Qəzəl deyəndə göz önünə Füzuli gəlir

"Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim. İnsan gövhərində isə sözdən şərəfli bir cövhər tapmadım”, M.Füzuli

Qəzəl deyəndə göz önünə Füzuli gəlir

Türk Avazı 8/2017

  Yaxın Şərqdə dastan deyəndə Firdovsi, rübai deyəndə Xəyyam, mənzum-roman deyəndə Nizami yada düşürsə, qəzəl də deyəndə Füzuli göz önünə gəlir. Məşhur qəzəlləri, poemaları ilə möhtəşəm bir yerə sahib olan və qəlb şairi kimi şöhrətlənən Füzulinin ədəbi irsində məna və elm yüklü qəsidələri də böyük yer tutur. Qəsidələrinə yazdıgı müqəddimədə şairin şerə, sənətə, insana münasibəti bu sözlərə əsaslanır: ”Əşyanın keyfiyyətini təhqiq üçün fərasət gözümü açdım. Hikmət əsərlərinin tamaşası çölünə təfəkkür qədəmi qoydum. Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim. İnsan gövhərində isə sözdən şərəfli bir cövhər tapmadım”.

  Qəsidələrində mədh xarakterli, dini-fəlsəfi mahiyyətli, dövrünün maraqli tarixi hadisələri də öz əksini tapmışdır. Dövrünün saray şairlərindən fərqli olararaq Füzuli qəsidələrində mənasız təriflərə yer vermir, əksinə, öz müasirləri olan şahlara, sultanlara, xanlara səslənib onları ədalətə dəvət edir, xalqla yaxşı rəftar etməyə çagırır.

  Füzuli saraya meyilli şair olmayıb. Füzuli qəsidələrində təbiət təsviri və elmi biliklərin təbliği əsas yer tutur.

  Füzulinin “Ənisül-Qəlb” əsəri Xaqaninin məşhur “Şiniyyə” qəsidəsinə nəzirədir. Şair bu məhşur qəsidəsini belə izah edir: ”Həmin aynanın köməyilə nəzmim özünü elə bəzədi ki, onun hüsnü-surətini görənlər heyran qaldı. Tikdiyim binanın əsası səbir daşından, Helm suyundan və elm torpağından qoyulmuşdur”.

  Dövrünün elmlərini mütaliə yolu ilə öyrənərək hətta şeirin belə elmsiz olmayacağı, elmə dayanacagı fikrini ədəbiyyata Füzuli gətirdi. Sufi bir şair olan Füzuli elmin hüdudları içərisində təsəvvüfün ən incə hikmətlərini yerləşdirməyə çalışıb. Böyük zəkaya sahib ustad dərin zəka ilə şairliyi birləşdirib.

  Qəsidələrini  İslam Şərqinin üç aparıcı dilində - türkcə, ərəbcə və farsca qələmə almış ustad şair bu sahədə də ana dilinə üstünlük vermişdir. Füzuli sənətindəki sərhəd tanımayan incəliyə Azərbaycan türkcəsində yazılmış şerlərində rast gəlinir.

  Füzuli türkcədə incə şeir yazmağın çətinliyini anlayıb, fəqət yorulmadan dilimiz üçün çalışıb. O yazdığı əsərləri ilə türkcənin qüdrətini göstərib və dilimiz haqqında o dövrdə söylənən “bəhərsiz və qaba” fikrini aradan qaldırıb. Füzuli ilə türkcədə güllər açıb, dilimizdə şah əsərlər yaranıb.

  Beş yüz ildən artıqdır bir ömür yaşayır Məhəmməd Füzuli. Bu ömrün çox az bir hissəsində yazıb-yaratdığı söz inciləri ilə dahilik zirvəsini  fəth edən, qalan əksər hissəsində isə ona yazılan mədhiyyələr, nəzirələr, şer inciləri ilə oxşanan Məhəmməd Füzuli Azərbaycan türkçülüyünün iftixarıdır.

