Almaniya və Hollandiyanın Türkiyəyə münasibətləri

Türkiyəli nazirlərin Avropada türklərə xitab etməsinin qarşısının alınmasının başqa səbəbləri var.

Almaniya və Hollandiyanın Türkiyəyə münasibətləri

Türkiyə və Avrasiya Gündəmi 14/17

  Almaniyadan sonra Hollandiya da Türkiyə Respublikasının iki nazirinin ölkəyə girişinə problem çıxardı. Bu, Türkiyə - Avropa münasibətlərinin ciddi şəkildə pozulmasına gətirir.

  Bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində gərginləşən Türkiyə - Hollandiya münasibətlərindən danışacağıq. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxuyuram.

  Hollandiyaya diplomatik pasportla daxil olan Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kayanın deportasiya edilməsi diplomatiya tarixində əsrlik Türkiyə - Avropa münasibətlətinin pozulması anlamına gəlir. Həm bu, həm də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna Hollandiyaya uçuş icazəsi verilməməsi heç bir diplomatik ənənəyə uyğun deyil, əksinə, böyük beynəlxalq hüquq qalmaqalıdır.

  Türkiyəli nazirlərin Avropada türklərə xitab etməsinin qarşısının alınmasının başqa səbəbləri var ki, bunlardan biri referendum öncəsi Türkiyənin zəiflədilməsidir.

  Uzun zamandır Avropa İttifaqı içərisində Türkiyəyə qarşı fikirlər hökm sürür. Türkiyənin milli maraqlar yolunda müstəqil siyasət yürütməsi Avropa dövlətləri tərəfindən narahatlıqla izlənilir. Niyə narahatlıqla? Türkiyə 65 ildir NATO üzvü kimi Avropa təhlükəsizliyinə böyük pay verir. Və 50 ildən də artıqdır ki, Avropa İttifaqına üzv olmağa çalışır. Amma onlar İttifaq içində güclü Türkiyə görmək istəmir. Bu çox təəccüblüdür.

  Ortaya belə bir sual çıxır: illərdir Türkiyə ilə Avropa İttifaqı arasında davam edən və heç cür bitməyən müzakirələr Avropa İttifaqı üçün Türkiyəni əyləndirmə taktikası idimi? Cavab “bəli” kimi görünür.

  Son iki hadisədə Almaniya və Hollandiyanın Türkiyəyə münasibətləri müttəfiq deyil, düşmən ölkə xarakteri daşıyır. Halbuki xüsusən Türkiyə və Holandiya arasında hər iki ölkənin xeyrinə işləyən iqtisadi əlaqələr var. Türkiyənin ixracatına Hollandiya 2016-cı ildə 3,6 milyard dollar qazandırmışdı. Hollandiya Türkiyənin ixracat bazarları arasında ilk 10-luqdadır. Hollandiyanın ixracatında isə Türkiyənin payı 2016-cı ildə 3 milyard dollar olub.

  Turizm sahəsində isə keçən il Hollandiyadan Türkiyəyə 718 min turist gəlib, Türkiyədən Hollandiyaya isə 88 min. Hollandiyaya ən çox Türkiyədən gedən var ki, bu siyahıda Türkiyə 7-ci sıradadır.

  Xarici birbaşa investisiyalar baxımından da iki ölkənin sıx əlaqələri var. 2016-cı ildə Hollandiyadan gələn investisiyalar Türkiyənin ümumi portfelinin 15,8 faizini təşkil etməklə birinci sırada olub. Türkiyə vətəndaşlarının qoyduğu sərmayələrə də baxıldıqda Hollandiya yenə öndə gələn bazardır. 2015-ci ildən 11,3 milyard dollara çatan investisiyalar Türkiyənin ümumi xarici sərmayələrinin 37 faizini meydana gətirir. Qısası, Hollandiya xarici ticarətdə Türkiyə üçün əhəmiyyətli bir ölkədir.

  İnvestisiya və firma sayı məlumatlarına əsasən demək olar ki, Hollandiya Türkiyə üçün ilk sıralarda gələn şəriklərdən biridir. Hollandiyadakı Türkiyə sərmayələri və orada yaşayan və çalışan türkiyəli vətəndaşların çoxluğu da qarşılıqlı iqtisadi əlaqələrə ciddi şəkildə təsir edir.

  Bu qədər qarşılıqlı faydalara baxmayaraq, Avropa İttifaqını müdafiə edən mərkəz siyasətçiləri Türk-İslam düşmənliyi qarşısında həll yolu tapa bilmir.

  Almaniya və Hollandiya münasibətlərində bir daha gördük ki, Türk-İslam düşmənliyi onların partiyalarına çox nüfuz edib. Bu rəftar və hadisələr Türkiyə və Avropanı bir-birindən daha da uzaqlaşdırır. Bütün bunlara görə Türkiyə Avropa İttifaqı üzvlüyü hədəfinə əvvəlki qədər əhəmiyyət vermir. Amma əvvəl-axır həqiqəti anlayaraq onlar təcili olaraq hərəkətə keçməli, siyaqəti yumşaltmalıdırlar. Əks halda, Türkiyə - Avropa İttifaqı münasibətlərinə dəyən zərər get-gedə böyüyəcək. O zaman əlaqələri bərpa etmək çox çətin olacaq.

  Hörmətli dinləyicilər, bugünkü “Türkiyə və Avrasiya gündəmi” verilişində gərginləşən Türkiyə - Hollandiya münasibətlərindən qısaca bəhs etdik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazmışdı, mən Sevda Mirzə oxudum.



Әlaqәli Xәbәrlәr