Türkiyə və Orta Asiya – ABŞ və Orta Asiya_Türkiyə və Avrasiya gündəmi_07

Türkiyə və Orta Asiya, Amerika Birləşmiş Ştatları və Orta Asiya ictimai diplomatik münasibətlərindən müqayisəli şəkildə bəhs edirik.

Türkiyə və Orta Asiya – ABŞ və Orta Asiya_Türkiyə və Avrasiya gündəmi_07

Türkiyə və Avrasiya Gündəmi 07/17

  Cəmiyyət diplomatiyası, xüsusilə, iki mininci illərdən beynəlxalq əlaqələrin əhəmiyyətli anlayışları arasına girdi və bir xarici siyasət vasitəsi oldu. Türkiyə və Orta Asiya, Amerika Birləşmiş Ştatları və Orta Asiya ictimai diplomatik münasibətlərindən müqayisəli şəkildə bəhs edirik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  ABŞ-ın əsas hədəflərindən biri Orta Asiyada Rusiyanın mədəni təsirinin qırılması və bölgə ölkələrinin müstəqilliklərinin qüvvətlənməsidir. Ona görə Amerika Qırğızıstanda təxminən 143, Tacikistanda 81, Qazaxıstanda 76, Türkmənistanda 29 və Özbəkistanda 21 qeyri-hökumət təşkilatını (QHT) yerləşdirib. Bu QHT-lərin çoxu İnsan Haqqlarını İzləmə Təşkilatı (Human Rights Watch), Soros Fondu (Soros Foundation), Jurnalistləri Qoruma Komitəsi (The Committee to Protect Journalists) kimi beynəlxalq təşkilatlara bağlıdır.

  Amma Rusiya bölgədə təsirini təkrar artırınca və "rəngli inqilablar" təcrübəsindən sonra bölgə ziyalılarının QHT-lərə ehtiyatlı davranması nəticəsində Amerikanın bu təşkilatları təsirlərini qismən itirdi.

  Türkiyənin isə Orta Asiyada ümumi siyasəti bölgə ölkələrinin müstəqil, siyasi və iqtisadi sabitliyə malik, öz aralarında və qonşularıyla əməkdaşlıq içində, beynəlxalq cəmiyyətə inteqrasiya və demokratik dəyərləri mənimsəyən dövlətlər olaraq varlıqlarını davam etdirmələrini dəstəkləməkdir. Türkiyə bu siyasəti izləməklə bölgə ölkələrinin əhəmiyyətli bir ortağı halına gəlib.

  Türkiyənin Türküstana ictimai diplomatiyası mədəniyyət, təhsil, media və inkişaf yardımları üzərində təşkil edılıb. Bu baxımdan atılan ilk addımlardan biri ümumtürk mədəniyyət və sənətinin, dilinin, tarixi irsinin qorunması, bu dəyərlərin dünyaya tanıdılması və gənc nəsillərə ötürülməsi məqsədilə 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un qurulması olub. Təşkilatda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan əsas üzvlər, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyasına bağlı 6 muxtar respublika və Moldaviyaya bağlı Qagauz Muxtar Respublikası isə müşahidəçi ölkə qismində TÜRKSOY-un üzvləridir.

  Amerika Orta Asiyada liberal iqtisadiyyatı yayma və xüsusi təşəbbüsü inkişaf etdirmə məqsədi daşıyan Orta Asiya Amerika Sahibkarlıq Fondu (Central Asia American Enterprise Fund - CAAEF) yaradıb. Fəaliyyətlərini əsasən özünün Amerika-Orta Asiya Təhsil Təşkilatı (U.S.-Central Asia Education Foundation) vasitəsilə icra edir, bölgədə müəssisə yaratma, sahibkarlığı və açıq bazar iqtisadiyyatını inkişaf etdirmə səyləri göstərir.

  Türkiyə isə Orta Asiyada təhsil fəaliyyətlərinə əhəmiyyət verir. 1992-ci ildən başlanan Böyük Tələbə Layihəsilə türk soylu respublikalardan yüzlərlə tələbəni Türkiyədə qonaq edir.

  Bu gün də Türkiyə Təqaüdləri adı altında Xarici Türklər və Qohum Cəmiyyətlər Qurumu daha geniş təqaüd proqramı həyata keçirir. Bu proqram çərçivəsində Türkdili Ölkələr Təqaüd Proqramı da var ki, hər il onlarla yeni tələbə onun sayəsində Türkiyədəki universitetlərə qəbul olunur.  

  Bundan başqa, Türkiyə türkcəsinin yayılması da Türkiyənin ictimai diplomatiyası sırasındadır. Yunus Emre İnstitutu Qazaxıstanın paytaxtı Astana və Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərir.

  Ümumiyyətlə, Türkiyə Milli Təhsil Nazirliyinə bağlı Qırğızıstan və Türkmənistanda dörd, Qazaxıstan və Özbəkistanda isə bir ali məktəb var.

  Qırğızıstan-Türkiyə Manas Universiteti 1997-1998-ci təlim-tədris ilindən bu yana Bişkekdə fəaliyyət göstərir. Hal-hazırda universitetdə 9 fakültə, 4 institut, 1 Peşə Məktəbi, 4891 bakalavr, 243 magistr və aspirantura tələbəsi var.

  Türk Dünyasının ilk ortaq dövlət universiteti olan Əhməd Yəsəvi Universiteti isə həm də Qazaxıstanda fəaliyyət göstərir. 880 akademik personalı olan universitetdə iqtisadiyyat, tarix, pedaqogika, türkologiya, xarici dillər, hüquq, tibb, ədəbiyyat, idman, incəsənət, informasiya və mühəndislik fakültələri var.

  Amerikanın da Türküstanda universiteti var ki, bu, Amerika-Orta Asiya Universiteti (American University of Central Asia) adlanır və bölgənin nüfuzlu ali məktəblərindən biridir. Bölgədə gələcəyin liderlərini yetişdirməyi hədəfləyən bu universitet hər il təxminən 15 ölkədən 500-dən çox tələbə qəbul edir.

  Orta Asiyada Amerika dəstəkli digər ali məktəb 1997-ci ildə Qazaxıstanın ən böyük şəhərlərindən biri olan Almatıda qurulan Qazaxıstan-Amerika Universitetidir (KAU).

  Soyuq müharibə dövründə ABŞ-ın mühüm təbliğat vasitələrindən biri olan Azad Avropa Radiosu da (Radio Free Europe / Radio Liberty, RFE/RL) keçmiş əksər sovet ölkələrində olduğu kimi, Orta Asiyada hələ davam edir.



Әlaqәli Xәbәrlәr