Türk dünyasından xəbərlər

TÜRKSOY-un Ankarada mükafatvermə mərasimi, IV Özbəkistan-Türkiyə Sağlamlıq Həftəsi, X Beynəlxalq Astana Arkau Türk Dünyası Ənənəvi Musiqi Festivalı haqqında

Türk dünyasından xəbərlər

Türk Dünyasından Xəbərlər 28/2017

  Əziz dostlar, ümumtürk dünyasında olub-bitəndən məlumat vermək və qardaş ölkələr arasında əlaqələri işıqlandırmaq məqsədiylə hazırladığımız "Türk dünyasından xəbərlər" rubrikasını təqdim edirik. Bugünkü buraxılışda ilk olaraq Türksoy təşkilatının xəbərilə başlayırıq.

  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov gələn il 25 yaşını qeyd edəcək təşkilatın ümumtürk dünyasında gördüyü işlərdən danışıb və TÜRKSOY-un gələcək nəsillərə ötürmək üçün ədəbiyyat, sənət və diplomatiya sahələrində bir çox tədbirlərə imza atdığını vurğulayıb.

  Yaxınlarda TÜRKSOY-un mərkəzi ofisi Ankarada mükafatvermə mərasimi təşkil olunub, Nursultan Nazarbayevin “Milli şüurun şahlandırılması manifesti” əsəri təqdim edilib və Türk Akademiyasının üzərinə düşən vəzifələrin müzakirəsilə bağlı konfrans keçirilib. Tədbirdə Türkiyədə olan diplomatlar, alim və jurnalistlər iştirak edib.

  Baş katib D.Kaseinov mərasimin açılışında etdiyi çıxışında Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan respublikalarının dövlət müstəqilliyinin bərpasının və Türkiyə ilə diplomatik əlaqələrinin 25 yaşı tədbirlərini xatırladaraq deyib: “Dövlətlər tarixində uzun sayılmayan bu 25 illik müddətdə türk dünyasının işıqlı gələcəyi üçün əhəmiyyətli addımlar atıldı. Əlaqələrin gücləndirilməsində hər kəs fərd və təşkilat olaraq töhfə verdilər. Türk respublikaları birləşərək TÜRKSOY təşkilatını yaratdılar və dəstək verdilər. Bu dəstəklər türk coğrafiyasındakı alim və ziyalılar arasında dostluq və qardaşlıq bağı qurulmasına vəsilə oldu."

  Tədbirdə çıxış edən Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuli də TÜRKSOY-un təşkil etdiyi mükafatvermə mərasimləri və konfranslarının bölgə dövlətləri üçün böyük əhəmiyyət daşıdığından bəhs edib, TÜRKSOY-un nəinki türk ellərində deyil, bütün dünyada tanınan bir beynəlxalq təşkilat olduğunu söyləyib.

  Ankara Qazi Universitetinin Türk Dili və Ədəbiyyatı fakültəsindən təqaüdçü olan professor Əhməd Bican Ercilasun isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mart ayında ortaya qoyduğu “Milli şüurun şahlandırılması manifesti”ndən danışıb, müəllifin "Görülən işdən əvvəl şüur formalaşmalı, müasirləşməli, yenilənməlidir" fikrinin böyük əhəmiyyətinə toxunub.

  Çıxışlardan sonra aralarında Atatürk, Dil, Tarix Qurumunun sədri, professor Derya Örs, Türk Tarixi Təşkilatının sədri professor Rafiq Turan, Türk Dünyası Araşdırmaları Cəmiyyətinin sədri Közhan Yazganın da olduğu çox sayda alim və qeyri-hökumət təşkilatları nümayəndələrinə mükafatlar təqdim edilib.

                               ***********************

  Sırada Özbəkistandan bir xəbərimiz var. Özbəkistan-Türkiyə Sağlamlıq Həftəsi çərçivəsində Özbəkistana gedən türkiyəli həkimlər ürək-damar, ortopediya, urologiya və qadın xəstəliklərilə  bağlı 70-dən çox özbək xəstəni müayinə və əməliyyat edəcək.

  Paytaxt Daşkənddə IV Özbəkistan-Türkiyə Sağlamlıq Həftəsi hər iki ölkənin səhiyyə nazirlikləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın dəstəyilə təşkil olunub.

  Türkiyə Səhiyyə Nazirliyinin Xariclə Əlaqələr və Avropa İttifaqı üzrə İdarəsinin Beynəlxalq Sağlamlıq Siyasəti üzrə şöbəsinin rəhbəri, tədbirin koordinatoru Selami Kılıç Daşkənd Uşaq Xəstəxanasında təşkil edilən mərasimdə çıxış edərək deyib: “Türkiyə 1991-ci ildə müstəqilliyini qazanan Özbəkistanı tanıyan ilk dövlətdir. Türkiyə hökuməti və xalqı qardaş Özbəkistan və xalqı ilə əlaqələri hər sahədə inkişaf etdirməyə hər zaman əhəmiyyət verib. İki ölkə arasında səhiyyə sahəsində iş birliyi 1997-ci ildə Türkiyə və Özbəkistan hökumətləri arasında imzalanan müqavilə ilə qurulub. Keçən ilin oktyabr ayında keçirilən Özbəkistan-Türkiyə Sağlamlıq Həftəsi çərçivəsində türkiyəli həkimlər 381 xəstəni müayinə, 139 xəstəni əməliyyat edib, 165 özbək səhiyyə işçisinə isə seminar keçib. Göründüyü kimi, hər iki ölkənin həkimləri arasında dostluq və qardaşlıq bağları güclənir və tərəflər arasındakı məlumat və təcrübə mübadiləsi artır.”

  Sonda Daşkənd Uşaq Xəstəxanasının Baş həkimi Gulirano Usmanova da türkiyəli həkimlərə təşəkkürünü bildirib.

                         *************************

  Türk dünyası Astana Musiqi Festivalında. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən X Beynəlxalq Astana Arkau Türk Dünyası Ənənəvi Musiqi Festivalına Türkiyə, Qazaxıstan və Azərbaycanla yanaşı ilk dəfə olaraq avşar və salar türk sənətçiləri də qatıldı.  

  Astana Opera və Balet Teatrında təşkil edilən festivalda türk soylu ölkələri təmsil edən sənətçilər öz milli musiqi alətləriylə xalq və bəstəkar mahnılarını ifa etdilər.

  Festivalın prodüseri Askar Umarov Anadolu Ajans xəbər agentliyinə verdiyi məlumatda deyib: “Musiqi xalqları birləşdirən unikal və müqəddəs bir dildir. Bütün musiqilər sanki ortaq mənşədən qaynaqlanır. Bu ilki festivalda ilk dəfə olaraq avşar və salarlar da iştirak etdi. Salarlar Çindən gəlmişdi. 100 min əhaliyə malik salarlar Oğuz ləhcəsində danışır. Avşarlar isə İrandan Azərbaycan əyalətindən gəlmişdi. Astanadakı bu musiqi festivalında iştiraka maraq ildən ilə artır”.

  Əziz dostlar, rubrikamıza ayrılan vaxt çərçivəsində ümumtürk dünyası mədəniyyət xəbərlərindən bir neçəsini təqdim etdik. Gələn həftə yenə eyni saatda, yenə yeni türk xəbərləri ilə görüşünüzə gələcəyik. Hələlik.



Әlaqәli Xәbәrlәr