İbn Xəldunun bizə ismarıcı var

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın, məqalə

İbn Xəldunun bizə ismarıcı var

İslam aləminin ən böyük mütəfəkkirlərindən biri olan Əbdürrəhman İbn Məhəmməd bin Xəldun (1332-1406)  şah əsəri "Müqəddimə" ilə məşhurdur. İbn Xəldun tarix, sivilizasiya, cəmiyyət, mədəniyyət  və siyasi iqtidar haqqında İslam fəlsəfəsinin ən məhsuldar nümayəndəsidir. Filosof yaşayıb yaratdığı Şimali Afrikanın cəmiyyətləri üzərində apardığı dərin müşahidələr əsasında  heyrətamiz  universal tarix və dünya mədəniyyəti anlayışını yaratmışdır.

Əsas bilik sahələrini əhatə edən və geniş spektrli təfəkkürə malik İbn Xəldun, eyni zamanda, aktiv siyasi fəalliyyət nümayiş etdirən dövlət xadimi idi. Bəzi tədqiqtçılar onu ictimai elmlərin banisi kimi səciyyələndirirlər. Tarixçilər onun böyük güclərin yüksəlişi və süqutu barədəki fikirlərinin müdrikliyinə heyran olurlar. Marksistlər onu iqtisadi şərtlərin fərdi mövqeləri və ictimai əlaqələri formalaşdırma gücünə malik olmasına dair düşüncələrini təqdir edirlər. Osmanlı dövlət adamları və tarixçiləri imperiyanın müvəffəqiyyətlərini və məğlubiyyətlərini tədqiq edərkən, əsrlər boyu onun "əsəbiyyə" anlayışından  istifadə ediblər. Bəziləri onu İslam mədəniyyətinin ən böyük filosofu olaraq xarakterizə edir. O,  böyük ideyaları ilə silinməz iz buraxmış bir şəxsiyyətdir.

İndi isə, içində olduğumuz artan inamsızlıq və qlobal nizamsızlıq çağında İbn Xəldunun hamımıza bir ismarıcı var. Taixi, bir şahid olaraq səciyyələndirən İbn Xəldun bizə bunu deyir: "Bir cəmiyyətin maddi və mənəvi rifahının açarı bütövlük və həmrəylikdir. Bəşər oğlu nəslini qorumaq və davam etdirmək, əsas ehtiyaclarını ödəmək və "mədəni" ola bilmək üçün potensialını reallaşdırmağa duyduğu ehtiyac səbəbindən birgə yaşayışa məhkum olduğundan təbiətən "siyasi bir varlıqdır".

 İnsan təbiətinin dağıdıcı tərəfi insanlar birgəyaşayış və qarşılıqlı yardımı öyrəndikləri zaman cilovlanır. Bu isə, bəşəriyyəti birləşdirəcək bir sıra əxlaqi və siyasi prinsiplərin mövcudluğunu tələb edir. Ən əhəmiyyətlisi isə,  heç bir mədəniyyət metafizik əsası olmadan mövcud olmamışdır. İctimai bütövlüyünü və qrup həmrəyliyini itirənlər birliyini və gücünü qoruyub saxlayanlar tərəfindən ələ keçirilirlər.

 İbn Xəldun üçün ən əsas sual "bir qrup insanı bir arada və bir-birindən asılı vəziyyətdə tutan nədir?" idi. Bu, bütün sivilizasiya, mədəniyyət və siyasi hakimiyyətin bazasını təşkil edirdi. Bu əsas komponent olmadan heç bir qrup, qəbilə, klan, və ya icma siyasi hakimiyyət əldə edə, urbanizasiya həyatı bərqərar edə və onu qoruyub saxlaya bilməzdi. Məhz burada İbn Xəldunun "qrup həmrəyliyi və ictimai bütünlük" məna yükünü daşıyan "əsəbiyyə" anlayışı ilə qarşılaşırıq. ( İbn Xəldunun "əsəbiyyə" adını verdiyi bu anlayışı başqa dillərə çevirməyin çətinliyi və digər dillərə təcümə etmək təşəbbüsləri  onun böyük əhəmiyyətini təsdiq edir).

 "Əsəbiyyə" bir qrupun tərəflərini bir-birinə bağlayan yapışdırıcıdır və  qrupa xarici qəsbkarlara qarşı qorunmaq üçün lazım olan gücü və qabiliyyəti verir, öz aralarında sülh və nizamı yaratmağı təmin edir, onları "umran"ın, yəni mədəniyyətin inşasına hazırlayır.