  Uşaqlığını Ağqoyunlu türk dövlətinin, gənclik illərini Səfəvi hökmdarı Şah İsmayılın, yetkinlik və qocalıq illərini isə Osmanlı Sultan Süleymanın hakimiyyətində kecirən Füzuli dövlət xadimlərinə də bir sıra qəsidələr yazıb. 1534-cü ildə Sultan Süleyman Bağdadı fəth etdiyi zaman Füzuli Osmanlı hökmdarını “Geldi bure-i evliyaya Padişahi-namdar” misrali “Bağdad” qəsidəsi ilə salamlayır.

  Füzuli qəsidələrində dəfələrlə Bağdad şəhərinin təsvirini, tərifini vermişdir. Sultan Süleymana ithaf etdiyi bu qəsidədə о, Şərqin qədim şəhərlərindən biri оlan Bağdadı belə təsvir edir:

Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar,

Səfheyi-əyyamə qılmış səbt vəsfi-hər diyar.

Büq’eyi-Bağdadın etmiş künyətin Darüs-səlam

Kim, оna təslimü təhsin edə hər kişvər ki, var...

  Füzuli Bağdadda dəfn оlunmuş müqəddəs şəxsiyyətləri, elm və sənət adamlarını xatırlayır, məşhur dövlət adamlarının hər zaman burada hökmran оlduğundan bəhs edir. Bağdadın mənəvi aləminin Leyli və Məcnunlar, Fərhad və Şirinlər yaratdığını, ədalət şəhəri оlduğunu göstərir.

  Füzulinin məhşur qəsidələrindən biri də Həzrəti Məhəmməd Peygəmbərə eşqini ifadə etdiyi “Su” rədifli  qəsidəsidir. Bu qəsidə şairin türkcə divanında yer almışdır. Məhəmməd Füzulinin dini-fəlsəfi mövzuda yazdıgı ən qiymətli əsərlərindən biridir “Su” qəsidəsi.

Saçma ey göz eşktən könlümdəki odlarə su

Kim bu dənlü dutuşan odlarə qilmaz çarə su

Zərrə zərrə haq-i dərgahına istər sala nur

Dönməz ol dərgahdan gər olsa parə parə su.

  Bir ayagını çölə atan, digəri ilə suya dalan Füzuli suyun qiymətini anlaya bilən yeganə şair olub. Suyun rəhmət olmasını Həzrəti Məhəmmədin insanlara rəhmət olmasına bənzədir. Xüsüsən cografiyası susuz olan bir məkanda yaşayan Füzuli Həzrəti Peyğəmbərə duydugu dərin sevgini belə ifadə edir: “Çöl üçün su nədirsə, aləm üçün də Rəsullullah odur.”

  Bütün klassik Azərbaycan ədəbiyyatda Füzuli qədər baharı tərənnüm edən ikinci şair yoxdur. Onun “Bahariyyə”sindəki “Gül” qəsidəsində şair qizilgülü belə əzizləyir:

Çıxdı yaşil pərdədən ərz eylədi rüxsar gül

Sildi mirat-i rəmz-i pakdan jəngar gül

Yetdi ol mövsüm ki,ola izhar-i hikmət qılmaga

Ola gülşəndə rəyahın xeylinə sərdar gül

  Təbiətə, bahar fəslinə sevincək misralar düzən, özü demiş, “Baharəngiz” qəsidələr qatarı yaradan Füzuli qışda da baharı arzulayır və bu gerçəkliklə təskinlik taöır ki, “Qışdan sonra yenə bahar gələcək”.

Kəsmə bəhar-i lütfi kərəmdən ümidini

Təçdil-i rəxt-i tazəyə olgil ümidvar.

  Məhəbbət, bahar və söz. Füzulinin qələmi və ilhamı bütün yaradıcılığı boyu hansı səmtə yönəlsə də, mütləq bu cığırlardan keçib. Əlbəttə ki, gəlişiylə dirildən, dirçəldən, təravət gətirən bir daha gələcəkdir. Füzulinin Özu və Sözü kimi!

 

                                                    İpə-sapa düzdü Gülparə Bayram



Әlaqәli Xәbәrlәr