Mövlana bütün insanlığa xitab edən filosof-şairdir

Qaranlıq gecələrdə yaslı könüllərə təsəlli verən səs Mövlananın səsidir. Onun kəlamları ölümdən qorxanlara, yaşamaqdan bezənlərə yeni nəfəs verir. Üfüqdən üfüqə gedən eşqin səsi Mövlanadadır.

Mövlana bütün insanlığa xitab edən filosof-şairdir

Türk Avazı 6/2017

  XIII əsrin dahi şəxsiyyətlərindən olan, içində böyük bir Allah sevgisi daşıyan, ilahi yolun yolçusu, böyük təsəvvüf və dövrünün məhşur şairlərindən olan Mövlana Cəlaləddin Rumi 1207-ci ildə Xorasan vilayətinin Bəlx şəhərində dünyaya göz açıb. Onun atası türk olan Hüseyn Hatib oğlu Behli, daha dəqiq desək, Mövlana Mehmet Bahəddin Vələd, anası isə Bəlx əmiri Rüknəddinin qızı Möminə xatun olub. Elm və irfan nüfuzuna görə xalq arasında böyük hörmətə malik olan Bahəddin Vələdə həm də “Savadlılar sultanı” adı vermişdilər.

  Ölkədə yaranmış mürəkkəb siyasi vəziyyətlə əlaqədar ailə Bəlxdən ayrılaraq Nişapur şəhərinə gəlir. Hələ kiçik yaşlarından ağlı ilə hər kəsi heyran qoyan Cəlaləddinin o zaman 5 yaşı vardı. Dövrünün böyük şairlərindən olan Firudin Əttar kiçik Cəlaləddini çox sevir, hətta “Əsrarnamə” əsərində də ondan bəhs  edir. Sonralar Bahəddin Vələdin karvanı Nişapuru tərk edərək Bağdada, buradan Kufə yolu ilə Məkkəyə, sonra Mədinəyə, oradan da Şama keçir. Şamda dövrünün məhşur şəxsiyyətlərindən olan Mühiddin Arabi kiçik Mövlananı görüncə onun ağlına heyran qalır və deyir: “Sübhənallah, nəhəng bir dərya kiçik bir gölün arxasından gedir.”

  Gənc Mövlananın təhsil və tərbiyəsi ilə atası Bahəddin Vələd özü məşgul olur. Onun yetişməsində Seyid Bürhanəddinin də böyük xidmətləri olur. O ilk təsəvvuf dərsini bu şeyxdən alır. Çox savadlı şeyx olan Seyid Bürhanəddin Mövlanaya 9 il mürşidlik edir və Mövlana da ona ürəkdən bağlanır.

  Cəlaləddin Ruminin həyatından danışarkən onun başqa böyük türk təsəvvüf şairi Şəms Təbrizi ilə dostluğundan danışmasaq, olmaz. Onlar 6 ay xəlvətə çəkildilər və təsəvvüfün əsrarına daldılar. Bu mohtəşəm dostluq başqa bir verilişin mövzusudur...

  “Allaha çatacaq çox yol var, mən bunlardan Eşqi seçdim” deyən Cəlaləddin Rumi artıq bu dövrdə böyük bir alim olmuşdu və minlərlə şagirdi var idi. Cəlaləddin Rumi din xadimi və böyük türk təsəvvüf şairi idi. Burada onu deməliyik ki, təsəvvüf İslamı Allaha məhəbbət dininə çevirdi, Allaha sevgini anlatdı insanlara. Təsəvvüf yolunun yolçuları olan ariflər Allaha sonsuz eşqi insanın bu İlahi varlığa yaxınlaşmağının, onun razılığını almağın ən başlıca amili hesab edirdilər. Böyük Yaradana olan eşq insanda onun yaratdığı şeylərə məhəbbət yaradır. İlahi yolun yolçusu ilk növbədə Allaha qovuşmaq üçün onun razılığını almalıdır. Bu isə böyük qüdrət sahibinin yaratdığı hər bir varlığa qarşı sevgi və məhəbbətdən keçir. Sevgi və istəyin bu şəkildə zahiri irfanda eşq adlanır və bu, məhəbbətin ən yüksək zirvəsidir. Sufilərdə özünü kamilləşdirmə əsas məqsəddir. Çünki yalnız kamil insan həqiqi sevə bilər və həqiqəti anlaya bilər.

  Mövlana təsəvvüfünün eşq təfəkkürü çox qüvvətlidir. O, dünyaşöhrətli məsnəvilərində təsəvvüfü böyük qüdrətlə ifadə edir. Mövlana vəhdəti-vücüda inanır. Onun düşüncəsinə görə, bütün kainat və əşya mütləq bir varlığa sahib deyil, yalnız Allaha izafətlə mövcuddur. Kainatın sirrlərinə vaqif  olmaq üçün qəlbin təmizlənməsi vacibdir. Mövlananın bu düşüncələri məsnəvilərində açıq-aydin görünür. Onun əsərlərindəki fəryad eşqin səsidir. Bu misralarda ədəbi camalın damla-damla nurları mövcuddur. O gözəlliyi görərək durmadan yazmışdır. Onun fikirləri gözəlliyi, həqiqəti və yaxşılığı axtaran bir müjdəçi olmuşdur. Qaranlıq gecələrdə yaslı könüllərə təsəlli verən səs Mövlananın səsidir. Onun kəlamlari ölümdən qorxanlara, yaşamaqdan bezənlərə yeni nəfəs verir. Üfüqlərdən üfüqə gedən eşqin səsi Mövlanada vardır. Mövlana bir zümrəyə deyil, bütün insanlığa xitab edən bir şəxsdir.

