Türkiyədə Yenilənə Bilən Enerjinin Gələcəyi

Müasir dünyada ölkələrin enerji tələbatını yerli mənbələrlə ödəməyin ən səmərəli, davamlı və təmiz yolu yenilənə bilən enerjidən keçir.

788904
Türkiyədə Yenilənə Bilən Enerjinin Gələcəyi

Günümüzdə ölkələrin enerji tələbatını yerli mənbələrlə ödəməyin ən səmərəli, davamlı və təmiz yolu yenilənə bilən enerjidən keçir. Təbii ehtiyatlardan əldə edilən və özünü daim yeniləyən  bu enerji mənbəyinin dünya enerji istehlakında payı son illərdəki texnoloji proseslərin inkişafı ilə 20% -ə qədər yüksəlmişdir. Türkiyə də bu meylə uyğunlaşaraq yenilənə bilən resurslardan  istifadəni daha da artırır və dayanmadan bu sahədəki fəaliyyətlərini davam etdirir.

 Türkiyə coğrafi mövqeyi baxımından geniş miqyasda yenilənə bilən enerji mənbələri potensialına malikdir, hətta bərpa olunan resurslar baxımından bir çox Aİ ölkəsinə nisbətən daha əlverişli bir mövqedədir. Türkiyə yenilənə bilən enerji istehsal etməsi və istehsal texnologiyasını inkişaf etdirməsi üçün mövcud potensialını dəyərləndirməlidir.

 2016-ci ildə Türkiyənin ümumi alternativ enerji gücü təxminən 35 GW olaraq hesablanmışdır. Eyni il ərzində elektrik enerjisi istehsalında yenilənə bilən mənbələrdən istifadə 35% ətrafında oldu. Bu mənbələr içərisində 26%-lik pay su,  9%-lik pay  isə külək, günəş, geotermal və digər yenilənə bilən enerji resurslarının üzərinə düşür.

 Türkiyədə yenilənə bilən enerji sektorunda istər külək enerjisinə , istərsə də günəş enerjisinə qoyulan yatırımlar müsbət irəliləyişlərin əldə olunmasına yardım edir. Bu çərçivədə atılan ən konkret addımlardan biri Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan, yerli enerji istehsalında yenilənə bilən mənbələrdən istifadəni artırmağı hədəfləyən Milli Enerji və Mədən Siyasətidır.

Türkiyənin sahib olduğu potensiala görə az istifadə olunan  yenilənə bilən enerji mənbələrinin tezliklə iqtisadiyyata qazandırılması məsələsində mühüm strategiya və hədəflər bu siyasətə əsasən həyata keçirilir.

 Milli Enerji və Mədən Siyasətinin ikinci qolunu  yenilənə bilən enerji siyasətləri sahəsində əhəmiyyətli inkişafa təkan verən yerliləşdirmə strategiyası təşkil edir. Bu strategiya əsasında yenilənə bilən resurslardan istifadənin artması nəticəsində enerji məsələsində xaricdən asılılıq azalacaq və idxal mənbələrin yerli mənbələrlə  əvəz edilməsi təmin olunacaqdır. Türkiyədə Yerliləşdirmə strategiyası ilə "Yenilənə Bilən Mənbə Sahəsi"- YEKA prosesi başladı.

YEKA prosesi Türkiyənin bərpa olunan enerji mənbələrinin həcminin böyüməsi və bərpa olunan enerji texnologiyalarında yerli istehsalın həyata keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu çərçivədə ilk addım ötən ilin mart ayında Konya- Karapınarda Türkiyənin ən böyük günəş stansiyasının qurulması ilə atıldı. Yenilənə bilən enerji mənbələri baxımından zəngin ölkə olan Türkiyədə ən çox potensial  imkan günəş enerjisinin payına düşür, güc artımı baxımından da külək enerjisi öndədir.

 Bir il ərzində günəşli günlərin sayının olduqca çox olduğu Türkiyə günəş enerjisi baxımından olduqca böyük üstünlüyə malikdir. 1,3 milyard dollarlıq sərmayəyə imza atılan  YEKA1 - GES tenderi isə bu üstünlüyü fürsətə çevirmək üçün həyata keçirilməli olan nəhəng layihələrdən biridir. Layihə çərçivəsində illik 1,7 milyard kilovatsaat elektrik istehsalını nəzərdə tutan günəş enerjisi stansiyasının qurulması planlaşdırılır.

 Günəş enerjisindən sonra gündəmdə külək enerjisi layihəsi gəlir. Sektorun aparıcı sərmayəçilərinin iştirakı ilə 1000 MW-lıq YEKA - RES tenderi keçiriləcək. Bu layihədə  65 % yerli avadanlıq və 80 % yerli mühəndislərlə bir tərəfdən istehsalatda yerliləşdirmə təmin olunacaq, digər tərəfdən yeni iş yerləri açılmış olacaq.

 Enerjinin yerliləşdirilməsi istiqamətində hökumət tərəfindən təmin olunan bu həvəsləndirmələr və sərmayələr qarşıdakı dövrdə həm enerji məsələsində xaricdən asılılığı azaldacaq, həm də cari kəsir rəqəmlərində müsbət dəyişikliklərə səbəb olacaq. Beləliklə də, iqtisadiyyata müsbət mənada töhfə verəcəkdir. Türkiyə qarşısına mövcud yenilənə bilən mənbə potensialını bütün bu siyasət və strategiyalarla artıraraq alternativ enerjidə mərkəzi baza olma məqsədini qoymuşdur.



Әlaqәli Xәbәrlәr