Vaqif Bəhmənli "Hüznlü misralar"la Ankarada

Tədbirdə şairin şeirləri oxundu, haqqında danışıldı, fikirlər səsləndi.

Vaqif Bəhmənli "Hüznlü misralar"la Ankarada

  Avrasya Yazarlar Birliyinin sədri, həm də Türk dünyasının bu gün tək ortaq ədəbiyyat jurnalını nəşr edən Qardaş Qələmlər və Dil Araşdırmaları Dərgilərinin Birlik sədri Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və qələm dostlarının təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankarada Azərbaycanın tanınmış şairi Vaqif Bəhmənlinin Türkiyə türkcəsinə çevrilmiş “Hüznlü misralar” kitabının təqdimat mərasimi keçirildi.

  Kitab Avrasiya Yazıçılar Birliyinin “Bengü” Yayın Evi tərəfindən “Azərbaycan ədəbiyyatı” seriyası çərçivəsində nəşr olunub.

  Ankara “Kabakçı qonağı” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə giriş sözləri ilə Avrasya Yazarlar Birliyinin sədri və “Qardaş Qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu açaraq gələn türkiyəli qonaqlara şair Vaqif Bəhmənli kimliyi və ədəbi-bədii yaradıcığılığı haqqında məlumat verdi.

  Sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Qırğızıstanın Xalq şairi, bu ölkənin TÜRKSOY-dakı nümayəndəsi Kojogeldi Kuluyev, “Hüzünlü misralar” kitabını Anadolu türkcəsinə uyğunlaşdıran, şairə Ülkü Taşlıova və toplunun redaktoru, yazıçı Havva Tekin, Aysun Demirel Güneri, Səfər Məlikov, o cümlədən, Azərbaycan və Türkiyə ədəbi mühitinin digər nümayəndələri çıxış ediblər.

  Vaqif Bəhmənli şeirlərinin poetik gücünü, onun misralarının qüdrətindən bəhs edən yazıçılar bildiriblər ki, “Hüzünlü misralar” Türkiyə poeziya sevərləri tərəfindən maraqla qarşılanacaq, bəstəkarlar üçün cəlbedici olacaq.

  Şeirlər toplusunun Türkiyədə nəşr olunmasını həyatının ən sevimli xatirələrindən biri olduğuna diqqətə çəkən Vaqif Bəhmənli nəşrə və təqdimata görə Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğluna, o cümlədən, gələn bütün iştirakçılara səmimi minnətdarlığını bildirib.

  Qeyd edək ki, “Hüzünlü misralar”da şairin “Şəhid”, “Qəm səfəri”, “Dua”, “Külək”, “Yatan bəxtim” və sirdən ibarət 92 şeiri özünə yer tapıb.

  Sonda şair Vaqif Bəhmənli “Hüzünlü misralar” kitabını pərəstişkarlarına imza ilə hədiyyə edib.

  Qeyd edək ki, Vaqif Bəhmənli Azərbaycanda 30-a yaxın şeir kitabının müəllifidir. Əsərləri rus, özbək, ukrayna, alman, ingilis, ispan, türkmən, gürcü və Türkiyə türkcəsinə tərcümə olunub.



Әlaqәli Xәbәrlәr