  Mövlana deyir:

Sevgidə günəş kimi ol,

Dostluq və qardaşlıqda axar su kimi ol.

Xətaları örtməkdə gecə kimi ol,

Təvazökarlıqda torpaq kimi ol.

Hirslənərkən ölü kimi ol.

Hər nə olursan ol:

Ya olduğun kimi görün,

Ya da göründüyün kimi ol.

   Kimlə gəzdiyinizə, kimlə dostluq etdiyinizə diqqət edin, çünki bülbül gülə, qarğa zibilə aparır.

   Qəlb bir baxçadır. Orada mütləq bir şeylər bitəcək. O halda gözəl şeyler əkin ki, gözəl şeylər də bitsin.

   Yaşıllardan, çiçəklərdən meydana gələn baxşa keçici, fəqət ağıldan yaranan gül baxçası hər zaman yaşıl və gözəldir.

   Bir şeyin üstünə gedərkən o, səni dura bilməyəcəyin nöqtəyə gətirirsə, əsla vaz keçmə. Bax, elə ora sənin taleyinin dəyişəcəyi nöqtədir.

   Bəzən bitmək bilməyən dərdlər yağmur olub üstünə yağar, amma rəngarəng göy qurşagı da yağmurdan sonra çıxar.

   Minarədən düşənin parçası tapılar, amma könüldən düşənin parçası tapılmaz.

   Qüsur tapmaq üçün baxma birinə,

   Tapmaq üçün baxsan, taparsan.

   Qüsuru örtməyi mərifət et özünə,

   Bax, o zaman qüsursuz olarsan.

   Bildiklərini anlat, amma ağıl verməyə çalışma. Söylənənlərə diqqətlə qulaq as, amma hamısını doğru sanma. Səssiz qalmaq bir şey bilmədiyin anlamına gəlməz. Çox danışmaq çox şey bildiyini göstərməz. Hər kəsi özunə bərabər hesab et. Kim olursa olsun, bir insanı kiçiltmək ağılsızlıqdır. Cəsarət ağıldan doğursa, cəsarətdir, savadsıqlıqdan gəlirsə, cəhalətdir. Göz yaşının belə bir vəzifəsi var: sonra gələn gülümsəmə üçün təmizlik edərmiş. Necə insanlar gördüm uzərində paltar yox, necə paltarlar gördüm içində insan yox. Eşq məhkəməyə (davaya) bənzəyər, cəfa çəkmək şahidə, şahidin yoxdursa, qazana bilməzsən. Bu dünyada nəyi çox sevsən, o, sənin imtahanındır. Lazım deyil hər sözü anlatmaq: bir baxış min söz edər baxışdan anlayana. İnsan bir ağaca bənzər ki, kökü sözünün üstündə durmaqdır. Heç bir şey göründüyü kimi deyil: bu gün həyat verən su sabah səni boğa bilər. Bir dəlil ilə 40 alimi susdurdum, 40 dəlil ilə bir cahili susdura bilmədim.

Gülü gülənə ver,

Qəlbini sevənə ver.

Sevmək gözəl, sən onu

Qiymətin bilənə ver.

  Mövlananın “Məsnəvi”si 25618 beytdən ibarətdir. Bu əsər bir çox dünya dillərinə tərcümə olunub. Digər əsəri “Divani Kəbir”də 2073 qəzəl vardır. Üçüncü əsəri isə “Məktubat” adlanır. Bu əsər 147 məktubun toplusudur.

  Mövlana Cəlaləddin Rumi ömür boyu oxudu və ariflər üçün qəbul olunmuş əqidəyə, Allah sevgisisni daşıyan ən yüksək vəhdət məqamına çatdı.

  Vəfat etmədən (1273) öncəki illərdə Konyada tez-tez zəlzələlər baş verdi. Xalq Mövlanadan bunun sirrini soruşduqda o gülümsəyərək belə cavab vermişdi: “Yerin qarnı acdı, yaxında yağlı bir tikə udub sakitləşər”. Artıq Mövlana yaxında həyatdan köçəcəyini hiss etmişdi. Bu səbəbdən də durmadan qəzəllər yazırdı.

  Mövlana hər zaman böyük bir sevgi ilə yad edilmiş və ediləcək böyük şəxsiyyətdir. Bu cür şəxsiyyətlər ölmür. Onlar hər zaman qəlblərdə yaşayır.

       

  Müəllif Gülparə Bayram



Әlaqәli Xәbәrlәr