Türkmənistan prezident seçkiləri_Türkiyə və Avrasiya gündəmi_08

Türkmənistan içində olduğu türk respublikalarının ümumtürk xarici siyasətinin tarazlıq nöqtəsindədir. Bu baxımdan Türkiyənin rasional xarici siyasətində Türkmənistan özünəməxsus yer tutur.

688339
Türkmənistan prezident seçkiləri_Türkiyə və Avrasiya gündəmi_08

  2017-ci ilin 12 fevral tarixində Türkmənistanda keçirilən prezident seçkiləri və bunun bölgəyə təsirləri. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  Türkmənistan 12 fevralda yeni prezidentini təyin etmək üçün səsverməyə getdi. Seçkidə doqquz namizəd yarışırdı: Türkmənistan Demokratik Partiyasından Qurbanqulu Berdiməhəmmədov, Türkmənistan Sənayeçiləri və İş adamları Partiyasından millət vəkili, Aqrar Partiyasının sədri, Türkmənistan Qida Sənayesi Birliyinin sədr müavini, Ahal rayonu İqtisadiyyat və İnkişaf Təşkilatının sədri, Türkmən Dövlət Kimya Təşkilatı “Qaraboqazsulfat” İstehsalat Birliyinin sədri, Daşoquz rayonu Bələdiyyə sədr müavini, Seydi Neftarıtma İdarəsinin müdiri və Maru Bələdiyyə sədri.

  Fevralın 15-ində kabinet iclasında Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədri Gülmurad Muradov prezident seçkilərinin nəticəsini ictimaiyyətlə paylaşdı. O, Türkmənistan Demokratik Partiyasından olan namizəd və bundan əvvəlki prezident Qurbanqulu Berdiməhəmmədovun 97,69 faiz səs qazandığını və yenidən dövlət başçısı seçildiyini bəyan etdi.

  Qeyd edək ki, Türkmənistan Konstitusiyasındakı yeni dəyişikliyə görə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə çıxarılıb, yaş həddi isə 70 təyin olunub. Beləliklə, Qurbanqulu Berdiməhəmmədov ölkəni bundan sonra 7 il idarə edəcək.

  Seçkilərlə bağlı ən çox Qərb mediasında tənqidi xəbər və şərh yazılıb, Berdiməhəmmədovdan başqa digər namizədlərin çıxışlarına dövlət televiziyasında daha az yer verildiyi bildirilib.

  Saparmurad Niyazovun ölümündən sonra 11 fevral 2007-ci ildə edilən seçkilər nəticəsində səslərin 89,23 faizini qazanan Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın ikinci prezidenti seçildi.

  Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə Aşqabad vilayətində anadan olub. 1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini, sonra aspiranturasını bitirib. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlayıb. 1990-1995-ci illərdə Terpapevtik Stomatologoya kafedrasının assistenti, dosenti, sonra Türkmən Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinin dekanı olub. 1995-1997-ci illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyi Stomatologiya Mərkəzinin rəhbəri, 1997-ci ildən Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri, 2001-ci ildən isə Nazirlər Komitəsinin sədr müavini vəzifələrində çalışıb. Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra edib. 26 dekabr 2006-cı ildə Xalq Şurasının 2507 nəfərlik nümayəndə heyətinin yekdil dəstəyilə Türkmənistanın prezidentliyinə namizədliyi irəli sürülüb. 11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 % səs toplayaraq qalib gəlib.

  2017-ci il fevral seçkilərindən sonra da seçicilərin (97,69 faiz) səsini toplayan Qurbanqulu Berdıməhəmmədov üçüncü dəfə artıq yenidən prezident seçildi.

  Türkmənistan dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr arasında dördüncü sıradadır. Başlıca gəlir mənbəyi olan təbii qaz qiymətlərinin son üç il ərzində dünyada az qala yarı-yarıya enməsi 2016-cı ildə Türkmənistanı iqtisadi islahatlar aparmağa məcbur etdi.

  Artıq Berdiməhəmmədov təşəbbüsü, Çinin dəstəyilə Türkmən qazını Çinə daşıyacaq boru xətti tikilir. (Bu layihə ilə Türkmənistanın Çinə 30 milyard kubmetrlik təbii qaz ixrac edəcəyi gözlənilir.)

  Bunu qeyd edək ki, təbii qaz sektorundakı durğunluq ölkə iqtisadiyyatına mənfi təsir etmişdi, hətta bu bölümdə çalışan vətəndaşların 50 faizi müvəqqəti işsiz qalmışdı.

  Türkmənistan "daimi tərəfsiz dövlət" statusu ilə beynəlxalq təşkilat və ölkələrdən dəstək istəməkdən qaçır. Halbuki o, Türk Şurası (Türkdili Ölkələr Əməkdaşlıq Şurası) üzvlərindən, başda Türkiyə olmaqla, dəstək almaqla problemlərini qısa müddətdə həll edə bilər.

  Türkiyə ilə Türkmənistan türk dünyası içərisində Oğuz boyuna mənsub dövlətlərdən ikisidir. Buna görə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələri dərindən inkişaf etdirən strategiyalar hazırlanmalıdır. Bunlar orta və uzun müddətli, perspektivli dövlət siyasəti olaraq tətbiq edilməlidir. Regional iqtisadi siyasətin inkişaf etdirilməsində qeyri-hökumət təşkilatları, dövlət qurumları, universitet və düşüncə təşkilatları arasında əməkdaşlıq və koordinasiyalı iş təmin olunmalıdır.

  Türkiyə Respublikası Türkmənistanda fəaliyyət göstərən və əhəmiyyətli layihələrə imza atan Türkiyə özəl sektor firmalarını dəstəkləməli, uğurlu olanları seçib dəyərləndirməlidir. Türkiyə bu firmalardan ictimai diplomatiya və lobbiçilik məqsədiylə istifadə etməlidir.

  Türkmənistan içində olduğu türk respublikalarının ümumtürk xarici siyasətinin tarazlıq nöqtəsindədir. Bu baxımdan Türkiyənin rasional xarici siyasətində Türkmənistan özünəməxsus yer tutur.



Әlaqәli Xәbәrlәr