Şəhriyarın ruhu “Nazlı hilal ölkəsi”ndə

TÜRKSOY-un “Türk dünyasının öncülləri” layihəsi silsiləsindən Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyar Ankarada xatırlandı.

Şəhriyarın ruhu “Nazlı hilal ölkəsi”ndə

Mən də Azər balası, Türk oğlu
Qonağam doğma qarındaşlarıma.
Demişəm ayrı düşən ləşkərimə
Gedəyim, vəsl edəyim başlarına.

  Fəaliyyətə başladığı vaxtdan bir-birindən maraqlı, mədəni layihələrə imza atan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2017-ci ildə də ənənəni davam etdirir. İlin əvvəlində bu sıraya “Türk dünyasının öncülləri” adlı layihə əlavə olunub. Bu layihə üzrə hər ay türk dünyasının görkəmli şəxsiyyətlərindən biri yada salınır, tanınmış simalar konfrans, panel və simpozium tədbirləri ilə xatırlanır.

  Bu tədbirlərin birincisi yanvar ayında Xoca Əhməd Yəsəviyə həsr olunmuşdu. İkinci tədbirdə isə türk dünyasının böyük şairi Şəhriyar anıldı.

  Fevralın 16-da TÜRKSOY-un Ankaradakı binasında keçirilən konfransda qurumun baş katibi Düsen Kasseinov, Bakıdan dəvət olunan ədəbiyyatşünas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Şəhriyar yaradıcılığının tədqiqatçısı Elman Quliyev, Azərbaycan Respublikası, Güney Azərbaycan və Türkiyəli elm, mədəniyyət və media nümayəndələri, o cümlədən AzTV-nin Türkiyə təmsilçiləri və TRT çəkiliş qrupları iştirak edirdi.

  Konfrans TÜRKSOY-un fəaliyyəti və layihələri haqqında sənədli filmlə başladı.

  Açılış nitqilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kasseinov yeni başladıqları tədbir, onun məqsəd və məramları haqqında məlumat verdi, Şəhriyardan bəhs etdi:

  “Şəhriyar o taylı-bu taylı Azərbaycanın, ümumtürk ədəbiyyatının qüdrətli söz sənətkarı olub. Qəzəl, qəsidə, rübailər qələmə alan şair təkcə Azərbaycana deyil, eyni zamanda, keçmiş Sovet İttifaqındakı türkdilli respublikalara da təsir göstərib. “Heydarbabaya salam” şeiri isə onun məmləkət həsrətini ortaya qoyan ən böyük şeiridir. O iran vətəndaşı olan Azərbaycanlı olub. Öz irsi ilə bütün dünyaya yol göstərən önəmli şair kimi yadda qalıb”.

  Şəhriyar yaradıcılığının tədqiqatçısı, professor Elman Quliyev TÜRKSOY-un bu layihəsini türk mədəniyyətinə göstərilən diqqət və hörmət olaraq dəyərləndirdi. Sonra Şəhriyarın bütün Şərq dünyasının nadir şəxsiyyətlərindən biri olduğundan geniş danışdı:

  “Türkiyə Qərb və Şərqdə sülhün qovuşduğu yerdir. Şəhriyar da dəfələrlə Türkiyəyə gəlmək istəyib, amma alınmayıb. Təsadüfi deyil ki, «Nazlı hilal ölkəsinə» adlı şeirini də Türkiyəyə həsr etmişdi. Lakin bu gün onun ruhu burdadır.

  Hər bir dahi daha çox bir əsərilə yadda qalır. “Heydərbabaya salam” da şairin ən yadda qalan poemasıdır. Əsər 1952-ci ildə yazılıb, 1954-cü ildə çap edilib.”  

  Tədbirin bədii hisəsində Cənub Azərbaycanlı vətənpərvər müğənni Adil Yanar Sönməz bağlama sazında Şəhriyarın sözlərindən ibarət mahnılar oxudu. Türkiyənin Dənizli şəhərində yaşayan Yanar Sönməzin bir-birindən gözəl ifası iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

  Sonra Ankarada universitetlərdə oxuyan tələbələr böyük şairin şeirlərini oxudurlar.

  Tədbirin sonunda mükafatvermə mərasimi oldu.

   Qeyd edək ki, Şəhriyarla bağlı tədbir fevralın 17-də Əskişəhərdəki Anadolu Universitetində də keçiriləcək.

  Xatırladaq ki, Şəhriyar təxəllüsü ilə tanınan, şeirlərini Azərbaycan türkcəsi və fars dillərində yazmış böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyin Behcəti Təbrizi 1906-cı ildə İranın Şərqi Azərbaycan Əyalətinin baş şəhəri Təbrizdə dünyaya gəlib. Onu XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə şairin ölməz "Heydərbabaya salam" poeması olub. Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffətilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur.

  1924-cü ildə Şəhriyar Tehrana gəlir, tibb təhsili alır, burada Sürəyya adlı qızı sevir, amma atası vermir. Amma bir çox şeirlərində şair onu Pəri deyə təsvir edir.

  Bir müddət bankda çalışsa da, sonradan Şəhriyar bu barədə deyib: “Mənim tək müsahib həyatda çoxdur, amma mənim tək şairlər azdır”.   

  Tehrandan Təbrizə qayıdıb ömrünün sonunadək həyatını doğma şəhərində yaşayan Şəhriyardan Azərbayca və bütövlükdə türk dünyasına böyük bir irs qalıb.

 

Gəlmişəm nazlı hilal ölkəsinə.
Fikrətin incə xəyal ölkəsinə.
Akifin marşı yaşardıb gözümü,
Baxıram Yəhya Kamal ölkəsinə.

Əvət, İslam ocağı Türkiyədir
Bir müsəllası Əya Sufiyadır.
Burada Rumi kimi ariflər var.
Sufilər abidəsi Koniyadır…

Baxışım qol-qanad açdlqda uçur.
Göz deyir: “Qoy, hələ baxdıqca baxım,
Bu üfüqlərdə sevincə qarışıb
Şəfəqin arxına axdıqca axım”.

Görürəm bir əbədi izzətü-şən.
Gələcək fəxri olan bir keçəcək.
Yox, bu millət, bu həqiqət ölməz,
Çatacaq xizrinə, camın içəcək…

O gözəllər gözəli İslambul.
O dənizlər qızı, dərya gəlini.
Sankı dərya çiçəyi nilufər
Qol açıb, sahilə atmış əlini…

Mən də Azər balası, Türk oğlu
Qonağam doğma qarındaşlarıma.
Demişəm ayrı düşən ləşkərimə
Gedəyim, vəsl edəyim başlarına.

Dili, dini, qanı bir qardaşıdıq
Sözü bizdənsə, nə ağlar tarix.
İşdə məhküm edərək başçıları
Qara millətləri dağlar tarix…

Gəl sıxaq bir kərə qardaşlıq əlin,
Lə'n edək naxələf əslaimizə.
Bunu Nadir də o vaxt duymuşdu.
Qoy məgəbbət qala əxlafimizə.

Görüm, ay nazlı hilal, ey sancaq,
Parlasın get-gedə bu sönməz ocaq.
Demirəm biz qul edək dünyanı.
Dünya ancaq bizi insan sanacaq.

M.Şəhriyar



Әlaqәli Xәbәrlәr