Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

741337
Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Azәrbaycan barәdәdir.

Azərbaycanın paytaxtı Bakının ev sahibliyi etdiyi IV İslam Hәmrәyliyi Oyunlarının rәsmi  açılış mәrasimi  Bakı Olimpiya stadionunda  keçirilib.

Oyunlarda  54 ölkәni tәmsil edәn  3 mindәn çox idmancı iştirak edib. Yarışlar 21 idman növü üzrә keçirilib.

Azərbaycanı bu oyunlarda 325, Türkiyəni isə 345  idmançı təmsil edib. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb.

Qeyd edәk ki, V  İslam Hәmrәyliyi Oyunları 2021-ci ildә Türkiyәdә keçirilәcәk.

Bu arada Türkiyәnin dövlәt başçısı R.T. Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan idmançıları təbrik edib. 

Bu barәdә   Prezident Aparatının mәtbuat xidmәtindən verilən mәlumatda bildirilir.

Hörmətli oxuçularımız ikinci xəbərimiz Türkmənistanla bağlıdır.

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin ikinci iclası keçirilib.

Türkmənistanın xarici işlər nazirliyində keçirilən iclasda  Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və İranın xarici işlər və nəqliyyat nazirliklərinin rəsmiləri və mütəxəssisləri iştirak ediblər.

İclasın gündəliyindəki əsas mövzu Xəzər dənizində nəqliyyat sahəsində əməkdaşlıq sazişi layihəsinin detallarının razılaşdırılmasıdır.

2014-cü ilin sentyabr ayında Rusiyanın  Həştərxan vilayətində təşkil edilən Xəzəryanı Dövlət Başçılarının  IV toplantısında Türkmənistan prezidenti Qurbanqulu Berdimәhәmmәdov  tərəfindən kommersiya və iqtisadi əməkdaşlıq məsələlərini ehtiva edən müqavilə layihəsi təqdim edilmişdi.

Məqsəd Xəzəryanı dövlətlər arasında ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Sözügedən müqavilədə Xəzər dənizinin təbii ehtiyatlarından istifadə etməklə qonşu ölkələrdə enerji, sənaye və Xəzər bölgəsi tranzit nəqliyyat məsələləri əks olunur.

Toplantıda heyәtlәr xüsusilə Xəzər dənizində Nəqliyyat Əməkdaşlığı Layihəsi üzərində danışıqlar aparıb. Layihə Xəzəryanı ölkə başçılarının növbəti toplantısında daha ətraflı müzakirə ediləcək və sonda müqavilə imzalanacaq. 

Qeyd edək ki, Xəzər dənizində nəqliyyat әməkdaşlığı sazişi Xəzərin Şərq-Qərb və Şimal-Cənub qitə yollarının birləşdirilməsi, beynəlxalq tranzit potensialı, yük və sərnişin daşımalarının nizama salınması, infrastrukturun inkişaf etdirilməsi, bütün iştirakçıların maraqlarına uyğun gələcək aydın hüquqi qaydaların təsdiq edilməsi üçün nəzərdə tutulub. 

Hörmətli oxuçularımız növbəti xəbərimiz də Türkmənistanla bağlıdır.

Hər il mayın 18-də Türkmənistanda  Konstitusiya günü və  Türkmənistanın tanınmış  şairi  Mahdumkulu Firakinin  xatirəsinə həsr olunan tədbirlər  keçirilir.

1724-1807-ci illərdə yaşamış  Mahdumkulu Firaki yalnız  Türkmənistanda deyil, bütün Orta Asiya regionunda tanınan, sevilən, hörmətlə yad edilən  xalq şairi və  filosofdur.

Türkmənlər Mahdumkulu Firakini ən dəyərli  mədəniyyət xəzinələrindən biri və Türkmən ədəbiyyatının təməl daşı hesab edirlər.

Ölkədə hər il onun xatirəsinə  hәsr olunan "Mahdumkulu Firaki Poeziya Günü" adı altında tədbirlər  keçirilir.

Mahdumkulu Firakinin  İranın Xorasan bölgəsinin  Ak Tokay kəndində yerləşən  qəbri  hər il olduğu kimi bu il də türkmənlər tərəfindən  ziyarət edilib.

Hörmətli oxuçularımız növbәti xәbәrimiz  Türkiyә ilә bağlıdır.

