Türk dünyasından xəbərlər

Özbəkistan və Qırğızıstan ortaq işçi qrupu doqquz gün ərzində mübahisəli bölgələrdə iki ölkə arasındakı sərhədlərin təsbitilə bağlı danışıqlara başlayıb.

Türk dünyasından xəbərlər

Türk Dünyasından Xəbərlər 32/2017

  Qardaş ölkə xalqlarını türk dünyasında olan-keçəndən xəbərdar etmək və bir-biri haqqında məlumat almağı təmin etmək məqsədiylə hazırladığımız "Türk dünyasından xəbərlər"i təqdim edirik. Bugünkü ilk xəbərimiz Türkmənistandandır.

  Orta Asiya turu çərçivəsində 13 iyunda Türkmənistana gedən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedova məktub göndərərək Aşqabad səfəri zamanı gördüyü isti qarşılanma və qonaqpərvərliyə görə təşəkkür edib.

  Türkmənistan Xəbərlər Agentliyinin xəbərinə görə, BMT Baş katibi məktubunda daimi inkişaf, tranzit nəqliyyat, terrorla mübarizə, regional əməkdaşlığın gücləndirilməsi kimi ortaq məqsədlərə səylərə görə Türkmənistan rəhbərliyini təqdir etdiyini söyləyir. Türkmənistanın Birləşmiş Millətlər Təşkilatının Qlobal Terrorizmlə Mübarizə Strategiyası çərçivəsində BMT - Orta Asiya Dialoqunun davam etdirilməsinə verdiyi dəstəyin əhəmiyyətli olduğunu vurğulayan Quterres bildirib: “13 iyun Aşqabad yığıncağından sonra qəbul edilən ortaq bəyanat Orta Asiya ölkələrinin hamısının BMT ilə terror və digər təhdidlərə qarşı koordinasiyalı mübarizə üçün əməkdaşlıq etməyə hazır olduqlarının bir göstəricisidir.”

  Qeyd edək ki, 13 iyunda Aşqabadda Orta Asiya ölkələrinin Xarici İşlər nazirləri və digər rəsmilərin iştirakıyla BMT - Orta Asiya Yüksək Səviyyəli Dialoq Toplantısı keçirilib, bölgə ölkələrinə təhdid olan terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub, birgə əməkdaşlığın davamıyla bağlı bəyanat qəbul edilib.

  Özbəkistan və Qırğızıstandan olan xəbərlə davam etdiririk. Özbəkistan və Qırğızıstan rəsmiləri sərhəd məsələsilə bağlı görüşüb.

  Özbəkistan və Qırğızıstan ortaq işçi qrupu doqquz gün ərzində mübahisəli bölgələrdə iki ölkə arasındakı sərhədlərin təsbitilə bağlı danışıqlara başlayıb.

  Özbəkistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iki ölkə hökumətləri tərəfindən təyin edilən ortaq işçi qrupu keçən həftə Qırğızıstanın Bişkek şəhərində bir araya gəlib. İşçi qrupu Özbəkistan-Qırğızıstan dövlət sərhədlərinin müəyyən edilməsi üçün doqquz gün müzakirələr aparıb. Ənənəvi dostluq və tərəfdaşlıq ruhunda keçən danışıqlardan sonra işin nəticələrinə dair protokol imzalanıb.

  Ortaq işçi qrupunda Özbəkistan nümayəndə heyətinin sədri İlhom Nematov və Qırğızıstan nümayəndə heyətinin sədri Kurbanbay İsgəndərovu Qırğızıstan Baş naziri Sooronbay Ceenbekov qəbul edib. Heyətlərin sədrləri Baş nazirə müzakirələrlə bağlı məlumatlar çatdırıblar. Özbəkistan nümayəndə heyətinin sədri İlhom Nematov sonra Baş nazir müavini Ceniş Razzakovun qəbulunda olub. 

  Xatırladaq ki, Özbəkistan-Qırğızıstan ortaq işçi qrupu keçən ilin noyabr ayında Fərqanə şəhərində etdikləri yığıncaqda müstəqilliyin ilk illərindən bu yana iki ölkə arasındakı mübahisəli 7 sərhəd mövqeyilə bağlı razılıq əldə etmiş, bu ilin aprel və may aylarında isə sərhəd təsbiti, ərazi və topoqrafiya işlərilə bağlı müzakirələr aparmışdılar.

  Qeyd edək ki, müstəqilliklərini 1991-ci ildə qazanan Özbəkistan və Qırğızıstan arasında 1378 kilometr uzunluğunda sərhəd var. Tərəflər müstəqillikdən sonra başlanan sərhəd təyinetmədə 300 kilometrlik hissə ilə bağlı hələ uzlaşma ildə edə bilməyiblər.

  Son xəbərimiz Qazaxıstanla bağlıdır. Qazaxıstan Milli Statistika İdarəsi 1 iyun 2017-ci il üçün ölkə əhalisinin sayını açıqlayıb: Qazaxıstanın əhalisinin sayı 18 milyon 14 minə çatıb. Ölkə əhalisi keçən ilin eyni dövrü - iyun ayı ilə müqayisə 1,3 faiz (239,2 min) artaraq 18 milyon 14 min olub. Qazaxıstan əhalisinin 10 milyon 358 mini şəhərlərdə, 7 milyon 656 mini isə kəndlərdə yaşayır. 2017 yanvar-may aylarında 155,4 min körpə dünyaya gəlib. Doğum nisbəti keçən ilin eyni dövrünə görə 6,2 faiz geriləyib. Bir yaşına qədər körpə ölümləri isə keçən ilə görə 16,8 azalıb.  

 



Әlaqәli Xәbәrlәr