Ərdoğan Qaqauz Mədəniyyət Evinin açılışında iştirak etdi

İ.Dodon: “Bu gün tarixi bir gün yaşadıq. Səbəbi Ərdoğanın Moldovaya səfəridir. Qaqauz Muxtar Vilayətinə ilk dəfədir ki, Türkiyə və Moldova prezidentləri birlikdə səfər edir.”

Ərdoğan Qaqauz Mədəniyyət Evinin açılışında iştirak etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovanın Qaqauz Muxtar Vilayətinin paytaxtı Komratda ölkə prezidenti İqor Dodon, vilayətin rəhbəri İrina Vlah və Ankaranın Altındağ rayon bələdiyyəsi tərəfindən təmir olunan Mədəniyyət Evinin açılış mərasimində iştirak etdi.

  Buradakı çıxışında Ərdoğan dedi:

  “Sizi özüm, heyətim və 81 milyon Türkiyə xalqı adından səmimi qəlbdən salamlayıram.

  Mən hər zaman Qaqauziyaya gəlmək həsrətində olmuşam. Bu günkü səfərlə vüsala qovuşdum.

  Biz bu yerə tarix olacaq əsərlər bəxş etmək istəyirik. Ona görə də burada bir sıra tikililərin inşasına başlayacaq və Qaqauziyaya hədiyyə edəcəyik.

  Bizə göstərdiyi gözəl münasibətə və marağa görə bütün qaqauz xalqına təşəkkürümü çatdırıram.”

  Mərasimdə Moldova prezidenti İqor Dodon da çıxış edərək dedi:

  “Bu gün tarixi bir gün yaşadıq. Səbəbi Ərdoğanın Moldovaya səfəridir. Qaqauz Muxtar Vilayətinə ilk dəfədir ki, Türkiyə və Moldova prezidentləri birlikdə səfər edir.”

  Qaqauziyanın rəhbəri İrina Vlah da çıxış edərək Türkiyənin Qaqauz xalqına çox dəstək olduğunu, açılışı keçirilən mədəniyyət mərkəzinin uzun müddət gözlədiklərini və təmirin Türkiyənin köməyilə aparıldığını bildirdi.

  Çıxışlardan sonra Mədəniyyət Mərkəzi binasının açılışı keçirildi. Bundan sonra prezidentlər və rəsmi heyət Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Komrat Bölgə Xəstəxanası Əziz Səncər Diaqnostika və Müalicə Mərkəzinin açılışını etdi.



Әlaqәli Xәbәrlәr