• Video Qalereya

R.T.Ərdoğan: “Türkiyə ABŞ-la yaşanan böhranı necə görür?”

Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ABŞ-da çıxan “New York Times” qəzetində 10.08.2018-ci il tarixində ingiliscə çıxan məqaləsinin Azərbaycan türkcəsində tərcüməsi.

R.T.Ərdoğan: “Türkiyə ABŞ-la yaşanan böhranı necə görür?”

   Amerika Birləşmiş Ştatları tərəfindən Türkiyəyə qarşı edilən təktərəfli hərəkətlər Amerikanın maraqlarına zərbə endirəcək və Türkiyəni başqa dostlar və müttəfiqlər axtarmağa məcbur edəcək.

  Türkiyə və ABŞ son 60 ildə strateji tərəfdaş və NATO müttəfiqidir. Ölkələrimiz Soyuq Müharibə dövründə və sonra çətinliklərə qarşı birgə çiyin-çiyinə durdu.

  Bu illər əzində ABŞ-ın nə zaman köməyə ehtiyacı oldusa, Türkiyə yardıma qaçdı. Koreyada əsgərlərimiz birlikdə qan tökdü. 1962-ci ildə Kennedi idarəçiliyi Sovetlərin Kubadan raketlərini çəkməsini İtaliya və Türkiyədəki Yupiter raketləri vasitəsilə təmin etdi. 11 sentyabr terror hücumlarından sonra rəsmi Vaşinqton buna cavab üçün dostlarına və müttəfiqlərinə güvəndi və biz silahlı qüvvələrimizi Əfqanıstana, oradakı NATO missiyasının müvəffəqiyyətə çatmasına yardımçı olaraq göndərdik.

  Amma Amerika Birləşmiş Ştatları Türkiyə xalqının narahatlığını anlamaq və buna hörmət etməkdə dəfələrlə və həmişə uğursuz oldu. Son illərdə də tərəfdaşlığımız münaqişələrlə sınandı. Təəssüf ki, bu təhlükəli tendensiyanı tərsinə döndərmək üçün göstərdiyimiz səylər nəticəsiz qaldı. ABŞ Türkiyənin suverenliyinə hörmət etməzsə, xalqımızın qarşı-qarşıya qaldığı təhlükələri dərk etməzsə, tərəfdaşlığımız riskə girər.

  15 iyul 2016-cı ildə Türkiyə hökuməti tərəfindən rəsmi olaraq "Fətullah Terror Təşkilatı (FETÖ) kimi tanınan dəstəbaşı Fətullah Gülənin Pensilvaniya əyalətindəki imarətdən idarə etdiyi qaranlıq bir qrupun nümayəndələrinin hücumuna məruz qaldı. FETÖ mənsubları hökumətimə qarşı qanlı bir dövlət çevrilişinə cəhd göstərdilər. O gecə milyonlarla sadə vətəndaş eynilə Pearl Harbor və 11 sentyabr hücumlarından sonra Amerika xalqının etdiyi kimi vətənə bağlılıq hissilə küçələrə çıxdı. Uzun zamandır mənim seçki kampaniyamı idarə edən sevimli dostum Erol Olçok və oğlu Abdullah Tayyib Olçokun da aralarında olduğu 251 günahsız insan ölkəmizin azadlığı üçün ən ağır bədəli ödədi. Əgər mənim və ailəmin izində olan ölüm dəstəsi uğurlu olsaydı, mən də ölənlərdən biri olardım.

  Türkiyə xalqı ABŞ-dan bu təcavüzü kəskin şəkildə pisləməsini və Türkiyənin seçilmiş liderliyilə həmrəylik içində olduğunu ifadə etməsini gözlədi. ABŞ bunu etmədi. Birləşmiş Ştatların bu təcavüzə qarşı verdiyi reaksiya qaneedicilikdən çox uzaqdır. Türkiyə demokratiyasının yanında olmaq əvəzinə ABŞ rəsmiləri ehtiyatla “Türkiyədə sabitlik, sülh və əmin-amanlıq” çağırışı etdi.