15-20 may tarixləri arasında Mersin Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən   ‘‘Türk Dünyası Teatr Günləri’’ adlı tədbirdə   Qırğızıstan  Milli Akademik Dram Teatrının "Dədə Qorqud" adlı tamaşası  nümayiş olunub.

Tamaşanı   Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhaneddin  Kocamaz başda olmaqla TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə və Qırğızıstan Respublikasının məsul nümayəndələri, ictimai xadimləri,  müxtəlif ölkələrdən tədbir üçün  gələn teatr qrupları  və çox sayda tamaşaçı izləyib.

Tamaşadan sonra çıxış edən Mersin Böyükşəhər Bələdiyyəsinin sədri B.Kocamaz Türk tarixində çox əhəmiyyətli yeri olan Dədə Qorqudla bağlı belə bir tamaşanın Mersində nümayiş olunmasının sevindirici olduğunu bildirib. O, tədbirin Türk mədəniyyətini gələcək nəsillərə ötürmək baxımından önəmli olduğunu qeyd edib. Bidirib ki,  bu cür tədbirlərin məqsədi insanları  bir araya gətirmək, yaxınlaşdırmaq, dostluq əlaqələrini möhkəmləndirməkdir. TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxışı zamanı Mersin Bələdiyyəsinin sədri B. Kocamaza töhvələrinə görə təşəkkür edib.

Daha sonra  teatr qruplarının nümayəndələri  və  aktyorlar  Cümhuriyyət Meydanında  yerləşən  Atatürk abidəsinin önünə əklil qoyublar. 

Qırqızıstanın Ankaradakı səfiri İbragim Cunusov isə belə bir tədbirdə  iştirak etməkdən məmnunluğunu ifadə edib. 
Qeyd edək ki, Qırğızıstan Milli Akademik Dram Teatrının  qrup rəhbəri Kayrat İmanaliyev də tədbirdə   çıxış edərək Qırqızıstandan gətirilmiş hədiyyələri Burhaneddin Kocamaza hədiyyə edib.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Özbəkistandandır. 

Özbəkistan prezidenti Şövkət Mirziyoyevin  Çinə etdiyi səfəri çərçivəsində  iki ölkə arasında 23 milyard dollarlıq əməkdaşlıq müqaviləsinin imzalandığı bildirilir.

Özbəkistan Prezident Aparatının mətbuat xidmətindən verilən məlumata görə, prezident Ş.Mirziyoyevin 11-15 may tarixləri arasında Çinə etdiyi səfəri çərçivəsində  Özbəkistan-Çin hökumətlərarası  əməkdaşlıq komitəsinin həmsədri Mıng Ciecu  Çin milli xalq konqresinin  daimi komitəsinin sədri  Canq  Dıcianq, baş nazir Li Kıçianq və Çinin dövlət başçısı Şi Cimpinqlə danışıqlar aparıb.

Məlumata görə, Ş.Mirziyoyev  çinli iş adamları  ilə də  görüşüb və ikitərəfli münasibətlərin  daha da inkişaf etdirilməsi məsələlərini  müzakirə edib.

Məlumatda, Mirziyoyevin səfəri çərçivəsində iki ölkə arasında energetika, infrastruktur, nəqliyyat, tikinti, toxuculuq, əczaçılıq, bank və kənd təsərrüfatı sahəsində  əməkdaşlığı nəzərdə tutan və ümumi məbləği 23 milyard dollar olan  100-dən çox  müqavilə imzalanıb,  həmçinin   Özbəkistanla  Çin arasında yüksək səviyyəli əməkdaşlıq komitəsinin yaradılması da qәrara alınıb. 

Hörmətli oxuçularımız  sonuncu xәbәrimiz Tatarıstanla bağlıdır.

Bu İlin ilk rübündə  Tatarıstan Respublikasının iqtisadiyyatında  4,2 % -lik artım müşahidə olunub.

Sənaye istehsalı indeksi isə 4,7% artıb. Sözügedən göstəricilər ötən ilin eyni dövründə  2,5  və 3,5  % idi.

Tatarıstan Respublikasının prezidenti  Rüstəm Minnihanov göstəricilərdən duyduğu məmnuniyyəti ifadə edərək, maliyyə intizamının  qorunmasının vacibliyini vurğulayıb.

 R. Minnihanov 8,8 milyard rublluq büdcə kəsirinin bağlanması üçün müvafiq  nazirliklərə və idarələrə tapşırıq verdiyini deyib.

 

 



Әlaqәli Xәbәrlәr