Türkiyə və Avrasiya Gündəmi (01.2017): "Cəmiyyət diplomatiyası və Orta Asiya"

Türkiyənin Türküstan, yəni Orta Asiya ilə bağlı ictimai diplomatiyası

668718
Türkiyə və Avrasiya Gündəmi (01.2017): "Cəmiyyət diplomatiyası və Orta Asiya"

  Cəmiyyət diplomatiyası, xüsusilə, iki mininci illərdə beynəlxalq əlaqələr anlayışı sırasına girdi və əhəmiyyətli xarici siyasət vasitəsi oldu. Biz bu həftəki “Türkiyə və Avrasiya gündəmi” verilişində Türkiyənin Türküstan, yəni Orta Asiya ilə bağlı ictimai diplomatiyasından bəhs edəcəyik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr Bölümünün müəllimi Cəmil Doğaç İpek yazıb, mən Sevda Mirzə oxuyaraq sizə təqdim edirəm.

  Bildiyimiz kimi, Orta Asiya türk respublikaları müstəqillik qazandıqdan sonra, şübhəsiz ki, Türkiyə xarici siyasəti yeni bir ölçü qazandı.

  Türkiyənin ortaq dil, tarix və mədəni bağlarının olduğu bu ölkələrlə əlaqələri və əməkdaşlığı bir çox sahədə sürətlə inkişaf etdi.

  Türkiyənin bölgəyə istiqamətli ümumi siyasəti belə oldu: Orta Asiya ölkələrinin müstəqil, siyasi və iqtisadi sabitliyə sahib, öz aralarında və qonşularıyla əməkdaşlıq içində, beynəlxalq cəmiyyətlə inteqrasiya və demokratik dəyərləri mənimsəmiş dövlətlər olaraq varlıqlarını davam etdirmələrini dəstəkləmək. Türkiyə bu siyasəti əsas ölçü olaraq götürməklə bölgə ölkələrinin əhəmiyyətli bir ortağı halına gəldi.

  1992-ci ildən bu yana Türkiyənin liderliyilə davam edən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısının əhəmiyyətli nəticələrindən biri Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə 2009-ci ildə qurulan Türk Keneşi, yəni Türk Şurası oldu. Mərkəzi İstanbulda olan bu Şuraya Türkmənistan “daimi tərəfsiz dövlət” statuslu, Özbəkistan isə siyasi səbəblərə görə üzv olaraq qatılmadı.

  Türkiyənin bölgəyə istiqamətli ictimai diplomatiyası mədəniyyət, təhsil, media və inkişaf proqramları üzərində sıxlaşır. Bu məzmunda atılan ilk addımlar ümumtürk mədəniyyət və sənətinin, dilinin, tarixi irsinin qorunması, bu dəyərlərin dünyaya tanıdılması və gənc nəsillərə ötürülməsilə bağlıdır. Bu məqsədlə 1993-ci ildə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY yaradıldı. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla yanaşı Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasına bağlı 6 muxtar türk respublikası və Moldovaya bağlı Qaqauz Muxtar respublikası TÜRKSOY-un üzv və müşahidəçi ölkələri oldu.

  Bölgə əlaqələrində Türkiyə təhsil fəaliyyətlərinə xüsusi əhəmiyyət verir, yəqin bilirsiniz. 1992-ci ildə başlanan Böyük Tələbə Layihəsi ilə türk respublikalarından yüzlərlə tələbə Türkiyədə təhsil alır.

  Türkiyə Təqaüdləri proqramı var ki, Xarici Türklər və Qohum Topluluklar Rəhbərliyi tərəfindən həyata keçirilməkdədir. Bu proqram çərçivəsində hər il onlarla yeni tələbə Türkiyədəki universitetlərə qəbul olunur və onlara dövlət tərəfindən təqaüd ayrılır.

  Türkiyə öz türkcəsinin yayılmasına çox əhəmiyyət verir. Qazaxıstanın paytaxtı Astanada Yunus Emre İnstitutunun Orta Asiyadakı tək mərkəzi fəaliyyət göstərir. Bundan başqa, Türkiyə Milli Təhsil Nazirliyinə bağlı Qırğızıstan və Türkmənistanda dörd, Qazaxıstan və Özbəkistanda isə bir ali məktəb var.

  Qırğızıstan-Türkiyə Manas Universiteti isə 1997-1998-ci tədris ilindən bəri Bişkekdə fəaliyyət göstərir.

  Qırğızıstan-Türkiyə Manas Universitetində 400-dən çox tələbə var ki, bunların 84 faizini qırğız tələbələri təşkil edir. Universitet Türkiyə və Qırğızıstandakı dövlət universitetlərilə eyni statuslu muxtar bir universitetdir. Burda təlim-tədris pulsuzdur, tələbələrə "Giriş vakansiyalı təqaüd", "Akademik müvəffəqiyyət təqaüdü", "Dəstək təqaüd" və "Milli idmançı təqaüdü" verilir. Təhsil Türkiyə və qırğız türkcələrindədir.

  Türk dünyasının ilk ortaq dövlət universiteti Türkiyədəki Əhməd Yəsəvi Universitetidir ki, təlim-təhsil və araşdırma fəaliyyətləri həm də onun Qazaxıstan şöbəsində həyata keçirilir. Universitetdə Türkiyə türkcəsi (TÜRTEP), Qazaxıstan türkcəsi (KAZTEP), rus dili (RUSDEP) və əlaqədar təhsil proqramları var. "İnternet üzərindən təhsil" proqramları da 2002-ci ildən müvəffəqiyyətlə tətbiq olunur.

  Əhməd Yəsəvi Universitetinin Qazaxıstan şöbəsində tədris dili Türkiyə türkcəsi və qazaxcadır. Bu dillərlə yanaşı ingilis və rus dilləri də öyrədilir. 880 akademik personalı olan universitetdə İqtisadiyyat, Tarix, Pedoqogika, Türkologiya, Xarici Dillər, Hüquq, Tibb, Filologiya, İdman, İncəsənət, İnformasiya və Mühəndislik fakültələri vardır.

  

 



Әlaqәli Xәbәrlәr