2017-ci ilin ilk rübünü geridə qoyan Türkiyə iqtisadiyyatı 5%  böyüdü

Dünyada və bölgədə cərəyan edən proseslərin fonunda 2017-ci ilin ilk rübünü geridə qoyan Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 5%  böyüdü.

2017-ci ilin ilk rübünü geridə qoyan Türkiyə iqtisadiyyatı 5%  böyüdü

Dünyada və bölgədə cərəyan edən proseslərin fonunda 2017-ci ilin ilk rübünü geridə qoyan Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 5%  böyüdü. 2016-cı il 15 iyulda  baş verən uğursuz çevriliş cəhdinə baxmayaraq, son rübdə böyüməyə davam edən Türkiyə iqtisadiyyatı 2017-ci ilin ilk rübündə gözləniləndən daha çox böyümə rəqəmi sərgilədi.

Türkiyə bu böyümə nisbətiylə G-20 ölkələri arasında üçüncü, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında isə ikinci oldu. Hətta Aİ ölkələrinin 1,5 % səviyyələrində olan böyümə nisbətləri ilə müqayisə edildikdə, Türkiyə iqtisadiyyatının bu  göstəricilərlə bir çox inkişaf etmiş ölkədən müsbət şəkildə fərqləndiyi üzə çıxır.

 2008-ci ildə baş verən qlobal böhrandan sonra hələ də tam şəkildə özünə gəlməyən dünya iqtisadiyyatı Avropa və Amerikada cərəyan edən siyasi proseslərin də təsirləri ilə sabitlikdən uzaq bir görünüş nümayiş etdirir. Türkiyədə isə siyasi sabitlik şəraitində həyata keçən iqtisadi böyümədə müsbət irəliləyişlər davam edir.

 Eyni zamanda, Dünya Bankı və Avropa Mərkəzi Bankı kimi beynəlxalq maliyyə təşkilatları Türkiyədəki müsbət gedişatı görməzlikdən gələ bilmədilər, Türkiyə iqtisadiyyatının artım proqnozlarını istəməyərək də olsa, yüksək rəqəmlərlə göstərdilər.

 2016-ci ilin ikinci yarısında baş verən uğursuz dövlət çevrilişi cəhdindən sonra bəzi beynəlxalq kredit  təşkilatları tərəfindən sərmayə qoyula biləcək səviyyənin altında verilən reytinq ilə Türkiyə iqtisadiyyatına kənardan təzyiqlər oldu. Lakin dövlətin iqtisadi qurumlarının verdiyi qərarlar və sonra həyata keçirilən 16 Aprel referendumu nəticəsində ölkə daxilində siyasi təhlükəsizlik mühiti yenidən yaranmağa başladı və bu şərait iqtisadi  dirçəlişə təkan verdi.

2016-ci ilin dördüncü rübünün böyümə nisbətinin 3,5% və ilin sonuna aid böyümə rəqəminin 3%-ə yaxın olması  2017-ci il üçün əhəmiyyətli  göstərici oldu.

2017-ci ilin ilk rübünün rəqəmlərini 16 Aprel referendumu nəticələrinin Türkiyə iqtisadiyyatına müsbət təsiri  kimi qiymətləndirmək olar. Referendum nəticələri, xüsusilə, ixrac, maliyyə və turizm kimi sektorların inkişafında da əks olundu. Bundan başqa, ilk rübün yüksək böyümə rəqəmi ilk müsbət təsirini bazarlar üzərində göstərdi və Birja İstanbul 100 indeksinin tarixinin ən yüksək səviyyəsinə yüksəlməsini təmin etdi.

 İxrac nisbətlərində ilk rübdə baş verən artıma xüsusilə diqqət yetirmək lazımdır. İlin ilk rübündə mal və xidmət ixracı, ötən ilin müvafiq rübünə nisbətən təxminən 10 % artdı, idxal nisbətindəki artım isə 1 % səviyyəsinin altında qaldı. İxracla böyüyən iqtisadiyyat modelini qəbul edən Türkiyənin bu kontekstdə qarşısına qoyduğu məqsəd davamlı və tam böyüməni həyata keçirməkdən ibarətdir.

 2017-ci ilin ilk rübündə böyüməyə töhfə verən ixrac sahəsindəki irəliləyişlər bütünlükdə 2017-ci ilə müsbət təsir edəcəkdir. Bundan başqa, ixraca əsaslanan inkişaf ölkə daxilində əmanət və sərmayələrdə ciddi artıma səbəb olacaq. Bunlar qarşıdakı dövrdə Türkiyə iqtisadiyyatına dair müsbət gözləntilərin ortaya çıxmasına əsas verir.

 Digər tərəfdən, iqtisadiyyatda yaranacaq etimad mühiti istehsal, ixrac, məşğulluq və sərmayələrdə artıma yol açacaqdır.

Türkiyə iqtisadiyyatının ilk rübdə əldə etdiyi bu irəliləyiş qarşıdakı dövrdə həm iqtisadi sabitliyin möhkəmləndirilməsində, həm də cəmiyyətin rifah halının yüksəldilməsində mühüm rol oynayacaq.



Әlaqәli Xәbәrlәr