Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk  xəbərimiz Türkiyə  ilə bağlıdır.

Türkiyə Avropa İttifaqının 5-ci böyük ticarət ortağıdır.

2016-cı ildə  Türkiyə Avropa İttifaqından  78,01 milyard  avroluq idxal , 66,7 milyard  avroluq  ixracat  reallaşdırıb.

Bu barədə məlumat Avropa Statistika Təşkiatı olan "Eurostat"ın hesabatında yer alıb. Təşkilat  28 üzvdən ibarət olan Aİ-nin ticarət göstəricilərini  açıqlayıb.

Statistik  göstəricilərə əsasən, 2016-cı ildə  Aİ-nın ticarət həcmi  9 trilyon 591 milyard avroya çatıb.

Bu rəqəmin 4 trilyon 855 milyard avroluq hissəsini ixrac, 4 trilyon 736 milyard avroluq hissəsini isə idxal təşkil edib.

Ümumi ticarətin 3 trilyon 110 milyard avrosu Aİ ölkələrinin öz aralarında həyata keçirilib.

Türkiyə isə ötən il Aİ ilə 145 milyard avroya yaxın ticarət həyata keçirib.

Sıralamanın  ilk pilləsində   610 milyard avroluq ticarət həcmi ilə  ABŞ qərarlaşıb. Onu  515 milyard avroyla  Çin, 264 milyard avroyla  İsveçrə, 191 milyard avroyla Rusiya təqib edib.

Hörmətli oxuçularımız  proqramımızın növbəti xəbəri Özbəkistanla bağlıdır.

Özbəkistanın Qızılqum çölündə qızıl emalı zavodunun  təməli qoyulub. 

Prezident Aparatının mətbuat xidmətindən verilən məlumata görə,  ölkənin Nevai vilayətində yerləşən Qızılqum çölündəki mədəndə qızıl və  qiymətli metalları ayıracaq zavodun  təməlqoyma mərasimində  Özbəkistan prezidenti Şavkat Mirziyoyev də iştirak edib.

Şavkat Mirziyoyev həmçinin zavod  üçün qiymətli metalı  təmin edəcək Auminzo-Amantay qızıl mədənini istismara verilməsi mərasiminə də qatılıb.

Mərasimdə çıxış edən  Ş.Mirziyoyev  yeni obyektlərin   ölkə üçün sosial-iqtisadi əhəmiyyət daşıdığını bildirib.O, layihənin tam olaraq fəaliyyətə başlaması ilə 5 mindən çox adamın  işlə təmin olunacağını söyləyib. 

Qeyd edək ki,  2017-2026-ci illərdə ümumi məbləği 3 milyard 63 milyon dollar olan 27 layihənin həyata keçirilməsi nəzərdə tutulur ki, bu layihələr sayəsində 31 min nəfərin  məşğulluqla  təmin edilməsi  hədəflənir.

Hörmətli oxuçularımız   sonuncu xəbərimiz Türkiyə ilə bağlıdır.

Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamenti tərəfindən təşkil edilən ‘‘Xaricdəki Gənc Liderlər’’ proqramı üçün müraciətlər başlayıb. Proqram yaşadıqları ölkələrdə fəallıq göstərən fərdlər yetişdirməyi nəzərdə tutur. 

‘‘Gənc liderlər’’  proqramı  müxtəlif ölkələrdə təhsil və sosial həyatda uğur əldə edən gənclərin seçilərək  təhsil almalarını nəzərdə tutur. Dünyanın müxtəlif yerlərindən 40 gəncin qəbul ediləcəyi proqrama müraciətlər  aprelin 30-da başa çatacaq.

 Proqrama Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belçika, Birləşmiş Krallıq, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, İsveçrə, Kanada, Norveç, İtaliya, İspaniya, Portuqaliya və Yeni Zelandiyada təhsil alan bakalavr və   magistr tələbələr, həmçinin  məzunlar da müraciət edə biləcək.

Proqram  iyul ayında iki həftə ərzində Ankara və İstanbulda  keçiriləcək. Bu müddətdə iştirakçılar şəxsi inkişaflarına  təkan verəcək maarifləndirici aksiyalarda iştirak edəcək. Bundan başqa, proqram çərçivəsində təşkil ediləcək ekskursiyalar sayəsində gənclər tarixi vә mәdәni irs nümunələrini yerində  görmә  imkanı əldə edəcəklər. Türk əl işi sənəti, Türk kinosu, TRT konsertləri kimi  sosial fəaliyyətlər də proqramda yer alacaq. Gənclərə istəklərinə uyğun olaraq Türkiyədə təcrübə keçmə imkanı da yaradılacaq.

Gənc Liderlər Proqramına  www.ytb.gov.tr/gencliderler saytından müraciət etmək mümkündür.

Namizədlər  müraciətlər və proqram haqqında ətraflı məlumatları da həmin ünvandan əldə edə bilərlәr.



Әlaqәli Xәbәrlәr