

  Azərbaycan milli müsiqi aləti olan tar xalqımızın çoxəsrlik sərvətidir. Aqillər onu insanın ağ ciyərlərinə bənzədib. Səsi ilə insan daxilini təmizləyən, paklaşdıran bu alətimizi elə Azərbaycan milli musiqisinin təmiz nəfəsi, ağ ciyəri adılandıra bilərik.

   Yazılı mənbələrdə bildirilir ki, tarı X əsrdə Xorasanın Fərab kəndində dogulmuş, türk əsilli Əbu Nəsr Fərabi yaratmışdır. Lüğəti mənası tel, sap deməkdir. Dütar, setar, çahartar, pənctar, şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir.

  Digər musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır.

  Tarın adına orta əsr klassik yazarlarımızdan Qətran Təbrizi, Nizami Gəncəvi, Məhəmməd Füzulinin əsərlərində rast gəlinir. Orta əsr rəssamlarının rəsmlərində də bu musiqi aləti təsvir olunub. Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi “Tar çalan qız” əsəri bu baxımdan maraqlıdır.

   Bütün Qafqazda birinci tarzən sayılan, muğam ifaçılıgında şəksiz ilk sirada dayanan Mirzə Sadiq Əsəd oğlu və ya Sadiqcan XIX əsrin ikinci yarısında  tarın forma və quruluşunda dəyişikliklər etdi. O simlərin sayını 5-dən 11-ədək artırdı, tutma qaydasını da dəyişdirərək diz üstdən sinəyə qaldırdı. Tarda ifaçılıq üslubunu təkmilləşdirməklə onu mükəmməl solo aləti səviyyəsinə qaldıran Sadıqcanı müasir Azərbaycan tarının atası adlanır. Məhz onun yaratdıgı Azərbaycan tarı Qafqaz və Orta Asiyada geniş yayılıb.

                Güş qıl ey ki bilirsən özünü vaqifi kar,

                Agəh ol, gör ki nədir naleyi ney, nəgmeyi tar,

                Nədir ol xüşk olan çubdə bu naleyi zar

                Ki, sədasından onun qarət olur səbrü qərar

                Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

   Quruluş və formasına görə başqa musiqi alətlərindən fərqlənən tar üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tut, qol və kəllə hissəsi qoz, səsinin tənzimlənməsi üçün kəllə hissədə yerləşən aşıqları isə armud ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm.-dir. Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif qalınlıqlı 11 metal simi vardır. Sümükdən hazırlanmış kiçik mizrabla dilləndirilir.

                Tar səsinə qulaq as, bu səs elin nəfəsi.

                Bu səs gözlərdən axan yaşların damcı səsi.

                Bu səs sükuta dalmış göyü də dilləndirir.

                Ulduzlar da bu səsin önündə baş endirir.

  Sovet dövründə bu milli musiqi alətimizə ikili münasibət olub. Bolşevizm ideologiyasına qul olan bəzi “ziyalılarımız” onu köhnəlik əlaməti sayır, tədrisini yasaqlamağa çalışır, xalqın milli ruhunu öldürmək istəyən rus şovinizmini dəstəkləyirdilər. Və nə yaxşı ki, milli ruha söykənən əsl xalq vətənpərvərləri olan Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əfrasiyab Bədəlbəyli kimilər ölümün gözünə dik baxaraq tarimizi müdafiəyə qalxdılar.

  Mükayil Müşfiqin “Oxu, tar” harayı səsləndi bu zaman. Ən yüksək kürsülərdə oturanlar belə tarı susdura bilmədilər.

                Oxu tar! Oxu tar!

                Səsindən ən lətif şeirlər dinləyim,

                Oxu tar! Bir qədər

                Nəğməni su kimi alışan ruhuma çiləyim!

                Oxu tar! Səni kim unudar?

                Ey geniş kütlənin acısı, şərbəti, alovlu sənəti!

                Gözləri qibləyə açılan hasarlı binalar

                Dinləmiş əzəldən səsini

                Papaqlı atalar, çadralı analar

                Ötürmüş sayəndə köksünü.

                Düşmüşlər gah acı, gah şirin toruna,

                Sevinə-sevinə, qoruna-qoruna.

                Çarparaq Çargahın divardan-divara

                Yolçunu yolundan eyləmiş avara.

                Çalxalanmış dərələr, təpələr

                Səs vermiş səsinə ləpələr

                Oxu tar!

                Nədimlər, Vaqiflər,

                Gözəllik sirrinə vaqiflər

                Həp səni dinləmiş,

                Oxumuş,inləmiş.

                İndi də bizimçün oxu, tar,

                Səni kim unudar?

  Azərbaycan xalqının milli ruhlu, vətənpərvər övladı Üzeyir Hacıbəyli də bir dahidir. O tara yeni həyat qazandıraraq bu alətin dünya səhnəsinə çıxması yolunda yorulmadan çalışıb. Üzeyir Hacıbəyli iki fərqli mədəni-ənənəni milli və Avropa ənənlərini birləşdirib.

  1908-ci il 12 yanvar! Bakıda Şərqin ilk milli operası olan “Leyli və Məcnun”un ilk göstərisidi. Azərbaycanın bütün bölgələrindən sənətsevərlər axışıb gəlmiş, teatr binasına sığmayan çox sayda insan isə küçədə toplanmışdı. Belə olan halda teatr binasının bütün pəncərələrini açdılar. İlk dəfə opera səhnəsindən muğam səslənir və tar simfonik orkestrin heyətində idi. Tar qüdrətli solo aləti kimi Üzeyir dahiliyi ilə birləşərək zalı lərzəyə gətirir, qəlbləri titrədirdi. Tarzən Qurban Pirimov çalır, Hüseynqulu Sarabski oxuyurdu.

  Dünya musiqisinin incisi olan muğam tarın səsilə sehirlənir. Azərbaycan tarı milli musiqilərimizi, muğamları dilləndirməklə bərabər dünya xalqlarının da dilində danışır.

  XX əsrdə tar sənətinin mahir ifaçıları və biliciləri yetişib. Qurban Pirimov, Bəhram Mənsurov, Hacı Məmmədov, Həbib Bayramov, Əlikram Hüseynov, Sərvər İbrahimov, Ramiz Quliyev, Möhlət Müslümov, Zamiq Əliyev və başqa tarzənlər tarı göylərə qaldırıb.

  1967-ci ildə UNESKO-nun nümayəndələri Bakıda olarkən Bəhram Mansurovun ifasını dinləyirlər. Beynəlxalq Musiqi İnstitutunun müdiri Alen Danielo Parisə qayıtdıqdan sonra xatirələrini belə dilə gətirir: ”Bu səs, bu çalgı heç nə ilə müqayisə edilə bilməz. Mən onun ifasının əsiri olmuşam. Axtardığım əsl xalq musiqisini Azərbaycanda eşitdim.”

  UNESKO-nun bəşəriyyətin qeyri-maddi irsi siyahısına daxil edilən Azərbaycan tarı, ifaçılığı artıq bütün dünyanın mədəniyyət xəzinəsinin bir gövhəridir. Bəşəriyyət var olunca Azərbaycan tarı və tar sənəti də yaşayacaq, inkişaf edəcək, seviləcəkdir.

                                                                      İpə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr