İngiltərədə Brexitə görə üç nazir də istefa verdi

İngiltərənin Brexit məsələləri üzrə naziri Dominik Raab istefa verdi.

1088589
İngiltərədə Brexitə görə üç nazir də istefa verdi

İngiltərənin Brexit məsələləri üzrə naziri Dominik Raab istefa verdi.

Bu barədə nazir özünün twitter hesabında məlumat verdi. Onun sözlərinə görə, istefasına səbəb Avropa İttifaqı ilə Brexit şərtləri ilə bağlı razılıq məsələsində yaranan fikir ayrılığı olub.

Raab ismarışında: “Bu gün mən Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə naziri postundan istefa verdim. Mən Aİ ilə razılığımız üçün təklif olunan şərtləri təmiz vicdanla dəstəkləyə bilmərəm. Birincisi ona görə ki, Şimali İrlandiya üçün təklif edilən tənzimləyici rejim Birləşmiş Krallığın bütövlüyü üçün real təhlükə yaradır. İkincisi, Aİ-yə bizim ayrılmaq qabiliyyətimizə veto qoymaq imkanı verən müddətsiz razılaşmanı dəstəkləyə bilmərəm” yazdı.

Bu səhər Avropa İttifaqı ilə əldə edilən Brexit razılaşmasını dəstəkləmədiklərini söyləyən daha iki nazir istefa ərizələrini baş nazir Tereza Meyə göndərdilər. Onlar Şimali İrlandiya İşləri üzrə britaniyalı nazir Şeyleş Vara və Əmək və Pensiya İşləri naziri Ester Makveydir. 

Şeyleş Varanın sözlərinə görə, müqavilənin içərisində hansı sözlər istifadə edilirsə-edilsin, bu, İngiltərəni Aİ zəncirlərindən xilas olmuş, azad və müstəqil ölkə etməyəcək. 

Ester Makvey isə bildirib ki, Brüssellə müqavilə layihəsi ilə razılaşmır. Belə ki, daha əvvəl baş nazir Meyin özü tərəfindən ortaya qoyulmuş kriteriyalarla üst-üstə düşmür. 

Xatırladaq ki, iyulda Brexit məsələləri üzrə nazir Devid Davis və Xarici İşlər naziri Boris Conson, ötən həftə isə Britaniyanın nəqliyyat nazirinin müavini Co Conson hökumətin "kortəbii surətdə Brexit"ə doğru getdiyini səbəb gətirərək, istefa vermişdilər. 

Gün ərzində növbəti istefaların olacağı istisna edilmir. 

Qeyd edək ki, Britaniya hökuməti ötən gün Brexit şərtləri ilə bağlı Avropa İttifaqı ilə müqavilə layihəsini təsdiqləyib. Bununla da, Böyük Britaniya 2019-cu ilin martın 29-da Aİ-ni tərk edəcək. 

 

 



Әlaqәli Xәbәrlәr