Muğam həyatımızın hissəsi deyil, o, bizim özümüzdür

Muğam Azərbaycan musiqisinin şah damarı, onun təməl daşıdır.

Muğam həyatımızın hissəsi deyil, o, bizim özümüzdür

Türk Avazı 5/2017

  Bəşəriyyətin şah əsəri sayılan muğam sənəti Azərbaycanı bütün dünyada tanıdan milli sərvətimiz, musiqi xəzinəmizdir. İlahinin bizə ən böyük lütfü olan muğam öz təkrarolunmaz avazı ilə insan qəlbinin dərinliklərinə nüfuz edir, ruhumuzu təmizləyir, paklaşdırır. Muğam bir türk uçun təfəkkür tərzi, mənəviyyat, fəlsəfi fikirlərin ifadəsi, dünyagörüşü və nəfəs aldığı havadır.

        Muğam Azərbaycan musiqisinin şah damarı, onun təməl daşıdır. Bu günkü proqramımızda Azərbaycan xalq musiqilərinin əsasını təşkil edən, XX əsrin əvvəllərində geniş inkişaf yoluna qədəm qoymuş bəstəkar yaradıcılığını meydana gətirən, milli musiqinin təkanverici qüvvəsinə çevrilən muğamlarımıza yeni müstəvidən baxacağıq. Bu ölməz sənət abidəsi Azərbaycan xalq havalarını qidalandıran, onun kökündə, mayasında dayanan musiqi xəzinəmizdir.

   Hər kəsə bəlli olduğu kimi xalq mahnılarının, el havalarının yaranma tarixi çox qədimlərə dayanır. Xalqın dilində yaşayaraq bu gününmüzə qədər gəlib çatan mahnılarımızı araşdırarkən aydın olur ki, “Ay bəri bax”, ”Kəklik”, ”Qaçaq Nəbi” mahnıları, ”Tərəkəmə”, “Uzundərə” kimi rəqsləri “Segah”  üstündə, “Girdim yarın baxçasına”, ”Aman təklik əlindən” xalq mahnıları “Şüştər”dən qaynaqlanaraq, “Aman, nənə”, ”Çal oyna” mahnıları “Rast” təməlində yazılmışdır. Muğam üstündə köklənmiş bu el havalarımız saydıqca tükənməz.

        Küçələrə su səpmişəm,

        Yar gələndə toz olmasın.

        Elə gəlsin, elə getsin,

        Aramızda söz olmasın.

kimi incə xalq poeziyasindan süzülüb nəğməyə dönən bu ölməz mahnımız isə muğamlarımızın bəzəyi olan “Bayati-Şiraz” havası üstündədir.

   Azərbaycan musiqisi inkişaf etdikcə muğam sənətindən qidalanaraq yeni janrlar meydana gətirdi. 1908-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin yaratdığı, Şərq aləmində ilk opera olan “Leyli və Məcnun” muğamlara əsaslandı, bununla da milli musiqimizdə yeni muğam-opera janrının əsası qoyuldu. Bir əsrdən artıqdır ki, səhnə həyatı yaşayan “Leyli və Məcnun” və ondan sonra yazılmış digər muğam operaları xanəndələrin opera artisti kimi şöhrətlənməsinə, milli musiqimizin dünya səhnələrinə çıxmasına təkan verdi. Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabskidən üzü bu yana səhnədə nə qədər Leylilər, Məcnunlar yetişdi və yetişməkdə davam edir.

        Muğamın əsrlərdən bəri Avropa musiqisi məcrasında yaranıb inkişaf edən janrlarla sintezleşdirilməsi Üzeyir Hacıbəylidən başlanır. Dahi bəstəkar Azərbaycan muğamları üçün Avropaya pəncərə açmışdır və şifahi ənənəyə dayanan muğamın bu və ya digər şəkildə notlara köçürülməsinə səbəb olmuşdur. İlk milli muğam-operamız “Leyli və Məcnun”dan sonra Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri içərisində elə bir sənətkar olmayib ki, muğamlardan bəhrələnməsin, yaradıcılığında muğama əsaslanmasın.

   Üzeyir Hacibəylinin “Azərbaycan xalq musiqisinin əsasları” əsəri musiqi elmimizin inkişafina təkan verdi, musiqişünaslıqda yeni səhifə açdı. Bundan sonra muğamların not yazıları, samballı tədqiqat əsərləri meydana gəldi.  Tədqiqatçı Firudin Şuşinskinin yazdigina görə, “Görkəmli tarzən və musiqi xadimi Məşədi Cəmil Əmirov 1911-ci ildə Türkiyədə olmuş, orada tanınmış türk musiqişünası Rauf Yekta ilə görüşmüş, onunla Azərbaycan və türk musiqi mədəniyyətinin özünəməxsus cəhətlərilə baglı söhbətlər etmiş, araşdırmalar aparmışlar. Rauf Yektanın təşəbbüsü və köməkliyilə Məşədi Cəmil Əmirov “Heyratı” zərbi-muğamını nota salmış və onun redaktoru oldugu “Şanbal” məcmuəsində çap etdirmişdir. Azərbaycanda isə ilk dəfə muğamın nota koçürülməsi işi ilə bəstəkar Müslüm Maqomayev məşgul olmuşdur.

   XX əsr Azərbaycan musiqisində Sərqin peşəkar musiqi sənətilə Avropa simfonik yaradıcılığının sintezi baş tutmuş və bu qovuşma zəminində tamamilə yeni bir üslub yaranmışdır. Avropa simfoniyası ilə muğamın nəticəsi kimi yeni janr - simfonik mugam janrı meydana gəldi. Fikrət Əmirovun “Şur” və “Kürd-Ofşarı” əsərlərilə əsası qoyulan simfonik muğamlar hazırda dünya səhnələrində, məhşur dirijorların təfsirində səslənir.

        Azərbaycan bəstəkarlarının yaradıcılıq imkanlarının genişlənməsində əsas amil kimi mühüm rol oynayır muğam sənəti. Simfonik musiqi, xor, kamera, instrumental və vokal əsərlərlə yanaşı muğam, estrada musiqisi, caz sənətinə də təsir etmişdir. Muğam ab-havasını estrada musiqisinə Tofiq Quliyev, caz sənətinə Vaqif Mustafazadə gətirdilər. XX əsrdə Azərbaycan musiqisinin parlaq simalarından olan Vaqif Mustafazadə muğamla caz sənətini çarpazlaşdırdı və yeni Azərbaycan cazını yaratdı.

        Xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi muğam Azərbaycan musiqisinin özəyidir. Xalqımızın yüksək mənəviyyatından, çoxəsrlik tarixindən, onun yaşam tərzindən xəbər verən muğamlarımız bizim kimliyimizdir. Muğam bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür.

  Müəllif Gülparə Bayram



Әlaqәli Xәbәrlәr