  Qarşılıqlı münasibətlərə zərbə vuran xəyal qırıqlığının qaynağı isə ABŞ-ın silahlı terror təşkilatı PKK-nın Suriyakı qolu PYD/YPG arasında olan tərəfdaşlığı ilə bağlıdır. PKK 1984-cü ildən bəri minlərlə Türkiyə vətəndaşının ölümünə cavabdeh olan silahlı terror təşkilatıdır və ABŞ tərəfindən də terrorçu qruplar siyahısına salınmışdır. Amma rəsmi Vaşinqton son illər PYD/YPG-yə silah göndərmək üçün 5 min yük maşını və 2 min yük təyyarəsindən istifadə etdi.

  Hökumətim ABŞ rəsmilərinin PKK-nın Suriyadakı müttəfiqlərinə hərbi təlim və təchizat vermə qərarından duyduğumuz narahatlığı müvafiq orqanlarla dəfələrlə bölüşüb. Təəssüf ki, sözlərimiz qulaqardına vuruldu və Amerika silahları elə öz vətəndaşlarının əli ilə Suriya, İraq və Türkiyədəki təhlükəsizlik qüvvələrimizi hədəf alır.

  Son həftələr isə ABŞ barəsində terror təşkilatına yardım etdiyi mühakiməsilə cinayət işi açılan Amerika vətəndaşı Endryu Bransonın Türkiyə polisi tərəfindən həbs olunmasını əsas göstərərək Türkiyə ilə gərginliyi artıracaq bir çox addım atdı. Prezident Donald Trampa görüş və söhbətlərimizdə xəbərdarlıq etdim. ABŞ isə hüquqi prosesə hörmət etmək əvəzinə, dost ölkə Türkiyəyə qarşı açıq təhdidə keçdi və kabinetimin bir neçə üzvünə sanksiya qoydu. Bu qərar qəbuledilməz, məntiqsiz və uzun müddətdir davam edən dostluğumuza zərərvericidir.

  Türkiyə isə təhdidlərə birdən çox Amerika rəsmi nümayəndəsinə eyni şəkildə sanksiya qərarı ilə cavab verdi. Biz yenə də eyni prinsiplə gedəcəyik. Hökuməti hüquqi prosesə müdaxiləyə təhrik etmək konstitusiya və birgə demokratik dəyərlərə ziddir.

  Türkiyə yenə bundan əvvəl etdiyi kimi gedəcək. ABŞ dinləməyi rədd edərsə, Türkiyə öz başına çarə qılacaq. Ötən əsrin 70-ci illərində rəsmi Vaşinqtonun etirazlarına baxmayaraq, Türkiyə hökuməti Kipr yunanları tərəfindən türklərə qarşı törədilən soyqırımın qarşısını almaq üçün hadisələrə müdaxilə etdi.

  Yaxın zamanlarda Suriyanın şimalından Türkiyəyə gələn təhlükəsizlik təhdidilə bağlı narahatlıqlarımızı ABŞ ciddi qəbul etmədi. DAEŞ-in NATO sərhədlərinə qədər gəlməsi və YPG-nin Afrindən çıxarılması üçün iki hərbi əməliyyat etməyə məcbur olduq. Belə hallarda milli maraqlarımızı qorumaq üçün hər zaman lazımi addımlar atacağıq.

  Pisliklərin dünyanın hər yerində hiyləgərcəsinə qol-qola gəzdiyi bir zamanda on illərdir müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı apardığı birtərəfli hərəkətlər həm də Amerika maraqları və təhlükəsizliyinə zərbə endirəcək. Çox gec olmadan, rəsmi Vaşinqton əlaqələrimizə asimmetrik davranışdan vaz keçməli və Türkiyənin alternativlərə sahib olduğu həqiqətini qəbul etməlidir. Bu təktərəflilik və hörmətsizlik tendensiyası Türkiyəni yeni dost və müttəfiqlər axtarmağa başlamaq vacibliyini doğuracaq.  



Әlaqәli Xәbәrlәr