Lakin bu nöqtədə böyük bir Xəldun dilemması ilə qarşılaşırıq: "əsəbiyyə" ilə bir-birinə bağlanmış və güclənmiş bir qrup insan uranizasiya həyatına keçdikdə və sivilizasiya qazandıqda ictimai bütövlüklərini və həmrəylik hissini itirirlər. Fərdlər urbanizasiyanın  gətirdiyi mədəni həyatın rahatlıq və faydalarını dadmağa başlayınca, "bədəvi fəzilətlərini" və döyüşçü xüsusiyyətlərini qoruyanların hücumuna qarşı  qorunmağa məhəl qoymur, tənbəl və "ifrat yetkin" hala gəlirlər. Bu vəziyyətdə başqaları tərəfindən ələ keçirilmələri isə an məsələsi olur.

Xəldun paradiqmasında mədəniyyətin əvəzi ictimai bütövlüyün, qrup həmrəyliyinin və onlardan doğan nəcib xüsusiyyətlərin itməsidir. "Əsəbiyyə"sini itirənlər "asalah", başqa sözlə, "alicənablıq" larını da itirirlər. Bu vəziyyət təkrar olunan bir mövzu halına gəlir; qəbilələrin, millətlərin, dövlətlərin və imperiyaların vasitəsilə yüksəldiyi və düşdüyü sonsuz  ictimai qapalı çevrə. İbn Xəldun belə bir qapalı çevrənin ömrünə təxminən dörd nəsil, yəni yüz ildən bir qədər çox vaxt verir. Eyni zamanda, o, ictimai bütövlüyün ən əsas dayağının qohumluq olduğunu irəli sürür. Filosofun fikrincə,insanları bir-birinə bağlayan daha güclü və tətbiq oluna bilər bir əlaqə yoxdur. Heç kim güclü qohumluq bağları olanlara hücum etməyə cürət etməz. Ancaq şəhərdə yaşamağa və şəhər mədəniyyətini əxz etməyə başlayan fərdlər qohumluq hisslərini itirirlər. İbn Xəldun bu çıxılmaz vəziyyətdən- dilemmadan bir çıxış yolu görə bilmir; malik olduğun "əsəbiyyə" vasitəsilə hakimiyyəti, şəhər həyatını və mədəniyyəti əldə edirsən, lakin oturaq və mədəni həyatın faydalarını dadmağa başladığın zaman bütövlüyün əldən gedir.

Aydındır ki, mövzu qəbilə olduğunda Xəldun nəzəriyyəsi məna kəsb edir. Lakin bu nəzəriyyə  daha geniş ictimai vahidlərin birləşərək uzun nəfəsli dövlətlər və imperiyalar yaratmalarını izah etməkdə aciz qalır. Bundan başqa, İbn Xəldunun bu nəzəriyyəsi  yaşadığımız müasir dünyanın mürəkkəbliyi tərəfindən də sınanır.  Bu vəziyyətdə nə edəcəyik? Onun nəzəriyyəsini "mikroölçülü, qəbiləçi və zamana uyğun olmayan" kimi xarakterizə edərək, bir kənara atmalıyıqmı?

 Cavabı- xeyir.   Edəcəyimiz iş bir tərəfdən onun qohumluq və qəbilə əlaqələrinə əsaslandırdığı ictimai bütövlük və qrup həmrəyliyi anlayışını problemləşdirməyə  davam edərkən, digər tərəfdən, bütövlük, urbanizasiya və sivilizasiyaya dair əsas problemləri anlamaq üçün onun təhlillərini daha geniş bir şəkildə və qlobal planda yenidən nəzərdən keçirmək və genişləndirməkdir. Bu, xüsusilə, günümüzdə ictimai bütövlük və sivilizasiya birliyi çatışmazlığından əzab çəkən müsəlman dünyası üçün təxirəsalınmaz bir vəzifədir. Uğursuz və zəif dövlətlər, qeyri-dövlət aktyorları traybalizm, məzhəbçilik, millətçilik və bir sıra digər problemlərlə yüklənmiş müsəlman cəmiyyətlərini təcavüzkarlara qarşı qoruyacaq və öz intellektual və maddi ehtiyatlarını mədəniyyət və sivilizasiya üçün həyata keçirəcək hər hansı bir "birləşdirici" dən məhrum edirlər.

 İbn Xəldunun ictimai bütövlük və kütləvi həmrəylik anlayışı Quranın Ənfal Surəsinin 46-ci Ayəsində deyilənlə əlaqəlidir: "Allaha və Onun Rəsuluna itaət edin, dava-dalaş etməyin (münaqişəyə girməyin), yoxsa zəif düşərsiniz və gücünüz (əlinizdən) gedər. Səbr edin. Yəqin ki, Allah səbr edənlərlədir".

 Eyni qrupun və ya millətin üzvləri bir- birləri ilə dağıdıcı bir şəkildə toqquşmağa başlayanda, güclərini itirirlər və həyatın hər dönəmində vurnuxub dururlar.

Müsəlman cəmiyyətlərinin hazırkı acınacaqlı vəziyyətləri  göz önündə tutularsa, İbn Xəldunu oxumağın tam zamanı olduğu anlaşılar.



Әlaqәli Xәbәrlәr