Azərbaycanın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi

Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 29 il ötür.

Azərbaycanın qəhrəmanlıq tarixinin 20 Yanvar səhifəsi

Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 29 il ötür.

1990-cı il yanvarın 19-da Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Mixalil Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

Yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələri yeridildi.

M.Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam ağır xəsarət almış; 4 şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı.

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı.

Qardaş Türkiyə Bakıda törədilən cinayətlərə sərt reaksiya göstərdi. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayət qınandı. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etdilər.

20 yanvar Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Bu, xalqın tarixi boyu üzləşdiyi ən amansız, ən ağrılı faciələrdən biri kimi yaddaşlara həkk oldu. Lakin bu günü yalnız faciə, yas, və ya kədər kimi günü kimi səciyyələndirmək Azərbaycan xalqına qarşı böyük bir ədalətsizlik olardı.  Çünki bu “qara yanvar” günü eyni zamanda, xalqın əsrlərlə davam edən azadlıq mübarizəsinin ən uca zivələrindən birinə də çevrildi, milli mənliyin millətin həyatına möhür vurduğu gün oldu. O müdhiş gecə tankların tırtıllarının, avtomatlardan açılan güllələrin səsini batıran bir hayqırtı eşidildi Azərbaycanın dörd bir guşəsindən.  Azərbaycan xalqı: “Mən varam, yaşayıram, azadam, vətənimin bir parçasını da heç kimə vermərəm” deyə bağırdı o gecə bütün dünyaya.

Məhz bunun nəticəsində Azərbaycan xalqı uzun illərdən bəri arzusunda olduğu müstəqilliyinə qovuşdu və Azərbaycan suveren bi dövlət oldu.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Xalqın müstəqillik uğrunda həyatlarından keçən 147 şəhid övladı bu fəxri adı daşıyır.

Vətən şəhidlərini və qəhrəmanlarını unutmadı…. Bakıda şəhidlərə ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqın müqəddəs and yerinə, ziyarətgahına çevrildi.

20 Yanvar Şəhidlərinin xatirəsini əbədiləşdirilməsi istiqamətində çox addımlar atıldı. Onlardan biri də Bakı metrosunun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması idi.

Bu gün azərbaycan xalqı 20 Yanvar hadisələrinin 29-cu ildönümünü qeyd edir. Xalq milli məfkurənin məşəlini daha da alovlandıran igid övladlarının əziz ruhunu yalnız bu qara təqvim günündə deyil, hər zaman öz qəlbində və ruhunda xüsusi məhəbbət və minnətdarlıq hissi ilə yad edir.  

Azərbaycan və bütün türk dünyası müstəqillik fədailərinin ruhu önündə baş əyir!

 

 



Әlaqәli Xәbәrlәr