Prezident Ərdoğan Diyarbəkirdə

Türkiyə Prezident Aparatının sözçüsü və baş katibin müavini İbrahim Kalının məqaləsi

Prezident Ərdoğan Diyarbəkirdə

Prezident Ərdoğanın kürdləri Respublikanın bərabərhüquqlu üzvləri kimi səciyyələndrməsi 2003-cü ildən bəri yürütdüyü siyasəti xarakterizə edir və bu vəziyyət həm 16 aprel referendumu, həm də ondan sonrakı dövr üçün əhəmiyyətini qoruyub saxlayır.

 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şənbə günü Diyarbəkirə səfəri fürsətlər və meydanoxumalarla formalaşmış siyasi tarix kontekstində həyata keçdi. Ərdoğanın kürdləri Respublikanın bərabərhüquqlu vətəndaşları olaraq səciyyələndirməsinin yalnız 16 aprel referendumu ilə məhdudlaşmayan mühüm nəticələri vardır.

 Prezident Ərdoğan 2005-ci ildə Diyarbəkirə etdiyi ilk səfərindən bu günədək müasir Türk tarixində başqa heç bir siyasi liderin atmadığı misilsiz addımları ataraq kürdləri Türk millətinin bərabər və vacib bir komponenti kimi tanıyıb və kürd icması ilə PKK arasında dəqiq bir fərq qoyub. Mediada, siyasi kampaniyalarda və həyatın digər sahələrində kürd dili üzərində tətbiq olunan qadağanı aradan qaldırmaq üçün lazım olan islahatları həyata keçirib. Seçim məntəqələrini və Məclisi PKK terroruna  alternativ olaraq təqdim edib. Baş nazir olaraq, kürdlərin əksəriyyət təşkil etdiyi qəsəbə və şəhərlərdə həyat standartını yüksəltmək üçün milyonlarla dollarlıq sərmayə yatırıb. Kürdləri bərabərhüquqlu vətəndaşlar kimi səciyyələndirmək Ərdoğanın siyasi irsinin açar əhəmiyyət kəsb edən bir hissəsidir.

Prezident Ərdoğan Diyarbəkirdəki çıxışında:"Biz deyəcək sözü və tətbiq edəcək layihəsi olan hər kəslə danışmağa və birlikdə addımlamağa hazırıq. Yeganə şərtimiz isə budur: silahlana bilməzlər, ölkəni və milləti parçalamaq məqsədi güdə bilməzlər" dedi. PKK sülh prosesini 2015-ci ildə birtərəfli şəkildə dayandrıdıqdan və Xalqların Demokratik Partiyası (HDP) potensial bir siyasi aktyor kimi  rolunu dəyərsizləşdirdikdən sonra  prezident kürdlərin problemlərini həll etmək üçün icma rəhbərləri, siyasi xadimlər, sadə vətəndaşlar, iş adamları, QHT-lər və digərləri daxil olmaqla kürdlərlə şəxsən özü  ünsiyyətə girəcəyini söyləyir.

 Doğrusu, kürdlər PKK-nın mərhəmətinə (və ya mərhəmətsizliyinə) və mürtəce marksizm-leninizm ideologiyası ilə baş-başa buraxıla bilməzlər. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən terror təşkilatı kimi tanınır və yalnız Türk dövlətinə qarşı deyil, öz ideologiyalarını bölüşməyən kürdlərə qarşı da sərgilədikləri vəhşi terrorla tanınır. HDP PKK-nın "xəndək siyasətinə" dəstək olmağı seçərək siyasi müstəvidə intihar etmiş və 2014-cü il bələdiyyə seçkilərində qalib gələn bələdiyyə rəhbərlərini, imkanlarını, büdcəsini və xidmətlərini riskə atmışdır. Fəaliyyətləri sadəcə qanunsuz deyil, eyni zamanda, HDP-nin siyasi legitimliyinə endirilən böyük bir zərbə olmuşdur. Kürdlərin böyük əksəriyyəti PKK və HDP tərəfindən xəyal qırıqlığına uğradılıb, və yenə də bu əksəriyyət təzyiqə qarşı çıxaraq sülh, təhlükəsizlik və rifah istəyir.

