“Bu, bizim bir araya gəlməyimizin səbəbidir”, H.Ciflik

Almaniyanın paytaxtı Berlin şəhərindəki Azərbaycan Kültür Dərnəyinin (Ocağının) sədri Hakan Çifliklə müsahibə.

“Bu, bizim bir araya gəlməyimizin səbəbidir”, H.Ciflik

Körpü 42/2016 - Hakan Çiflik ilə müsahibə (Almaniya, Berlin)

Müəllif Sevda Mirzə: Almaniyanın paytaxtı Berlin şəhərindəki Azərbaycan Kültür Dərnəyinin sədri Hakan Çifliklə görüşmüşük. Azərbaycan Kültür Dərnyinin hələlik son seçilən sədrini salamlayırıq.  

Müsahib Hakan Ciflik: Azərbaycan-Türk kültürünü yaşatmağa çalışırıq. Bizim əsas məqsədimiz budur: qürbətdəki insanlar öz adamları ilə öz dilləri ilə əlaqədə olsunlar. Gəldiyimiz ölkələrdən xəbərdar olmağımız üçün buradakı insanlarla söhbət edirik.

Müəllif Sevda Mirzə: İstər Azərbaycan, istər Güney Azərbaycan, istərsə də Türkiyə olsun, bu Dərnək bu ölkələrdən olan hər kəsi bir araya gətirir, istər isctimai-siyasi fəaliyyətlərdə, istərsə də mədəniyyət baxımından. Azərbaycan və Türkiyə musiqiləri səsləndirirsiniz. Bildiyimə görə, hər ay Qadınlar Həftəsi, yəni Ailələr Həftəsi keçirirsiniz. Bu, Almaniya mədəniyyətindən gəlir, yoxsa türk?

Müsahib Hakan Ciflik: Təbii ki, bu fikir öz məhsulumuzdur. Həftənin beş günü hər kəs öz işlərilə məşğul olur. Bəzi ailələr, o cümlədən qadınlar evdə sıxıntı çəkir, darıxır. Biz də istədik ki, onlar elə Drənəkdə bir-birilə görüşsünlər. Bir konkret həftə, gün qoyduq ki, hər kəs bilsin, “Mənim görmək istədiyim filan adam filan gün Dərnəkdə olacaq” desin və gəlsinlər. Ona görə hər kəs bu günü gözləyir və həmin gün gəldiyi zaman insanlar bura sanki axın edir. Bu, yerində verilmiş qərardır. İllər göstərir ki, Azərbaycanla digər türk cəmiyyətlərini  bir arada saxlayan ünsürlərdən biridir Dərnəyimiz. Bilgi və kültür alış-verişindən qürur duyuruq. Biz burada elə bir imkan təqdim edirik ki, insanları dağınıqlıqdan qurtarıb bir yerə gətirməyə, bu Ocağa toplamağa çalışırıq. Bu da daha fərql insanların Dərnəyimizə gəlməsinə və üzv olmasına səbəb olur.

Müəllif Sevda Mirzə: Azərbaycan və Türkiyənin tarixində müəyyən əlamətdar günlər var: 28 May, Novruz Bayramı və yaxud 26 Fevral Xocalı faciəsi kimi kədərli günlər.

Müsahib Hakan Ciflik: Bayramları da, faciələri də qeyd edirik. Xüsusilə Novruz Bayramı çox önəmli günlərdən biridir. Salon tuturuq, musiqi səsləndiririk. Fərqli-fərqli bölgələrdən gəlirlər. 2016-cı ildə də Güney, Quzey Azərbaycanlardan, Türkiyədən, Türkmənistandan olan vətəndaşlarımız gəldi. Gözəl keçirtdik Novruzu. Təbii ki, türk tarixində faciəli, kədərli günlər də var. Bunları da bəzən konfrans şəklində, bəzən sadəcə söhbət şəklində qoyur məlumat verir və alırıq. Keçmişimiz bizə güc verən qüvvədir. Bir araya gəlməyimizin də səbəbidir. Biz artıq düşünürük ki, nəinki Azərbaycan və Türkiyə, ümumiyyətlə, türk dünyası - türkmən, özbək, qırğız bayramları və müəyyən günlərini qeyd edək. Və bu işləri elə Dərnəyə gələn insanlarla yoluna salmağa çalışırıq.

Müəllif Sevda Mirzə: Siz özünüz Almaniyaya nə zamandan gəlmisiniz?

Müsahib Hakan Ciflik: Mən Almaniyaya 1984-cü ildə gəlmişəm. Əvvəl atam əvvəl bura gəlmişdi, sonra ailə birləşdirmə qanununa görə anam və mən də gəldim. Mən ilk təhsilimi Türkiyədə aldım, orta məktəbi Almaniyada tamamladım. Sonradan lisey və ali təhsili burada oxudum. Berlində memarlıq-mühəndislik firmasında çalışıram. İşdən sonrakı saatlarda Dərnəyin işlərilə məşğul oluram. Biz burada xalqın içindəyik. Daha çox Azərbaycanlı, türkiyəli ailələrlə çalışırıq. Bizim əsas işimiz mədəniyyət yoludur. Çalışırıq ki, siyasi məsələlərə qarışmayaq. Ocaqda belə siyasi prosesləri gündəlik təqib etmirik. Bizim əsas işimiz ümumtürk mədəniyyətini yaşatmağa xidmət etməkdir.            

 

“Körpü” verilişi (42-ci), mövzu: Azərbaycan Kültür Dərnəyinin sədri Hakan Çiflikləmüsahibə (Berlin, Almaniya). Yayımlanma tarixi: 22.10.2016. 

  TRT/Azerbaycan saytı və azerbaycan@trt.net.tr facebok səhifəsindən bizi təqib edə, fikir və təkliflərinizi bölüşə bilər, sevda.mirze@trt.net.tr e-mail adresinə də yaza bilərsiniz.

 



Әlaqәli Xәbәrlәr