Türk ədəbiyyatında ondan böyük bir isim yoxdur

Söz mülkünün sultanı, türk dünyasının nəhəngi, qəlb şairi, eşq şairi Məhəmməd Füzuli. Bayat türkləri tariximizə Oğuz ozanı Dədə Qorqud və Füzuli kimi dühalar verib.

Türk ədəbiyyatında ondan böyük bir isim yoxdur

Türk Avazı 7/2017

               Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

                Diri olduqca libasım budur, ölsəm kəfənim.

                Canı canan diləmiş verməmək olmaz, ey dil!

                Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

                Edəməm tərki-Füzuli səri-kuyin yarın,

                Vətənimdir, vətənimdir, vətənimdir,vətənim!

  Füzuli təxəllüsü ilə tanınan Molla Məhəmməd Süleyman oglu Bağdadi 1494-cü ildə Kərbəla yaxınlığındakı Hildə qəsəbəsində dogulub. O, 24 Oğuz soyunun bir qolu olan Bayat boyuna mənsubdur. Bayat türkləri tariximizə Oğuz ozanı Dədə Qorqud və Füzuli kimi dühalar verib. Tədqiqatçıların gəldiyi qənaətə və rəvayətlərə görə, Füzulinin atası Süleyman Ərəş mahalının Bayat kəndindən Kərbəlaya koçüb.

                Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

                Eşq afəti-can oldugu məşhuri-cahandır!

                Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!

                Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

                Eşq içrə əzab oldugun ondan bilirəm ki,

                Hər kimsə ki, aşiqdir, işi ahü-fəğandır!

                Gər dersə Füzuli ki, “Gözəllərdə vəfa var”

                Aldanma ki, şair sözü əlbəttə yalandır.

        İslam Şərqinin üç möhtəşəm dili - türk, fars, ərəb dillərində bənzərsiz poeziya nümunələri yaradan, ümumtürk ədəbiyyatınin banisi olan Füzuli dühası haqqında bu sözləri deyə bilərik: “Füzuli Şərq dünyasında dogmuş bir Günəşdir. Asiya ədəbi məktəbinin ən böyük lirik şairidir. Yaxin Şərqin yetişdirdiyi Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz dahilərin arasında əzəmətlə dayanan şəxsiyyətdir.”

  Füzulinin şerimizdə yeri ucalardan ucadir. O, misra-misra, beyt-beyt böyükdür. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişmədi.

                Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə.

                Onda bir zövq artıran hər dürlü nemet düzmüşəm.

                Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm,

                Fərqi yox ya türk gəlsin, ya ərəb, yaxud əcəm.

                Kim gəlir gəlsin, aparsın hər nə istər xatiri.

                Qurtaran nemet deyil, süfrəmdən olmaz heç hə kəm

        “Ey Füzuli, nə əməl qılsan, xətadır qeyri-eşq” deyən şair dünyada bundan böyük əməl tanımır. Eşq Füzuli şerinin təkcə mövzusu yox, mahiyyəti, mayasıdır.

   Füzulinin eşqi sufi eşqdir, ilahi eşqdir, eşqi-mütləqdir. Onun sözü Allahdan gəlir. Dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi, filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük aşiqidir.

                Məndən Füzuli istəmə əşarü-mədhü-zəmm.

                Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

                Məndə Məcnundan füzun aşiqlik istedadı var.

                Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

                Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,

                Nütfeyi-qabil dürür, ğəmzən kimi ustadı var.

                Öylə bədhaləm ki, əhvalım görəndə şad olur,

                Hər kimin kim dövrü cövründən dili-naşadı var.

                Ey Füzuli, eşq mənin qılma nasehden qəbul,

                Əql tədbiridir ol, sanma ki bir bünyadı var!

        “Füzuli Şərqin şərq olandan bəri yetişdirdiyi ən səmimi və ən həssas şairdir. Bütün türk ədəbiyyatında ondan böyük bir isim tapmaq mümkün deyil”. Bu sözlərin müəllifi tanınmış şərqşünas alim Mister Kibbdir. Kibb onu da qeyd edir ki, “Füzuli əsərlərini Türk-İran sərhədi boyu danışılan, Azərbaycan adlanan dialektdə yazıb”. Ana dilində bədii nəsrin əsasının qoyulması onun adı ilə bağlıdır.

  Füzulini türk ədəbiyyatının banisi sayan Firudin bəy Köçərli yazır: ”Türk dilinə rövnəq verən, onu xarü-xaşakdan təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olub. Bununla da biz türklərin üstünə, ümumən də Azərbaycan türklərinin boynuna böyük bir minnət qoyubdur.”

                Xəlqə agzin sirrini hər dəm qılır izhar söz,

                Bu nə sirrdir kim, olur hər ləhzə yoxdan var söz.

                Artıran söz qədrini sidqilə qədrin artırar,

                Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

                Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

                Edə hər saət səni ol uyqudan bidar söz.

        Füzuli “Leyli və Məcnun”, ”Bəngü-Badə”, ”Söhbətül-Əsmar”, ”Şikayətnamə”, ”Ənisül-Qəlb”, ”Rindü-Zahid”, ”Səhhət və Mərəz”, ”Mətləül-Etiqad” kimi dahiyanə qələmə alınmış elmi-fəlsəfi əsərlərin, yüzlərlə qəzəlin, qitə və qəsidələrin, muxəmməs və rübailərin, tərcibbəndlərin, tərkibbəndlərin müəllifidir.

   ”Leyli və Məcnun” dünya ədəbiyyatının misilsiz bədii abidələlrindəndir. Burada dərin qüssə, dünyəvi kədər var. Bu kədər zəmanənin, mühitin əyani görüntüsüdür.

                Könlüm açılır zülfi-pərişanını görgəc.

                Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

                Baxdıqca sənə qan saçılır didələrimdən,

                Bağrım dəlinir navəki-müjganını görgəc.

                Sən hali-dilin söyləməsən nola, Füzuli.

                El fəhm qılır çaki-giribanını görgəc. (“Leyli və Məcnun”dan)

        Məcnundan artıq aşiq olan Füzuli irsi nəcib, ülvi hisslər aşılayan fəlsəfi romantik poeziyadır. Füzuli təkrarolunmaz ustaddır. Görkəmli tədqiqatçı Bəkir Çobanzadənin sözləri ilə desək, “İstiqbal Füzuli kimi səmimi şairlərindir.”

 Əsl ədəbiyyat bəşəri dəyərinə görə klassika nümunəsinə aid edilir. Klassik ədəbiyyat isə həmişə müasirdir, həmişə yenidir, həmişə örnəkdir. Bu baxımdan turk lirikasinin ustadı, babası sayılan Füzulinin ədəbi irsi vaxtdan ucada dayana bilib, zamandan kənardadır. Bütün dövrlər uçun bitkin sənət möcüzəsidir. Zaman-zaman nəsillər bu bitməz-tükənməz sənət xəzinəsindən mənən qidalanıb və qidalanır. Nə qədər ki, dünya və məhəbbət var, eşq var, Füzuli də olacaq. Türk xalqları və türk dili durduqca Füzuli yaşayacaq.

                                                               İpə-sapa düzdü Gülparə Bayram   

               

       



Әlaqәli Xәbәrlәr