Türkiyə və Rusiya arasında “ortaq əlaqələr” dövrü

AYBÜ ULİSA-nın müdiri, Orta Şərq və Qafqaz reqionları üzrə ekspert, professor Mustafa Sıtkı Bilginin məqaləsi

Türkiyə və  Rusiya arasında “ortaq əlaqələr” dövrü

     3 may 2017-ci il tarixində Rusiyanın Soçi şəhərində baş tutan Ərdoğan-Putin görüşü yaxın dövr Türkiyə-Rusiya əlaqələrində yeni səhifənin açılmasına səbəb oldu. Görüşdə enerji məsələsindən müdafiə sənayesinə, kənd təsərrüfatından kosmik texnologiyaya, strategiyadan təhlükəsizliyə, turizmdən mədəniyyətə qədər bir sıra məsələlər müzakirə olundu və bir neçə kiçik problemlər istisna olmaqla, bütün məsələlərdə razılaşma əldə olundu. Görüşdən sonra hər iki lider Türkiyə-Rusiya münasibətlərində “normallaşma prosesi”nin başa çatdığını və artıq “ortaq əlaqəqələr” səviyyəsinə keçildiyini bildirdilər. Lakin bu nəticənin əldə olunması yolunda problemlər dəf olunub və iki ölkənin əlaqələri bir sıra sınaqlardan keçib.

     Tarixə nəzər saldıqda, Türkiyə və Rusiya arasında enişli-yoxuşlu bir münasibətlər zəncirini görmək olar. Hər iki ölkə də Avrasiya məkanının tarixi və coğrafi zənginliyinə malik güclü dövlətlərdir. Biri qlobal güc, digəri isə qlobal güc olmağa çalışan regional  qüvvədir. Yaxın dövrdə baş verən bir sıra hadisələr  Türkiyə-Rusiya əlaqələrini beynəlxalq gündəmin ilk mövzularından birinə çevirmişdi. 24 noyabr 2015-ci ildə Suriya sərhədində SU-24 tipli rus qırıcısının Türkiyəyə məxsus döyüş təyyarələri tərəfindən vurulmasıı iki dövlət arasında böyük böhrana səbəb oldu. Daha sonra 2016-cı il dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun  Ankarada sui-qəsd nəticəsində öldürülməsi və bundan sonrakı dövrdə Suriyada həyata keçirilən "Fərat Qalxanı" və "Dəclə Qalxan"ı kimi hərbi əməliyyatlar iki ölkə arasında zaman-zaman siyasi və strateji gərginliklərin  ortaya çıxmasına səbəb oldu.

     Lakin Aİ ölkələri və ABŞ-ın Krım böhranı səbəbindən Rusiyaya iqtisadi və siyasi sanksiya tətbiq etməsi, NATO-nun yenidən əvvəlki strategiyasını həyata keçirib Rusiyanın yaxınlığındakı Polşa və Baltik ölkələrinə əsgər və silah göndərərək mühasirəyə almağa çalışması Moskvanı yeni istiqamətlərə yönləndirdi. Rusiya bir tərəfdən Avrasiya Blokunun liderliyini ələ aldı, digər tərəfdən də bu bloku gücləndirmək üçün Türkiyə ilə əməkdaşlığını inkişaf etdirmək strategiyasını tətbiq etdi. Qərb Bloku və Aİ ölkələri tərəfindən oxşar təzyiqlərə məruz qalan Ankara Waşington və Brüssel arasında tarazlaşlıq yaratmaq üçün əlinə düşən Moskva kartından  istifadə etmək fürsətinin əldən buraxmadı.

     Bu məqsədi həyata keçirmək niyyətində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 iyun 2017-ci ildə yazdığı bir üzr məktubu ilə Moskva ilə Ankara arasındakı buzların əriməsini təmin etdi.

     Bundan sonra 3 mayda keçirilən görüşədək Putin və Ərdoğan beş dəfə görüşdülər. İntensiv diplomatiya yolu hər iki ölkənin nazirlərinin görüşləri ilə davam etdirildi və bütün bunlara əlavə olaraq, Silahlı Qüvvələrin Baş Qərargah rəisləri bir araya gəldilər. İqtisadi, hərbi, siyasi və sosial-mədəni məsələlərlə əlaqədar geniş spektrdə həyata keçirilən toplantılarda bütün məsələlərdə istənilən nəticə əldə edilməyib.

      Xüsusilə, hərbi, strateji və təhlükəsizlik məsələləri iki ölkə arasında problemlərin ortaya çıxmasına səbəb olan sahələrdir. Bu vəziyyət isə məhz Suriya siyasərində ortaya çıxır. Rusiya Türkiyənin terrorçu olaraq qəbul etdiyi PKK-PYD və YPG kimi təşkilatlara silah yardımı və maddi-texniki dəstək verir, Ankaranın təhlükəsizlik məqsədi ilə Şimali İraq və Şimali Suriyada həyata keçirdiyi "Dəclə Qalxanı" əməliyyatına  qarşı çıxır. Hərbi, təhlükəsizlik və strateji məsələlərdə maraqların toqquşması iki ölkənin  digər sahələrdə əməkdaşlıq etməsinə mane olmur. Bu vəziyyət isə ikitərəfli münasibətlərdə artıq çox təzahür etməyən bir modelin – kompartmentalizasiyanın Türkiyə və Rusiya arasındakı əlaqələrdə işlədiyini göstərir. Bu  modeldə həlli çətin olan problemlərin, həlli nisbətən asan olan, və ya mümkün olan sahələrin bloklaşdırmasına imkan verilmir.

     Nəticə olaraq, Rusiya diplomatiya ənənəsi çox güclü olan bir dövlətdir, böyük dövlət-kiçik dövlət münasibətlərini çox mahir, amma eyni zamanda da sərt şəkildə həyata keçirən bir qüvvədir. Yəni belə bir dövlətə qarşı yürüdüləcək siyasətdə tənasübü qoruyub saxlayan və çoxfunksiyalı siyasi paradiqmaya ehtiyac vardır. Tənasüb pozulduğu anda Rusiya hazırladığı ssenarini öz xeyrinə və müttəfiqinin əleyhinə tətbiq etməyə tərəddüd etməyəcək.

 



Әlaqәli Xәbәrlәr