Prezident Diyarbəkirdə məhz  buna söz verərək: "Türkiyəni  İstanbul, İzmir, Trabzon, Antalya və Ərzurumsuz  təsəvvür etmədiyimiz kimi, Diyarbəkirsiz də təsəvvür edə bilmərik" dedi. Türkiyə Respublikası Türklərin, ərəblərin və digərlərinin olduğu qədər kürdlərin də dövlətidir. Ərdoğan terrora qarşı əməliyyatlar davam edərkən kürd vətəndaşların hüquqlarının müdafiə edilməsi və qorunması işinin heç bir şəkildə müvəffəqiyyətsizliyə uğramayacağını dəqiq  şəkildə ifadə etdi. 15 iyul dövlət çevrilişi cəhdindən sonra elan edilən fövqəladə vəziyyətə baxmayaraq, bu gün kürd vətəndaşların fayda verdiyi islahatların həyata keçirilməsində heç bir dəyişiklik olmamışdır. Hökumət Diyarbəkirin Sur rayonunda PKK terrorçularının məhv etdiyi sahələri yenidən inşa etmək üçün hazırda buraya milyonlarla dollar sərmayə qoyur.

 Prezident Ərdoğan PKK-nın əlində silah tutaraq sülh haqqında danışdığı kirli siyasətini rədd edir. Ərdoğan HDP-nin kürdlərin səsi olacağını iddia edərək, ilk növbədə, PKK-nın adından danışmasını rədd edir. Həqiqət budur ki, şəxsən Ərdoğan tərəfindən başlanılan sülh prosesi əsnasında və sonra HDP PKK-nı mühakimə edəcək və rədd edəcək cəsarəti heç vaxt nümayiş etdirməyib.

 Heç bir hökumət parlament siyasətinin imtiyazlarından istifadə edərkən PKK-ya dəstək verərək silahlı mübarizəyə legitimlik qazandırmağı hədəfləyən siyasi qərarı qəbul etməyəcək. Bu, Şimali İrlandiyada IRA, İspaniyada ETA, ya da Kolumbiyada FARC-ın silahlı mübarizəyə davam etdikləri halda sülh, və ya siyasi tanınma tələblərini sorğu-sualsız qəbul edilməsi kimi olur.

Kürdləri PKK-dan xilas etmək yalnız haqlarını tanımaq və həyat standartlarını yüksəltmək demək deyil. Bu, eyni zamanda, onları PKK-nın zorakılıq və zülmündən qorumaq deməkdir. Diyarbəkir, Hakkari, Şırnak və kürd əhalinin əksəriyyət təşkil etdiyi digər şəhərlərdəki kürdlərin çoxu, PKK və şəhər terrorçularına qarşı görülən son təhlükəsizlik tədbirlərini dəstəklədiklərini, bunun onlara gələcəyə ümidlə baxmağa imkan verdiyini deyirlər.

 Ölkələrindəki müxtəlif PKK-çılara sərbəst keçid təmin edən və onları Türkiyəyə qarşı istifadə etməyi hədəf seçən Avropa hökumətləri yalnız öz prinsiplərini pozmurlar, eyni zamanda, özlərini məğlubiyyətə uğradacaq bir strategiya tətbiq edirlər. ABŞ rəhbərliyi eyni səhvə  DEAŞ ilə mübarizə adı altında PKK-nın Suriya şöbələri olan Demokratik Birlik Partiyası (PYD) və Xalqı Qoruma Orqanlarını (YPG) dəstəkləyərək yol verir. PKK-nın Suriya müharibəsini regional hədəfləri üçün bir vasitə olaraq istifadə etdiyi sirr deyil. PKK-nın və onun Avropadakı, və ya Suriyadakı müxtəlif şöbələrinin dəstəklənməsi siyasəti regional sülh və təhlükəsizlik üçün ciddi nəticələr doğuracaq.

 Bu arada, kürdlərin böyük əksəriyyəti xarici aktyorlar tərəfindən öz ölkələrinə qarşı istifadə edilən bir piyada rolundan bezib. Onlar yalnız PKK və HDP sözçülərini ciddiyə alan və kürdlərin PKK-ya qarşı mövqeyini görməzliyə vuran Qərb mediasının davranışından cana doyublar. Başqasının əli ilə müharibə aparmaq istəyən xarici agentlərin əlində vasitə olan marksist-leninist ideologiyalı kürd obrazını rədd edirlər. Onlar PKK-nın siyasi gündəmini kürdlər adından müdafiə edənlərə nifrət edirlər.

 Sorğular kürd seçicilərin konstitusiya referendumunu gözləniləndən daha yüksək nisbətlərdə dəstəklədiyini göstərir. Bu, kürdlərin təklif olunan sistemin zəif koalisiya hökumətləri dövrünü sona çatdırmaq, iqtisadiyyata enerji qazandırmaq və güclü nəzarət və balans sistemi qurmaq kimi faydalarını gördüklərinin göstəricisidir.

 Ərdoğanın kürdləri Respublikanın bərabərhüquqlu üzvləri olaraq səyiyyələndirməsi 2003-cü ildən etibarən Ərdoğanın siyasətini müəyyənləşdirdi və bu siyasət 16 aprel referendumunda və sonra da əhəmiyyətini qorumağa davam edəcək.



Әlaqәli Xәbәrlәr