“Problemi çözmək üçün həll variantlarını kitabda vermişəm“, M.Qəribov

Azərbaycanlı tarixçi və televiziya mütəxəssisi Mahir Qəribovun Dağlıq Qarabağla bağlı elmi əsəri Türkiyədə nəşr olunub.

“Problemi çözmək üçün həll variantlarını kitabda vermişəm“, M.Qəribov

   TRT “Türkiyənin səsi” radiosu və trt/azerbaycan saytına verdiyi eksklüziv müsahibədə müəllif kitabıyla bağlı bunları dedi: “Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi tərəfindən çıxan “XX.Yüzyılda Ermenistan-Azerbaycan, Dağlık Karabağ Sorunu” (XX əsirdə Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsi) kitabım Türkiyədə aspirantura (doktorantura) təhsili aldığım zaman yazdığım elmlər namizədi dissertasiyası əsasında hazırlanıb. Məqsədim Azərbaycan üçün hazırda taleyüklü bir məsələyə çevrilən Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsi, bu problemin akademik dildə izahı, eyni zamanda, həlli yollarını göstərməkdir.”

  Azərbaycanlı tarixçi və televiziya mütəxəssisi Mahir Qəribovun “XX.Yüzyılda Ermenistan-Azerbaycan, Dağlık Karabağ Sorunu” kitabı ön söz, giriş, dört fəsil və nəticə hissələrindən ibarətdir. Birinci fəsil “Birinci Dünya Müharibəsindən sonra Qafqazın geosiyasəti”, ikinci fəsil “Rusiyanın Qafqaz siyasəti içərisində Ermənistan və Azərbaycan”, üçüncü fəsil “Sovet İttifaqı dövründə iqtisadi, sosial və mədəni əlaqələr”, dördüncü fəsil isə “Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ münaqişəsinin tarihi mərhələləri və həll təklifləri” adlanır.

  M.Qəribov deyir: “Bu gün bu iki ölkə arasında yaşanan münaqişə bütün Qafqazın inkişaf və tərəqqisini əngəlləyən bir problemə çevrilib. Bu coğrafiyada böyük güclərin maraq dairəsi, problemi çözmək üçün təklif olunan həll variantlarını kitabda vermişəm. Avropa ölkələri, ABŞ, Rusiya, Türkiyə, eyni zamanda, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həllinə yönəlik verdiyi təkliflər elmi əsaslarla işıqlandırılıb”.

  Azərbaycanlı tarixçi onu da deyir ki: “Atəşkəs rejiminin davam etdiyi bu dövrdə Azərbaycan Respublikasının bir vətəndaşı və türk millətinin bir övladı olaraq bu qələm bizim əlimizdə döyüş silahımızdır. Bu gün dünya ictimaiyyətinə problemin yaranma səbəbləri aydın bir dillə izah olunmalı və problemin həlli yolları göstərilməlidir. Yaxın şərq ölkələrindən İraqda, hətta uzaq İspaniyada belə ölkə bütövlüyünü təhlükə altına alan meyllər aradan qaldırıldı. Belə bir dövrdə ziyalılarımızın, aydın insanların üzərinə böyük məsuliyyət artır. Mən həm də uzun illərimin zəhməti olan bu əsərin nəşr olunmasında göstərdiyi köməkliyə görə Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Əli Beyhan, müavini Nihat Büyükbaş, Mərkəzin Elmi Çalışmalar İdarəsinin müdiri Hüseyin Tosun və elmi rəhbərim professor Azmi Süslüyə öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.”



Әlaqәli Xәbәrlәr