20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir

Azərbaycanda və Türkiyənin müxtəlif şəhərlərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir.

1128586
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir

Azərbaycanın Türkiyədəki Səfirliyilə Ankara Universitetinin təşkilatçılığında bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı daha bir anım mərasimi Azərbaycanın Qars şəhərindəki baş konsulluğunda təşkil olundu.
 Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə rəsmi şəxslər, ziyalılar, tələbələr, ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
İyirmi Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik mübarizəsində ən şərəfli səhifələrdən olduğunu qeyd edən baş konsul Nuru Quliyev keçmiş Sovetlər Birliyinin süqutu ərəfəsində Azərbaycanda cərəyan edən siyasi proseslərdən danışıb. Diplomat diqqətə çatdırıb ki, Azərbaycan  xalqının xilaskar oğlu Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə xalqın azadlıq mübarizəsinə əlavə güc qatıb.
Qara Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşən professor Hacəli Nəcəfoğlu bu faciənin səbəb və məqsədləri barədə iştirakçılara məlumat verib.
Çıxışlardan sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycanda 20 Yanvaa bağlı anım tədbirləri davam edir.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbirində yenidən həmin faciəli, tarixi və unudulmaz günlər xatırlanıb.

Anım tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının azadlığı uğrunda mübarizədə 20 yanvar hadisələrinin xüsusi yeri olduğunu qeyd edib: “Həmin gecə dünyanın ən böyük dövlətinin təpədən-dırnağa qədər silahlanmış ordusu Bakıda əliyalın sadə vətəndaşlar qarşısında məğlub oldu. Bu məğlubiyyət sonralar da həmin ordunun qoruduğu nəhəng imperiyanın da süqutunda həlledici və əhəmiyyətli rol oynadı”.

Nazir müavini hadisənin səhəri günü ümummilli lideri Heydər Əliyevin çox böyük cəsarət göstərərək Moskvadakı Azərbaycan səfirliyinə gedərək sovet ordusunun törətdiyi amansız qətliama ilk siyasi qiymət verdiyini söyləyib. O, nazirliyin ölkənin müdafiəsi və Konstitusiya quruluşu uğrunda qurban gedən hər bir övladının, o cümlədən 20 Yanvar şəhidlərinə və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan da danışıb.

“Hər bir xalqın həyatında unudulmaz və tarixi gün olur. İllər ötüb keçsə də, zaman ötsə də, həmin günün xalqımızın yaddaşında heç vaxt silinməyəcək qəhrəmanlıq və mübarizə tarixinə çevrilib”, - deyə çıxış edən Milli Məclisin deputatı Musa Quliyev müqəddəs yolda qurban gedənlərin xatirəsinin həmişə əziz tutulacağını söyləyib. Ulu öndər Heydər Əliyevin həmin hadisələrə verdiyi hüquqi, siyasi, əxlaqi və mənəvi qiyməti yüksək dəyərləndirən deputat həmin hadisələrə aparan yolu, azadlığa qovuşmaq uğrunda xalqımızın nümayiş etdirdiyi mübarizə əzmini, eyni zamanda, həmin hadisələrin ibrət dərsini xatırladıb.

20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə qeyd edib ki, şəhidlərin qanı ilə başlanan cığır sonradan müqəddəs yola və istiqlal yolunun bələdçisinə çevrilib. Müstəqilliyə qovuşduğumuz üçün biz canını bu yolda qurban verən Vətən övladlarına borcluyuq, çünki tarixin bu dərsi xalqımızın gələcək həyatında ibrətli bir rol oynayıb.

Yazıçı-publisist, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər 90-cı ilin yanvarında Bakıda baş verən hadisələrin ədalətsizliyə dözməyən xalqın mətanət və iradəsinin nümayişinə çevrildiyini bildirib. Özünün qələmə aldığı gündəlik və üzləşdiyi mənzərələr, eləcə də kitabın yazılması prosesində rast gəldiyi hadisələr barədə xatirələrini bölüşən yazıçı-publisist çıxışını belə yekunlaşdırıb: “Yeni ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya yaşı tamam olan hər bir vətəndaşın ünvanına və ya telefonuna mesaj göndərərək bu barədə onu xəbərdar edir. Mən arzu edirəm ki, lap yaxın vaxtlarda həmin hadisələrdə şəhid olanların ailə üzvlərinə, 20 Yanvar gecəsinin şahidlərinin ünvanlarına şəhidlərin qanının yerdə qalmadığı və torpaqlarımızın düşmən işğalından azad olunduğu barədə xoş müjdəli xəbər göndərəsiniz”.

Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev qanlı şənbə gecəsini xatırlayaraq özünün şahid olduğu hadisələrdən danışıb və dünyanın ən şirin nemətlərindən biri olan müstəqilliyi qorumağa çağırıb: “İllər bizi həmin hadisələrdən uzaqlaşdırsa da, yenə də günahsız qurbanların gülləyə tuş gələn taleyinə acıyırıq, qəlbimiz qan ağlayır, gözümüzdə yaş gilələnir. Amma xalqımız müstəqilliyinə qovuşduğuna, onların arzularının çiçək açdığına görə həm də təsəlli tapırıq”.



Әlaqәli Xәbәrlәr